Accessibility links

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Fuad Əhmədlinin işi üzrə ibtidai istintaq yekunlaşıb.

Bu barədə vəkil Əsabəli Mustafayev bildirib.

Eyni zamanda, martın 10-da Bakı Apellyasiya Məhkəməsi Əhmədlinin həbs müddətinin uzadılması ilə bağlı şikayətini təmin etməyib. İclasdan sonra elan olunub ki, Əhmədlinin işi "Azadlıq" qəzetinin maliyyə direktoru Faiq Əmirovun işindən ayrılıb.

Fuad Əhmədli 2017-ci il avqustun 18-də saxlanılıb. Həmin vaxt Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluq bildirib ki, "Azerfon" MMC-nin "Call center"ində işləyən Əhmədli abunəçilərin şəxsi məlumatlarını üçüncü şəxslərə ötürürdü. Həmçinin, Əhmədlinin mənzilində axtarış zamanı türk ilahiyyatçı Fəthullah Gülənin və onun "Hizmet" Hərəkatının kitabları və çıxışları olan CD-lər aşkar olunduğu iddia olunurdu.

Maraqlıdır ki, Əhmədlinin işi digər AXCP fəalları Faiq Əmirov və Elçin İsmayılın işləri ilə birləşdirilib, baxmayaraq ki, onlara qarşı tamamilə başqa ittihamlar irəli sürülmüşdü.

Martın 6-da Əhmədli barəsində CM-in 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin pozulması) və 308.1-ci (vəzifə səlahiyyətlərindən istifadə) ittihamları elə həmin maddələrin ağır nəticələrə görə məsuliyyət nəzərdə tutan 2-ci bəndləri ilə əvəz olunub.

F.Əhmədli ittihamları təkzib edib. Əvvəlki ittihamlarla onu 3 il azadlıqdan məhrumetmə cəzası gözləyirdisə, yeni maddələrlə o, 8 ilədək azadlıqdan məhrum edilə bilər.

XS
SM
MD
LG