Accessibility links

ABŞ-ın Helsinki Komissiyası liderləri Azərbaycan hökumətini siyasi məhbus sayılan şəxsləri azad etməyə səsləyib


Helsinki Komissiyasının sədri senator Roger Wicker

2016-cı ildə Azərbaycan hökuməti 148 məhbusu Novruz bayramı ərəfəsində əfv etmişdi

Novruz bayramında ABŞ-ın Helsinki Komissiyası liderləri Azərbaycan hökumətini siyasi məhbus sayılan şəxsləri azad etməyə və insan haqları, demokratiya, hüququn aliliyi üzrə ATƏT-in öhdəliklərini yerinə yetirməyə səsləyib.

«Çox təəssüfləndirici haldır ki, prezident Əliyevin Novruzqabağı əfv sərəncamı ilə buraxdığı məhbuslar arasında siyasi məhbusların çox az bir hissəsi yer alıb», – deyə Helsinki Komissiyasının sədri senator Rocer Viker (Roger Wicker) bildirib.

O daha sonra deyib: «ATƏT üzvü olan ölkələrin ifadə azadlığına hörmət etmək öhdəliyi var. Azərbaycan hökuməti dinc şəkildə öz hüquqlarından istifadə etdiyinə görə həbs edilən müxalifət üzvlərini, insan haqları fəallarını və dini liderləri azad etməklə öz öhdəliklərini yerinə yetirməlidir. Siyasi motivli ittihamlarla 5-ci ildir həbsdə olan keçmiş prezidentliyə namizəd İlqar Məmmədov azad edilməlidir».

Helsinki Komissiyasının həmsədri Kris Smit (Chris Smith) isə bunları deyib:

«Prezident Əliyevin əfv sərəncamından sonra bir çox insan haqları fəalları, jurnalist və müxalifətçi həbsdə qalıblar və onlar hazırda pis rəftara məruz qalırlar. Mən İlham Əliyevi insan haqları və demokratiyaya hörmət etməyə və bütün vicdan məhbuslarını azad etməyə çağırıram».

2016-cı ildə Azərbaycan hökuməti 148 məhbusu Novruz bayramı ərəfəsində əfv etmişdi. Onların arasında nüfuzlu insan haqları təşkilatlarının siyasi məhbus hesab etdiyi bir çox insan var idi.

Bu il martın 16-da isə hökumət 400-dən çox məhbusu əfv edib. Amma azad edilənlər arasında cəmi 4 siyasi məhbus sayılan şəxs olub.

Həbsdən azad edilənlər içərisində AXCP Gənclər Komitəsinin fəalı Elvin Abdullazadə, bloqqer Əbdül Əbilov, «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin iki qohumu yer alıb.

Bundan başqa, MeydanTV-nin rəhbəri Emin Millinin qayını Nazim Ağabəyov isə şərti azadlıqdan məhrumetmə cəzasından azad edilib.

Hüquq müdafiə təşkilatlarının siyasi məhbuslarla bağlı siyahılarında 150 civarında şəxs yer alır.

XS
SM
MD
LG