Accessibility links

Lalə Əmirova: Faiqin ev dustaqlığına buraxılmasını istəyirəm, səhhətindən çox narahatam


Lalə Əmirova və Faiq Əmirli (Foto Lalə Əmirlinin Facebook səhifəsindən götürülüb)

Lalə Əmirova və Faiq Əmirli (Foto Lalə Əmirlinin Facebook səhifəsindən götürülüb)

Vəkil ev dustaqlığı ilə bağlı məhkəməyə vəsatət verib

AXCP sədrinin köməkçisi, "Azadlıq" qəzetinin yayım direktoru Faiq Əmirlinin səhhəti getdikcə pisləşir.

Bu barədə Faiq Əmirlinin həyat yoldaşı Lalə Əmirova Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə ki, bir az əvvəl Faiq Əmirov evə zəng vuraraq səhhətinin ağırlaşdığını, əsasən sol ayağında, öd kisəsinə ciddi qalınlaşma olduğunu qeyd edib.

Lalə Əmirova Faiq Əmirlinin ev dustaqlığına buraxılmasını istəyir.

Onun sözlərinə görə 2 həftə əvvəl ondan analiz götürülməsinə baxmayaraq, heç bir ciddi müayinə aparılmır.

“Sabah onunla yenidən görüşəcəm. Faiqin vəziyyəti yaxşı deyil və mən çox narahatam” deyə o bildirib.

Öz növbəsində Faiq Əmirlinin vəkili Aqil Layıc onun həbsdən ev dustaqlığına buraxılması ilə bağlı fevralın 6-da Nəsimi Rayon Məhkəməsinə vəsatət verilib.

Vəkil deyib ki, F.Əmirlinin səhhəti hər gün pisləşir. "Onun durumundan prokurorluq da xəbərsiz deyil. Ümid edirəm ki, onu bu dəfə evə buraxacaqlar", – vəkil bildirib.

Bir aya yaxındır F.Əmirlinin səhhətində problemlər yarandığı bildirilir. Ötən həftə onun müalicəsinin səmərə vermədiyi, yemək yeyəndə qaytardığı açıqlanmışdı.

Bununla bağlı hələlik Ədliyyə Nazirliyinin Penityensiar xidmətindən şərh almaq mümkün olmayıb.

İbtidai istintaq hərəkətlərinə gəldikdə isə vəkil bununla bağlı heç bir hərəkətlər aparılmadığını deyib.

F.Əmirli ötən il avqustun 20-da saxlanıb. Avqustun 22-də Nəsimi rayon Məhkəməsi onun haqqında 3 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar vermişdi. Sonradan onun həbs müddəti yenidən artırılıb. O, Cinayət Məcəlləsinin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. İstintaq orqanı onu ABŞ-da yaşayan Fətullah Gülən tərəfdarlarının "Hizmet" hərəkatının imamı kimi təqdim edib.

AXCP isə F.Əmirlinin həbsini siyasi sifariş sayır, hakimiyyətin bununla rəqiblərini sıradan çıxarmağa çalışdığını bildirir.

F.Əmirlinin həbsindən bir müddət sonra "Azadlıq" qəzetinin çapı da dayanıb.

Türkiyə rəsmiləri Fətullah Güləni ötən il iyulun 15-də bu ölkədə baş verən çevriliş cəhdini himayə etməkdə günahlandırırlar. Onun özü isə bu iddiaları rədd edib.

XS
SM
MD
LG