Accessibility links

ABŞ səfiri cənub bölgəsinə səfər edib


Robert Sekuta Masallı, Lənkəran və Astara rayonlarında olacaq

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta və xanımı Ənn Sekuta ABŞ səfirliyi tərəfindən Beynəlxalq Qadınlar Gününün tanınması çərçivəsində cənub rayonlarına səfər edib.

Səfir Sekuta və xanımı martın 9-da Masallıda qadın sahibkarlarlarla görüşüb.

ABŞ səfirliyinin məlumatına görə, səfir və xanımı səfər çərçivəsində ABŞ hökumətinin Azərbaycanın cənub bölgəsində qadınların hüquq və imkanlarının genişləndirilməsi və iqtisadi şaxələndirməni dəstəklədiyini vurğulamaq məqsədilə Masallı (Bakıdan 236 kilometr cənub), Lənkəran (Bakıdan 272 kilometr cənub) və Astara (Bakıdan 317 kilometr cənub) rayonlarında olacaq.

Masallı rayonunda səfir və xanımı qadın sahibkarlığını təbliğ edən Qadın Resurs Mərkəzini (QRM), gənclərin iş bacarıqları üzrə təlim və məşğulluq sahəsində şəbəkənin yaradılması üzrə SYSLAB Təlim Mərkəzini ziyarət edib. QRM və SYSLAB Mərkəzi ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilir və Azərbaycan höküməti ilə tərəfdaşlıq çərçivəsində BMT-nin İnkişaf Proqramı (UNDP) tərəfindən idarə olunur.

Səfirlik bildirir ki, QRM yalnız Masallı rayonunda 500-dən çox qadın və onların ailələrinə dəstək göstərir. Bundan əlavə, xanım Sekuta qadınların qlobal problemlərini müzakirə etmək məqsədilə icmanın üzvləri ilə dəyirmi masa keçirib.

Səfir həmçinin Azərbaycan hökumətinin öz vətəndaşlarına müasir texnologiyalar vasitəsilə xidmət göstərdiyi və hal-hazırda SYSLAB Mərkəzinin məzunlarının çalışdığı ASAN Həyat Mərkəzinə baş çəkib. Səfir Robert Sekuta və xanımı Ənn Sekuta rayonda ABŞ-ın dəstəklədiyi fəaliyyət növlərini müzakirə etmək məqsədilə Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovla görüşüb.

Səfir və xanımı Lənkəranda Azərbaycanın Milli Parklarına səfər məqsədilə “Parklarda Gəzinti” təşəbbüsü çərçivəsində Hirkan Milli Parkına gedəcək. Onlar həmçinin dünya üzrə məşhur Azərbaycan çayının istehsalı haqqında daha çox öyrənmək üçün yerli çay plantasiyalarında olacaq.

Martın 10-da səfir və xanımı Astarada Gömrük postuna və Şimal-Cənub Tranzit Dəhlizinin bir hissəsi olan Azərbaycan və İran arasındakı yeni dəmiryol körpüsünə baş çəkəcək.

Səfir və xanımı tələbələrlə və Lənkəranın 4 saylı orta məktəbində Azərbaycan İngilis dili Müəllimləri Assosiasiyasının yerli üzvləri ilə görüşəcək.

1992-ci ildən etibarən ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) vasitəsi ilə Azərbaycanda məcburi köçkünlərə yardım, səhiyyənin, kənd təsərrüfatının, vətəndaş cəmiyyətinin, iqtisadi inkişafın, qadın sahibkarlığının inkişaf etdirilməsi məqsədilə 1.3 milyard dollardan çox vəsait xərcləyib.

XS
SM
MD
LG