Accessibility links

Oqtay Gülalıyev: 2017-ci il insan hüquqları üçün gərgin olacaq [Video-müsahibə]


Oqtay Gülalıyev: 2017-ci il insan hüquqları üçün gərgin olacaq
please wait

No media source currently available

0:00 0:07:00 0:00

Oqtay Gülalıyev: 2017-ci il insan hüquqları üçün gərgin olacaq

Hüquq müdafiəçisi Amerikanın Səsinə müsahibəsində siyasi məhbus problemindən danışıb

“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının rəhbəri Oqtay Gülalıyev Amerikanın Səsinə müsahibəsində Azərbaycanda siyasi məhbus problemi və insan hüquqlarının mövcud durumundan danışıb.

Amerikanın Səsi: 2016-cı ildə hüquq müdafiəçiləri Azərbaycanda siyasi məhbusların sayı ilə bağlı ümumi razılığa gələ bilmədilər. Sizin təşkilat kimləri siyasi məhbus sayır və hazırda onların sayı nə qədərdir?

Hal-hazırda 160 nəfər siyasi məhbus var. Amma, düşünürəm ki, siyasi məhbusların sayı ölkədə daha çoxdur.

Oqtay Gülalıyev: Biz Azərbaycanda siyasi məhbusların sayını, mövcudluğunu Avropa Şurası Parlament Assambleyasının 3 oktyabr 2012-ci il tarixli 1900 saylı qətnaməsində nəzərdə tutulan kriteriyalara görə müəyyənləşdiririk. Ümumiyyətlə, siyasi məhbusların müəyyənləşməsi bu kriteriya ilə həyata keçirilir. Bu kriteriya əsasında bizim müəyyənləşdirdiyimiz siyahıda hal-hazırda 160 nəfər siyasi məhbus var. Amma, düşünürəm ki, siyasi məhbusların sayı ölkədə daha çoxdur. Bilirsiniz ki, bizim bu siyahı tanınmış hüquq müdafiəçiləri Leyla Yunus, Elşən Həsənov və mən tərəfindən birgə hazırlandı və ölkədə 40-dan çox tanınmış ictimai-siyasi fəal tərəfindən dəstəkləndi. Biz bu kriteriya ilə yanaşı eyni zamanda, siyasi məhbusların müəyyənləşməsində fərq qoymuruq. Onun dini baxışlarına, siyasi mənsubiyyətinə, -insanların hüquqları tapdalanıbsa, onlar şərlənib qanunsuz həbs olunublarsa və eyni zamanda bayaq qeyd etdiyim, məlum siyasi məhbus kriteriyasının tələbləri üst-üstə düşürsə, biz onu siyasi məhbus kimi tanıyırıq.

Amerikanın Səsi: Sizcə ölkədə siyasi məhbus problemini yaradan əsas səbəblər nədir? Ölkə bu problemdən necə xilas ola bilər?

2016-cı ildə Azərbaycanda siyasi məhbusların sayı əvvəlki illərlə müqayisədə iki dəfə artıb.

Oqtay Gülalıyev: Ən əvvəl onu qeyd edim ki, 2016-cı ildə Azərbaycanda siyasi məhbusların sayı əvvəlki illərlə müqayisədə iki dəfə artıb. Yəni, bunu qeyd etmək istəyirəm. Eyni zamanda, sualınızla bağlı bildirim ki, Azərbaycanda siyasi məhbusların mövcudluğu bu hakimiyyətin mahiyyəti ilə, varlığı ilə bağlıdır. Yəni hakimiyyət fərqli fikrə, tənqidə dözümsüzlük nümayiş etdirir. Hakimiyyət öz mövcudluğunu qorumaq üçün siyasi repressiyalar, həbslər həyata keçirir, ictimai-siyasi fəalları həbs etdirir. O baxımdan, mən hesab edirəm ki, ölkədə həbslərin aradan qaldırılması, qanunsuz həbslərin qarşısının alınması, ictimai-siyasi fəalların həbs olunmaması üçün hakimiyyətin mahiyyəti dəyişməlidir. Hakimiyyətin vətəndaş cəmiyyətinə münasibəti dəyişməlidir və ölkədə siyasi islahatlar həyata keçirilməlidir.

Amerikanın Səsi: Bir sıra aparıcı QHT-lər 2014-cü ildən başlayaraq istintaqa cəlb edildi, fəallar həbs olundu. Vətəndaş cəmiyyətinin və onun fəallarının faəliyyətinə qarşı yönəlmiş addımların bugünkü nəticələrini necə xarakterizə edərdiniz?

Biz istəyiriksə ki, vətəndaş cəmiyyəti və xüsusən QHT-lərin durumu, vəziyyəti yaxşılaşsın, ilk öncə onlara baxış dəyişməlidir, hakimiyyətin münasibəti dəyişməlidir və həmçinin son illər “QHT-lər haqqında” qanunvericiliyə edilmiş məhdudlaşdırıcı addımlar aradan qaldırılmalıdır.

Oqtay Gülalıyev: Həqiqətən, sizin dediyiniz kimi 2014-cü ildən başlayaraq bir çox ictimai-siyasi fəallar haqqında cinayət işi qaldırıldı, onlar həbs olundu və digər məhdudlaşdırıcı hərəkətlər həyata keçirildi. Düzdür, həmin illərlə müqayisədə artıq onların bir çoxu həbsdən buraxılıb, cinayət işlərinə xitam verilib və digər məhdudiyyətlər aradan qaldırılıb. Amma, bu tam deyil. Hələ də bir sıra vətəndaş cəmiyyəti fəalları üzərində açıq cinayət işləri var, onların ölkədən çıxışı qadağandır və digər təzyiqlər davam edir. Ümumilikdə götürəndə, zahiri baxımdan görünə bilər ki, guya vəziyyət yaxşılaşıb. Amma, vəziyyət heç də yaxşılaşmayıb. Yəni, bu gün ölkədə yenə həmin problemlər qalmaqdadır. QHT-lər haqqında qanunvericiliyə edilmiş son məhdudlaşdırıcı əlavə və düzəlişlər qüvvədədir, QHT-lərin bank hesabları üzərindən həbslər tam götürülməyib, donorlara çıxış məhdud olaraq qalır. Ölkədən xarici donorlar demək olar ki, çıxarılıb və onların fəaliyyət göstərməsi üşün heç bir şərait yoxdur. Yəni, durum bu səviyyədədir. Hesab edirəm ki, bu sahədə də əgər, biz istəyiriksə ki, vətəndaş cəmiyyəti və xüsusən QHT-lərin durumu, vəziyyəti yaxşılaşsın, ilk öncə onlara baxış dəyişməlidir, hakimiyyətin münasibəti dəyişməlidir və həmçinin son illər “QHT-lər haqqında” qanunvericiliyə edilmiş məhdudlaşdırıcı addımlar aradan qaldırılmalıdır. Digər tərəfdən, donorların fəaliyyətini tənzimləyən qanunvericilik aktları təkmilləşməlidir, qeydiyyat proseduru sadələşdirilməlidir və bu sahədə çox yaxşı olardı “vahid pəncərə” sistemi tətbiq edilsin, şəffaflıq və hesabatlılıq təmin olunsun.

Amerikanın Səsi: 2017-ci ili insan hüquqları baxımından necə proqnozlaşdırırsınız? Bu sahədə inkişaflar qeydə alına bilərmi?

2017-ci il gərgin il olacaq və son zamanlar hakimiyyətin bu istiqamətdə atdığı bəzi addımlar da, xüsusən bir cümlə sözə görə, Qiyas İbrahimov və Bayram Məmmədova 10 il qanunsuz həbs cəzası verilməsi, “Nardaran işi” ilə bağlı məhkəmələrin fantastik cəza istəməsi və Cəbrayıl rayonundan olan məcburi köçkünlərin (5 nəfərin) qanunsuz olaraq həbs olunması, onların ifadə və sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması, eyni zamanda bu il bir sıra maraqlı və gündəmi zəbt edən məhkəmə prosesləri keçiriləcək.

Oqtay Gülalıyev: 2017-ci il Azərbaycanın özü üçün çox çətin il kimi gözlənilir. Çünki, manatın dəyərdən düşməsi ilə paralel olaraq ölkədə iqtisadi-sosial problemlər artıb, siyasi gərginlik artıb, xalqın hakimiyyətdən narazılığı güclənib. Azərbaycanda avtoritar hakimiyyət mövcud olduğu üçün hakimiyyət öz mövcudluğunu qorumaq xatirinə məcbur olacaq ki, siyasi təzyiqləri gücləndirsin. O baxımdan, düşünürəm ki, 2017-ci il gərgin il olacaq və son zamanlar, son günlər hakimiyyətin bu istiqamətdə atdığı bəzi addımlar da, xüsusən bir cümlə sözə görə, Qiyas İbrahimov və Bayram Məmmədova 10 il qanunsuz həbs cəzası verilməsi, “Nardaran işi” ilə bağlı məhkəmələrin fantastik cəza istəməsi və Cəbrayıl rayonundan olan məcburi köçkünlərin (5 nəfərin) qanunsuz olaraq həbs olunması, onların ifadə və sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması, eyni zamanda bu il bir sıra maraqlı və gündəmi zəbt edən məhkəmə prosesləri keçiriləcək. Artıq onların bəziləri başlayıb. Xüsusən, “MTN işi”, “Rabitə işi” və eyni zamanda digər qrup olan “Nardaran işi” ilə bağlı bir sıra məhkəmələr davam edəcək. Bütün bunlar həm ölkədə siyasi gərginliyin məhkəmə müstəvisində davam etməsini göstərəcək, həm də düşünürəm ki, əvvəlki məhkəmələrdən fərqli olaraq hakimiyyətin bir daha yarıtmaz siyasətinin, repressiyasının, insanlara bəslədiyi qanunsuz və qeyri-adekvat münasibətlərinin ifşa olunması kimi xarakterizə olunacaq. Biz bunları yəqin ki, bu il də yaşayacağıq. Eyni zamanda, sosial gərginliklərin də artacağını düşünürəm. Bayaq da qeyd etdim. Ölkədəki ümumi vəziyyət, hakimiyyətin apardığı yarıtmaz sosial-iqtisadi siyasət bütün bunları deməyə əsas verir. Bütünlükdə, 2017-ci il gərgin olacaq. Eyni zamanda, mənə elə gəlir ki, bu il Azərbaycanda ictimai-siyasi proseslərin durulması və növbəti mərhələyə hazırlanması baxımından da çox əlamətdar bir il kimi tariximizə düşə bilər.

Qeyd: Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olmadığını bildirir. Ölkə rəhbərlərinin fikrinə görə, insanlar qanun qarşısında bərabərdir və heç kim fikrinə görə məsuliyyətə cəlb olunmur.

Ölkə başçısı da bir qayda olaraq Azərbaycanda insanların bütün fundamental hüquqlarının, o cümlədən toplaşmaq, ifadə, media azadlığının tam təmin edildiyini bəyan edir.

Bununla yanaşı, beynəlxalq təşkilatlar Azərbaycanda insan hüquq və azadlıqlarının pozulması ilə bağlı mütəmadi olaraq bəyanatlarla çıxış edir. Eyni zamanda, Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanda insanların hüquqlarının pozulması ilə bağlı çoxsaylı şikayətləri təmin edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG