Accessibility links

RF XİN-in məlumatına görə, görüş Moskvada keçirilib

Rusiya Federasiyası və Ermənistan XİN başçıları Sergey Lavrov və Edvard Nalbandyan yanvarın 19-da Dağlıq Qarabağ nizamlanması məsələlərini müzakirə ediblər.

RF XİN-in məlumatına görə, görüş Moskvada keçirilib.

"Dağlıq Qarabağ nizamlanması məsələsi, o cümlədən Vyana və Sankt-Peterburq sammitlərində əldə olunmuş razılaşmaların həyata keçirilməsi məsələləri müzakirə olunub", deyə məlumatda bildirilir.

Bundan başqa, bildirilir ki, nazirlər Rusiya-Ermənistan ittifaq əlaqələrinin inkişafı ilə bağlı aktual mövzulara baxıblar, RF və Ermənistan prezidentləri arasında əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə, Moskvada yanvarın 24-də keçiriləcək iki ölkənin hökumət başçılarının danışıqlarına hazırlığa xüsusi diqqət yetiriblər.

Bir müddət əvvəl Lavrov 2016-cı ilin yekunlarına həsr olunmuş mətbuat konfransında çıxış edərkən bildirib ki, Dağlıq Qarabağ zonasında insidentlərin araşdırılması mexanizminin tətbiqi və müşahidəçilərin sayının artırılması üzrə razılaşmalar indiyədək həyata keçirilməyib. O, həmçinin qeyd edib ki, Qarabağ nizamlanması Azərbaycanın daxili işi deyil.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Münaqişə nəticəsində Azərbaycanın BMT tərəfindən tanınan ərazilərinin 20 faizinədək hissəsi ermənilərin nəzarətinə keçib.

1994-cü ilin mayında tərəflər atəşkəs barədə saziş imzalayıb. 2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa edilib. Döyüşlər zamanı tərəflər onlarla itki verib, çoxsaylı mülki yaşayış evləri, obyektlər dağıdılıb. Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə tərəflər hərbi əməliyyatları dayandırıb. Hərbi əməliyyatlar dayandırıldıqdan sonra Azərbaycan və Ermənistan prezidenləri ABŞ-ın təşəbbüsü ilə Vyanada, Rusiyanın təşəbbüsü ilə Sankt-Peterburqda görüşüb. Buna baxmayaraq, münaqişənin danışıqlar yolu ilə nizamlanması istiqamətində müsbət irəliləyişlə bağlı hər hansı açıqlama olmayıb.

Münaqişənin dinc yolla nizamlanmasında vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri (ABŞ, Rusiya, Fransa) hazırki status-kvonun qəbuledilməz olması ilə bağlı dəfələrlə bəyanatlarla çıxış edib.

XS
SM
MD
LG