Accessibility links

Tofiq Zülfüqarov: Minsk qrupunun həmsədr ölkələrinin real addımları bəyanatlarına ziddir [Video-müsahibə]


Azərbaycanın keçmiş xarici işlər nazirinin Amerikanın Səsinə müsahibəsi

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Amerikanın Səsinə müsahibəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son durumdan danışıb.

Amerikanın Səsi: Aprel döyüşlərindən bir il keçir. Münaqişə ilə bağlı aprel döyüşlərinədək olan geopolitik durumla, döyüşlərdən sonrakı durumu necə müqayisə edərdiniz?

Birmənalı demək olar ki, bu bir il gözləntiləri doğrulTmayıb. Hamı gözləyirdi ki, qanlı döyüşlərdən, itkilərdən sonra beynəlxalq ictimaiyyət, həmsədrlər daha fəal işləyib vəziyyəti hansısa nəticələrə gətirib çıxararlar.

Tofiq Zülfüqarov: Çox yaxşı sualdır. Çünki, müxtəlif ekspertlər məhz bu məsələyə önəm verirlər ki, bir il keçib, yəni bir ilin nəticələri nədən ibarətdir. Birmənalı demək olar ki, bu bir il gözləntiləri doğrulTmayıb. Hamı gözləyirdi ki, qanlı döyüşlərdən, itkilərdən sonra beynəlxalq ictimaiyyət, həmsədrlər daha fəal işləyib vəziyyəti hansısa nəticələrə gətirib çıxararlar. Amma onların siyasəti, davranışı, bu fövqəldövlətlərin davranışı və siyasəti bir az təəccüb doğurdu. Yəni, onlar münaqişənin hərbi fazaya keçməsindən ehtiyat edərkən qəribə bir addımlar atdılar. Regiona daha yeni silahlar göndərilib, xüsusən Ermənistana. Bununla da real istəkləri və ya real planları bir növ aşkar ediblər. Bu da təəccüb və təəssüf doğuran bir məsələdir. İndi də istisna etmirəm ki, həmişə olduğu kimi ermənilər öz daxili siyasətində məsələləri həll etmək üçün təzə bir provokasiya (təxribat) etməyə hazırdırlar. Çünki bilavasitə silahların verilməsi, elə bil onları buna sövq edib.

Amerikanın Səsi: ATƏT-in Minsk qrupunun həmsədrləri Yerevana səfər etdiyi bu günlərdə, yəni martın 25-də erməni silahlı qüvvələri Azərbaycanın suverenliyində olan ərazilərdə hərbi təlimlərə başlayıb. Bu təlimləri Ermənistan prezidenti Serj Sarkisyan müşahidə edib və lazım olarsa Azərbaycana qarşı Rusiya istehsalı olan “İsgəndər” raketlərindən istifadə ediləcəyini bildirib. O eyni zamanda, aprel döyüşlərində əks-hücum barədə göstəriş verdiyini bildirib. Buna münasibətiniz necədir?

Bu nəticələr onu göstərir ki, həmsədrlər bir növ real işlərlə yox, siyasi imitasiya ilə məşğuldur. Reallıqda atılan addımlar onların bəyanatlarından çox-çox uzaqdır.

Tofiq Zülfüqarov: Gördüyünüz kimi, bu çıxış da birincisi bu və ya digər şəkildə yuxarıda dediyimi elə bil təsdiq edir. Onun çıxışında danışıqlardan, sülhdən, ya da kompromisdən bir kəlmə də söz açılmayıb. Sadəcə olaraq, onun mövqeyi daha da sərt və daha da millitarist bir ritorika ilə bağlıdır. Əsas arqumentlərindən biri ondan ibarət olub ki, guya onlarda təzə növ raketlər var. O birinci dəfə deyil ki, qorxutmaq üçün bu ritorikanı istifadə edir və bu növ silahların adını çəkir və s. Yəni, təbii ki, Azərbaycan bu məsələlərə həm hərbi, həm də siyasi cəhətdən real baxır. Hesab edirəm ki, Azərbaycan tərəfi özü üçün hansısa nəticələrə gəlib. Bu nəticələr onu göstərir ki, həmsədrlər bir növ real işlərlə yox, siyasi imitasiya ilə məşğuldur. Reallıqda atılan addımlar onların bəyanatlarından çox-çox uzaqdır.

Amerikanın Səsi: Rusiya xarici işlər naziri və ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişənin müharibə yolu ilə həllinin olmadığını bildirir? Sizcə, münaqişənin hərbi həll yolu seçilərsə regiona qarşı beynəlxalq münasibətlərdə hansı dəyişkliklər yarana bilər?

Bir tərəfdən deyirlər status-kvo qəbul olunmazdır, amma o biri tərfədən demirlər ki, bu status-kvonun dəyişməsi necə olacaq, sülhə doğru hansı addımlar atılmalıdır.

Tofiq Zülfüqarov: Bu bəyanatın bir elementi mövcuddur, yəni onlar sülh istəyir. Amma ikinci elementi mövcud deyil. Yəni olan problem nə şəkildə həll olunacaq? Bir tərəfdən deyirlər status-kvo qəbul olunmazdır, amma o biri tərfədən demirlər ki, bu status-kvonun dəyişməsi necə olacaq, sülhə doğru hansı addımlar atılmalıdır. Müxtəlif planlar ortaya çıxarırlar, onlara müxtəlif adlar verirlər. Amma, əslində bunlar köhnə təkliflərdir. Nəyə görə Ermənistan bunu qəbul etmir? Nəyə görə Ermənistanın bu addımı qəbul etmədiyi bir vaxtda onlara təzə silahlar verirlər? Bunun cavabı yoxdur. Hesab edirəm ki, həm Azərbaycan ictimaiyyəti, istisna etmirəm ki, Ermənistan ictimaiyyəti də artıq həmsədrlərin verdiyi bəyanatlara heç də inanmırlar.

Amerikanın Səsi: ABŞ və Fransa münaqişə tərəflərinə silah satmır. Amma, Rusiya hər iki tərəfin silahlanmasında aktiv iştirak edir. Münasibətiniz?

Yəni, Böyük Britaniyanın snayper tüfəngləri, ya da İtaliya-Fransa istehsalı olan tanklara qarşı raketlər (Milan raketləri) Yunanıstan vasitəsi ilə Ermənistana satılıb və s. Yəni, müxtəlif məlumatlar mövcuddur. Təbii, amma həcm baxımından Rusiya burada demək olar ki, monopolist bir mövqe tutur.

Tofiq Zülfüqarov: Əslinə qalsa, qərb tərəfindən xüsusən Ermənistana silah satılır. Çünki müxtəlif vaxtlarda buna aid faktlar mövcuddur. Yəni, Böyük Britaniyanın snayper tüfəngləri, ya da İtaliya-Fransa istehsalı olan tanklara qarşı raketlər (Milan raketləri) Yunanıstan vasitəsi ilə Ermənistana satılıb və s. Yəni, müxtəlif məlumatlar mövcuddur. Təbii, amma həcm baxımından Rusiya burada demək olar ki, monopolist bir mövqe tutur. Azərbaycan istəyir ki, silahların alınmasında diversifikasiyanı (mənbələrin müxtəlifliyini) təmin etsin. Hesab edirəm ki, bu istiqamətdə addımlar atılır. Silahlar və ümumiyyətlə müdafiə imkanları münaqişədə çox vacib elementdir. Hətta, mənə bir qərb diplomatının dediyi kimi, - o deyirdi ki, "artıq apreldən sonra biz hamımız başa düşdük ki, siz Ermənistandan güclüsünüz. Biz hamımız başa düşürük ki, siz apreldən sonra hansısa irəliləyişə nail olmaq istəyirdiniz və status-kvonu heç cür qəbul etməzsiniz. Bu və ya digər şəkildə bu onu göstərir ki, gələcəkdə müharibənin bərpası mümkündür. Amma, sual ondan ibarətdir ki, siz harayacan gedəcəksiniz və harada dayanacaqsınız? Bu yeganə sualdır ki, bizi narahat edir". Yəni artıq reallığı görən, qərbdə, bəlkə də şərqdə olan, xaricdə olan müşahidəçilər real vəziyyəti bilirlər. Amma, təəssüflər olsun ki, bu ssenarinin qarşısını almaq kimi addımlar atılmır.

Amerikanın Səsi: ABŞ-ın yeni prezidenti Donald Trampın administrasiyasının xarici siyasət kursundakı yeniliklər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına təkan verə bilərmi?

Tramp administrasiyası qonşuluqda olan ölkələrə qarşı təzə bir siyasət yeritmək fikrindədir. Yeni siyasət həm Rusiya, həm Türkiyə, həm İrana aiddir. Eyni zamanda Yaxın Şərqdə gedən proseslərə də yaxınlığı bir növ mövcuddur. Çünki Yaxın Şərqə aid siyasət formalaşarsa bu və ya digər şəkildə onun təsiri bizim bölgəyə də olacaq.

Tofiq Zülfüqarov: Hesab edirəm ki, yeniliklər olmalıdır. Ən azı ona görə ki, Tramp administrasiyası qonşuluqda olan ölkələrə qarşı təzə bir siyasət yeritmək fikrindədir. Yeni siyasət həm Rusiya, həm Türkiyə, həm İrana aiddir. Eyni zamanda Yaxın Şərqdə gedən proseslərə də yaxınlığı bir növ mövcuddur. Çünki Yaxın Şərqə aid siyasət formalaşarsa bu və ya digər şəkildə onun təsiri bizim bölgəyə də olacaq. Yəni, təəssüflər olsun ki, biz hamımız gözləyirdik ki, 20 yanvarda inauqurasiyada ABŞ prezidentinin çıxışından sonra xarici siyasətə aid bəyanatlar daha konkret olacaq. Amma proses uzanıb. Bunun müxtəlif səbəbləri var. Administrasiyanın formalaşması, xüsusən də təhlükəsizlik şurasının formalaşması, xarici siyasətə aid qurumların formalaşması onu göstərir ki, indiki məsələlərdən biri və çox vacibi xarici siyasət olacaq. Mənə elə gəlir ki, hələ konkret fikirlər söyləmək tezdir. İstisna etmirəm ki, bu məsələlər ilin sonunadək daha konkret olacaq.

XS
SM
MD
LG