Accessibility links

Ötən il oktyabrın 26-da EITI üzrə beynəlxalq rəhbər komitə Azərbaycana vətəndaş cəmiyyətinin problemlərini həll etməyə 6 ay vaxt vermişdi

Martın 9-da Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (EITI - The Extractive Industries Transparency Initiative) Beynəlxalq İdarə Heyətinin Boqoto toplantısında Azərbaycanın bu qurumda fəaliyyəti dayandırılıb.

Qurumun yaydığı bəyanatda bildirilir ki, http://resourcegovernance.org/news/statement-eiti-project-level-reporting-requirement-and-azerbaijan-suspension Azərbaycan qurumun Astana toplantısında qəbul etdiyi islahedici tədbirlər planını tam yerinə yetirməyib.

Ona görə də ölkənin təşkilatda fəaliyyəti dayandırılır.

Qərarda bu da qeyd olunur ki, Azərbaycanın islahedici hərəkətlər sahəsində tələbləri yerinə yetirib-yetirmədiyi məsələsinə bir daha 2017-ci il 26 iyul tarixindən başlanacaq üçüncü qiymətləndirmə çərçivəsində baxılacaq.

Sənəddə deyilir ki, bununla da Azərbaycana “vətəndaş cəmiyyəti mühitini yaxşılaşdırmaq… və təbii ehtiyatlardan cəmiyyətin nəfinə istifadənin idarə olunmasını təkmilləşdirmək imkanı” verilir.

“Bu yaxşılaşdırmlara nail olunmaması ölkənin təşəbbüs siyahısından tamamilə çıxarılmasına səbəb ola bilər” – deyilir qərarda.

Azərbaycanın qarşısında qoyulmuş tələblər EITI-nin son qərarında konkret olaraq xatırladılır.

“Azərbaycan vətəndaş cəmiyyəti üçün hüquqi və de facto mühiti yaratmalı və hərəkətə gətirməli idi...”

Sənəddə deyilir ki, bu mühitin yaradılması üçün vətəndaş cəmiyyəti təşkilatlarına maliyyələşməyə azad çıxış verilməli və açıq ictimai müzakirə şəraiti yaradılmalıdır.

“Təbii Sərvətlərin İdarə Edilməsi İnstitutu (NGRİ) məşvərət şurasının üzvü İlqar Məmmədov da daxil ədalətsiz olaraq həbs edilmiş, saxlanmış, mühakimə və məhkum edilmiş və və saxta ittihamlarla məhbus olunmuş şəxslərin azadlığa buraxılması kimi tədbirlər düzgün istiqamətdə atılmış mühüm addımlar hesab edilə bilər” – deyə sənəddə qeyd olunur.

Beləliklə, indi REAL hərəkatının lideri İlqar Məmmədovun azadlığa buraxılması Azərbaycana EITI üzvlüyündə qalmaq imkanı verəcək mühüm tələblərdən biridir.

Ermənistan EITI-yə üzv qəbul edilib. Qərar EITI-nin rəhbər komitəsinin bu gün, martın 9-da keçirilən toplantısında çıxarılıb.

Bu haqda komitənin üzvlərindən iqtisadçı Qubad İbadoğlu məlumat verib.

Onun sözlərinə görə, Azərbaycandan olan nümayəndələr müzakirələrdə yaxından iştirak ediblər.

“Ermənistanın təşkilata qəbulu ilə bağlı müzakirələr çox uzun çəkdi. Azərbaycan hökumətinin Boqotaya ezam olunan nümayəndəsi Şahmar Mövsümövla birlikdə beynəlxalq idarə heyətinin üzvləri arasında apardığımız işin nəticəsi olaraq demək olar ki, çıxış edənlərin hamısı Ermənistanın işğal etdiyi ərazilərdə hasilatla bağlı məlumatları onların açıqlayacağı MSŞT hesabatlarına daxil etməsinin əleyhinə oldular”.

Qubad İbadoğlunun dediyinə görə, müzakirələrin yekununda MSŞT-nin rəhbəri Fredrik Reinfeldt çıxış edərək qeyd edilənlər əsasında xüsusi olaraq ayrıca məktubla açıqlama verəcəyini bildirib.

Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (EITI) martın 8-dən 9-na kimi Azərbaycanın öhdəliklərini müzakirə edib.

Ötən il oktyabrın 26-da EITI üzrə beynəlxalq rəhbər komitə Azərbaycana vətəndaş cəmiyyətinin problemlərini həll etməyə 6 ay vaxt vermişdi. Ekspertlər hesab edirdi ki, əgər bu müddət ərzində vətəndaş cəmiyyətinin problemləri həllini tapmasa, Azərbaycanın təşəbbüsdəki statusu dayandırılacaq.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG