Accessibility links

Həmməruzəçilər Azərbaycana səfərləri ilə bağlı bəyanat yayıb


Azərbaycanda səfərdə olan AŞPA həmməruzəçiləri Bakıda nələrdən danışıblar?

Azərbaycanda səfərdə olan AŞPA həmməruzəçiləri Bakıda nələrdən danışıblar?

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Sezar Florin Preda yanvarın 12-dən 14-dək Azərbaycana faktaraşdırıcı səfərləri ilə bağlı bəyanat yayıblar.

AŞPA-nın saytının məlumatına görə, bəyanatda bildirilir ki, islahatlar prosesinə yeni impuls vermək, xüsusilə məhkəmə, media azadlığı, insan haqları və QHT-lərlə bağlı qanunvericilik sistemində hakimiyyətlə dialoqa təkan vermək son dərəcə vacibdir: “Biz Azərbaycan hökuməti və vətəndaşlarla bu islahatları müəyyənləşdirmək və həyata keçirmək sahəsində əməkdaşlıq etməyə hazırıq”.

Həmməruzəçilər bəyanatda Azərbaycana səfərləri zamanı ölkədə insan haqlarına hörmət, həmçinin “Amnesty İnternational” təşkilatının "vicdan məhbusları" ilə bağlı siyahısına əsasən “siyasi məhbuslar” adlanan şəxslərin vəziyyəti ilə bağlı müzakirələr apardıqlarını qeyd ediblər.

Onlar Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının tam icrasının vacibliyini qeyd ediblər.

Bəyanatda vurğulanır ki, Azərbaycana son səfərləri zamanı internet və sosial medianın inkişafı, o cümlədən internet mediada fikir azadlığının təmin olunması mövzuları da müzakirə edilib.

Həmməruzəçilər son vaxtlar bir neçə gənc blogerin həbsindən narahatlıqlarını ifadə ediblər.

Bəyanatda o da qeyd olunur ki, səfər zamanı onlar həbsxanada İlqar Məmmədov, İlkin Rüstəmzadə, Seymur Həziyev və Səid Dadaşbəyli ilə görüşüblər.

Həmməruzəçilər həmçinin Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri, bloger Mehman Hüseynovun pis rəftara məruz qalması ilə bağlı narahatlığını ifadə ediblər.

Onlar hakimiyyətin baş verənlərin araşdırılması və məsul olan şəxslərin məsulliyyətə cəlb olunması ilə bağlı fikirlərini alqışladığını qeyd ediblər.

“Biz israr edirik ki, hakimiyyət istintaqı şəffaf və səmərəli aparmalıdır”, həmməruzəçilər bildirir.

Həmməruzəçilər səfərlə bağlı informasiya qeydlərini Monitorinq Komitəsinin qarşıdan gələn iclasında təqdim edəcəklər.

XS
SM
MD
LG