Fevralın 27-də Müsavat Partiyasının başqanı Arif Hacılı, Müsavat Partiyasının keçmiş rəhbəri, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər və fevralın 25-də bu partiyanın mərkəzi icra aparatının rəhbəri Gülağa Aslanlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində şahid qismində dindirilib. Partiya rəəhbərlləri saxta sənədlərlə xarici ölkələrə mühacirət faktı üzrə qaldırılmış cinayət işi üzrə dindirildiyini bildirib. Onların hər biri prokurorluqda iki saatdan çox sorğu-sual edilib.
Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib ki, qaldırılan cinayət işi partiyaya qarşı təzyiqin nümayişidir.
“Əslində məni, İsa Qəmbəri və Gülağa Aslanlını prokurorluğa çağırıb dindirməklə Azərbaycan cəmiyyətinə mesaj ünvanlayırar. Burada söhbət hansısa cinayət işinin araşdırılmasından daha çox siyasi müxalifətə təzyiq edilməsindən gedir. Eyni zamanda, Azərbaycan hakimiyyətini Müsavat Avropa Koordinasiya Mərkəsinin fəaliyyəti çox narahat edir. Orada keçirilən aksiyalar, aksiyalardakı çağırışlar, siyasi məhbusların azadlığa buraxılması tələbləri hakimiyyəti narahat edir. Bizim istintaqa çağırılmağımıza həm Müsavat Partiyasının buradakı, eyni zamanda Avropa Koordunasiya Mərkəzinin fəaliyyətini zəiflətməyə çalışırlar”, o qeyd edib.
Müsavat başqanının sözlərinə görə, cinayət işində Müsavat Avropa Koordinasiya Mərkəzinin rəhbərlərinin və fəallarının adı keçir.
Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər bildirib ki, mühacirətə getməklə bağlı müəyyən saxta sənəd şəbəkəsi var. Bu aydınlaşsa yaxşı olar.
“Bu şəbəkənin ifşasında biz də maraqlıyıq. Əgər, prokurorluq orqanları iddia etdikləri kimi, saxta sənədləri ifşa edəcəklərsə, bu, çox gözəl. Amma bəzi sualların qoyuluşundan, bəzi yanaşmalardan məsələnin mahiyyətini ifşa eləmək əvəzinə Müsavat Partiyasına müəyyən təzyiq etmək cəhdləri hiss olunur. Görünür, hakimiyyət Müsavat Partiyasının ölkədə və dünyada fəallaşmasından, müəyyən aksiyalar keçirməsindən narahat olub”.
İsa Qəmbər deyib ki, cinayət işindəki tərcümeyi-halında yazılıb ki, o, 1988-ci ildən siyasətlə məşğuldur.
“Müstəntiqə dedim ki, 1988-ci ildən ifadə verirəm. Yəni, heç bir problemi yoxdur”, o qeyd edib.
Fevralın 25-də isə Müsavat Partiyası mərkəzi icra aparatının rəhbəri Gülağa Aslanlı prokurorluqda ifadə verib.
“Prokurorluq iddia edir ki, kimlərsə saxta sənədlərlə mühacir statusu alır və buna görə Müsavat Partiyasını da təqsirləndirmək istəyirlər”, o qeyd edib.
Onun sözlərinə görə, 2015-ci ildə bu məsələ qaldırılanda məhkəməyə müraciət ediblər və məhkəmə partiyanın xeyrinə qərar çıxarıb.
Müsavatın keçmiş və indiki rəhbərlərinin prokurorluğa çağırılmaları Avropa Koordinasiya Mərkəzinin bu il fevralın 18-də Almaniyada “Qarabağa və siyasi məhbuslara azadlıq!” şüarı ilə keçirdiyi aksiyadan sonraya təsadüf edir.
Müsavat Partiyasının Avropa Koordinasiya Mərkəzi 2015-ci ildə Almaniyada təsis edilib və 2016-cı ildə qeydiyyata alınıb.