Accessibility links

Penitensiar Xidmət cəzaçəkmə müəssisəsinə qoşun yeridilməsini təkzib edir


1 saylı cəzaçəkmə müəssisəsi (Foto Trend)

Azərbaycan Ədliyyə Nazirliyinin Penitensiar Xidməti 1 saylı ciddi rejimli Cəzaçəkmə Müəssisəsinə qoşun yeridilməsi ilə bağlı yayılan məlumatları təkzib edib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov deyib ki, 1 saylı müəssisədə belə bir hadisə olmayıb.

AzadlıqRadiosu məhkumların yaxınlarına istnadən məlumat verib ki, yanvarın 22-də həbsxanaya qoşun yeridilib, heç kimə görüşə icazə verilməyib, məhkumlar döyülüb.

Məhkumların yaxınlarından biri: “Birdən qara maskalılar, əsgərlər doluşdular 1 saylı həbsxanaya. Hamımızı çölə çıxardılar. Bu həbsxanada məhbuslar bahalığa etiraz ediblər və buna görə daxili qoşun əsgərləri və qara maskalılar yeridilib. Məhbusları döyüblər, hətta “dubinka”larda qan izləri görən olub. Bir qrup məhbusu da qara maskalılar maşınlara doldurub harasa apardılar. Biz indi burada dayanmışıq, vəziyyət bir qədər sakitləşib. Məhbuslar deyir ki, içəridə çox bahalıqdır. Misal üçün, çöldə 1 manat 10 qəpik olan siqaret içəridə 1 manat 80 qəpikdir. Bundan başqa həbsxananın yeməkxanasında "perlovı"dan başqa heç nə verilmir. Buna etiraz ediblər, onların etirazına da belə zorla cavab verilib”.

Öz növbəsində Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatı 1 saylı Cəzaçəkmə Müəssisəsi ilə bağlı mətbuatda yayılan məlumatlara münasibət bildirib.

Onlar bu məsələ ilə bağlı araşdırma aparılıdığını bildiriblər.

Azərbaycandakı çəzaçəkmə yerlərində ərzağın bir neçə dəfə baha satılmasıyla bağlı yerli hüquq müdafiəçiləri də daha öncə məlumat yayıblar. Cəzasını çəkib çıxan keçmiş məhbuslar da həbsxanalardakı bahalığın adi hal olduğunu deyir. Azərbaycan rəsmi orqanları isə deyilənlərlə bağlı hər hansı rəsmi açıqlama verməyib.

Qeyd edək ki ötən ilin oktyabrında yerli media Penitensiar Xidmətinin tabeçiliyində olan 13, 6 saylı cəzaçəkmə müəssisələrində və Bakı İstintaq Təcridxanasında iğtişaşların baş verməsi barədə məlumatlar yaymışdı. Rəsmlər isə bu məlumatları təkzib ediblər.

XS
SM
MD
LG