Accessibility links

Minsk Qrupu həlak olanların cəsədlərinin çıxarılmasına imkan yaratmağa çağırır


ATƏT

ATƏT-in Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Riçard Hogland (ABŞ) həlak olanların cəsədlərinin çıxarılmasını təmin etməyə çağırıb. Bu barədə fevralın 26-da ATƏT-in mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

"ATƏT-in MQ həmsədrlərinin Ermənistan və Azərbaycan müdafiə nazirliklərindən, habelə digər mənbələrdən əldə etdikləri məlumata görə, fevralın 25-də səhər tezdən təmas xəttində atəşkəs rejimi ciddi şəkildə pozulub, bu da insan tələfatına səbəb olub. Bəzi cəsədlər neytral ərazilərdə qalıb", sənəddə bildirilir. Tərəflər gərginlikdə bir-birini ittiham edirlər.

Həmsədrlər tərəfləri təmas xətti yaxınlığında yerləşdirilmiş ağır hərbi texnikanı əvvəlki mövqelərə qaytarmağa və fevralın 25-də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi, səfir Andjey Kaspşikin vasitəçiliyi ilə razılaşdırıldığı kimi, cəsədlərin təxliyəsini təmin etməyə çağırır.

Həmsədrlər həmçinin tərəflərə bütün öhdəliklərini yerinə yetirməsi - güc tətbiqindən yayınması zərurətini xatırladır, ATƏT-in Minsk Qrupu həmsədrlərinin bəyanatında bildirilir.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, fevralın 25-nə keçən gecə eyni zamanda iki istiqamətdə - Xocavənd və Füzuli istiqamətində ermənilər Azərbaycan mövqelərinə hücum etməyə cəhd edib.

Azərbaycan ordusunun cavab tədbirləri nəticəsində erməni birləşmələri geri çəkilib.

Bir neçə Azərbaycan hərbiçisinin cəsədi neytral ərazidə qalıb.

XS
SM
MD
LG