Accessibility links

Vəkil deyir ki, bu problemlər işgəncələrin nəticəsidir

"Respublikaçı Alternativ" hərəkatının fəalı, fevralın 20-də həbs olunan Rahim Şalıyevin başının sol hissəsində deformasiya yaranıb. Gənc fəalın durumu o qədər pis olub ki, Sumqayıt Şəhər Polis İdarəsinin (Sumqayıt ŞPİ-nin) müvəqqəti saxlama təcridxanasına təcili tibbi yardım çağrılıb.

Bu barədə Azadlıq Radiosuna Rahim Şalıyevin vəkili Yalçın İmanov məlumat verib.

O deyir ki, Şalıyevin səhhətində yaranmış ciddi problemlər həbs olunarkən, Sumqayıt Şəhər Polis İdarəsində məruz qaldığı işgəncələrin nəticəsidir.

REAL-çı fəalın işgəncələr haqda vəkilinə danışdıqları mətbuatda yayılandan sonra fevralın 23-də Ombudsman Aparatının əməkdaşları təcridxanada ona baş çəkiblər. Rahim Şalıyev Sumqayıt ŞPİ-də işgəncələrə məruz qaldığını onlara da bildirib.

Bu gün -fevralın 25-də Rahim Şalıyevlə görüşən vəkil Yalçın İmanov deyir:

"Onun baş nahiyəsində kəskin ağrılar olduğundan, təcili tibbi yardım çağrılıb. Müayinə zamanı məlum olub ki, başının sol hissəsində - döyülmə nəticəsində deformasiya yaranıb. Hətta əllə toxunanda da bu deformasiya açıq-aşkar hiss olunur. Rahim Şalıyev bildirdi ki, təcili tibbi yardımın həkimləri ona effektiv yardım təklif edə bilməyəcəklərini, yalnız ağrıkəsici iynə vura biləcəklərini deyiblər. O, bunun effektiv müalicə olmadığını bildirərək, ağrıkəsici iynədən imtina edib".

Vəkilin sözlərinə görə, hazırda Rahim Şalıyevin başındakı ağrılarla yanaşı, ciddi eşitmə problemi də var. O, təcili şəkildə keyfiyyətli və ixtisaslı həkim müayinəsindən keçməlidir.

Rahim Şalıyev fevralın 20-də Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs cəzası alıb. Qərarda yazılıb ki, Şalıyev küçədə telefonla danışarkən söyüş söyüb, onu intizama dəvət edən polislərə müqavimət göstərib.

Rahim Şalıyev bu suçlamanın yalan olduğunu, polislərin onu gəlib evdən apardığını, "Facebook"dakı paylaşımlarına və siyasi baxışlarına görə cəzalandırıldığını bildirir. Gənc fəal vəkilinə Sumqayıt Şəhər Polis İdarəsində işgəncələrə məruz qaldığını, başına zərbələr aldığını söyləyib.

XS
SM
MD
LG