Accessibility links

Beynəlxalq təşkilatlar Azərbaycanın EITI-dən kənarlaşdırılmasını tələb edir


21 beynəlxalq təşkilat

21 beynəlxalq təşkilat

"Azərbaycanda islahatlar aparılmır, proqres yoxdur və Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (EITI) beynəlxalq koalisiyası Azərbaycanı quruma üzvlükdən kənarlaşdırmalıdır".

21 beynəlxalq təşkilatın, o cümlədən, "Human Rights Watch", "ARTICLE 19", "International Media Support"un birgə bəyanatında belə deyilir.

Martın 8-i və 9-da EITI-nin İdarə Heyətinin Kolumbiyada keçiriləcək toplantısında Azərbaycanın məsələsinə baxılmalıdır.

Toplantıda Azərbaycanın qurumun tələblərinə hansı səviyyədə əməl etdiyi - vətəndaş cəmiyyətinə basqıları azaltmaq yönündə cəhdləri müzakirə ediləcək.

"Azərbaycan hökuməti EITI-nin islahat tələblərinə məhəl qoymur, vətəndaş cəmiyyəti ardıcıl şəkildə məhv edilməkdədir. EITI bütün hesabatları və xəbərdarlıqları nəzərə alaraq, Azərbaycanın koalisiyada iştirakını dayandırmalı, hökumət ciddi və davamlı addımlar atana kimi, qeyri-hökumət təşkilatlarının azad fəaliyyətini təmin edənə qədər bərpa etməməlidir". Bunu "Human Rights Watch"un Qafqaz üzrə direktoru Giorgi Gogia deyib.

Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (EITI) beynəlxalq koalisiyası hökumət, vətəndaş cəmiyyəti və mədən şirkətlərini bir araya gətirərək neft ölkələrinin daha yaxşı idarə olunmasını, bunun üçün neft, qaz və digər yataqlardan istifadəylə bağlı açıq müzakirələri təbliğ edir. Təşkilata üzv ölkələrin vətəndaş cəmiyyətinin inkişafına şərait yaratması, ictimai müzakirələri önləyə biləcək fəaliyyətlərdən çəkinməsi tələb edilir.

Azərbaycan EITI-yə 2003-cü ildən qoşulub. 2015-ci ildə Azərbaycanda vətəndaş cəmiyyətinin durumuyla bağlı hesabat və çağırışlardan sonra ölkənin qurumdakı statusu tam üzvlükdən namizədliyə qədər azaldılıb. 2016-cı ildə də EITI Azərbaycanın statusunu dəyişməkdən imtina edib və ölkədə insan haqlarıyla bağlı durumu inkişaf etdirmək, QHT-lərin fəaliyyətinə şərait yaratmaq, onların qeydiyyat qaydalarını asanlaşdırmaq, bürokratik əngəlləri aradan qaldırmaq, xarici donorlardan yardım almasına imkan verəcək islahatlar aparılmasını istəyib. Bu tələblərin yerinə yetirilməsi üçün təşkilat Azərbaycana 4 ay, yəni martadək vaxt verib.

İmza müəlliflərindən biri, "ARTICLE 19"un Avropa və Mərkəzi Asiya üzrə direktoru Katie Morris deyib ki, EITI-yə olan etimad öhdəliklərinə əməl etməyən Azərbaycanın qurumdan kənarlaşdırılmasını tələb edir.

Beynəlxalq insan haqları təşkilatları Azərbaycanda söz azadlığının pozulduğunu, hökumətdən şəffaflıq tələb edən siyasi fəalların basqı və nəzarət altında saxlandığını, vətəndaş cəmiyyətlərinin ictimai müzakirələrdən uzaq tutulduğunu deyirlər. Hökumət bütün bu ittihamları rədd edir, ölkədə təməl hüquq və azadlıqların tam təmin olduğunu bildirir.

Beynəlxalq təşkilatların imzaladığı məktub fevralın 10-da EITI-yə göndərilib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG