Accessibility links

"Əli İnsanov bu hakimiyyətə müxalifətdir" [Video]


Sabiq səhiyyə nazirinin məhkəməsi davam edib

Aprelin 12-də Bakının Qaradağ Rayon Məhkəməsində hakim Rəşad Mustafayevin sədrliyi ilə keçmiş səhiyyə naziri Əli İnsanovun cinayət işi üzrə proses davam edib.

Müstəqil mətbuatın nümayəndələri zala buraxılmayıb.

Prosesdə iştirak edənlərdən biri Amerikanın Səsinə bildirib ki, öncə Əli İnsanov qohumlarının deyil, jurnalistlərin prosesə buraxılmasını istəyib. Hakim zalın tutduğu qədər insanın məhkəməyə buraxıldığını bildirib. İclas zalında cəmi 6 stul olub və İnsanovun qohumları da zala daxil ola bilməyib.

İttihamnaməyə görə, 13 saylı Cəzaçəkmə Müəssisəsində Ə.İnsanova məxsus psixotrop maddələr tapılıb. Protokol tərtib edilərkən Ə.İnsanov sənədi çırıb və Penitensiar Xidmətin əməkdaşı Anar Məmmədovun boğazından yapışıb, onun poqonlarını qoparıb və itələyib. A.Məmmədov zərbədən yıxılıb və başından xəsarət alıb.

Ə.İnsanov özünü təqsirli bilmədiyini deyib, ittihamları rədd edib, uydurma adlandırıb, özünün və ailə üzvlərinin hüquqlarının pozulduğunu bildirib.

“Əgər narkotik maddə tapılmışdısa niyə operativ rejim şöbəsinin rəisini cəzalandırmadılar, əksinə vəzifəsini böyütdülər?” o, məhkəmədən sual edib.

İttihamın saxtalaşdırılmasına gəlincə, o deyib: “Bu, necə ola bilər, mən eyni vaxtda həm protokolu çırıram, həm mayorun boğazından yapışıram, poqonlarını qoparıram, həm də itələyirəm? Mən bəyəm Məhəmməd Əliyəm?”

İnsanov axtarışın ona aidiyyatı olmayan otaqda aprıldığını və bu vaxt vəkilinin cəzaçəkmə müəssisəsində olduğunu bildirib.

“Hansı səbəbdən axtarış aparılarkən nə mən, nə də vəkilim dəvət edilməyib. Yalnız vəkilim cəzamçəkmə müəssisəsini tərk etdikdən sonra məni protokolu imzalamaq üçün dəvət ediblər”, o qeyd edib.

Ancaq zərərçəkən Anar Məmmədov ittiham versiyasını təsdiqləyərək bildirib ki, bir ay xəstəxanada müalicə alıb və təzyiqi qalxıb.

Ə.İnsanov mayoru yalanda ittiham edib və deyib ki, belə hallarda təzyiq qalxmır, enir.

O götürülən psixotrop maddələrin rəngli olması barədə fikirləri də saxtalaşdırma faktı hesab edir. Keçmiş nazir qeyd edib ki bu cür maddələr rəngli olmur. Vitaminlər rəngli olur.

Əli İnsanov sərbəst ifadəsində də ittihamları saxta adlandırıb.

“Təəssüf edirəm ki, qanunlar hər yerdə tapdalanır. Ötən iclasda vəkillərim üç vəsatət qaldırdı və təmin edilmədi. Prezidentin həbs qətimkan tədbirnin ev dustaqlığı ilə əvəz edilməsi barədə sərəncamı var. Siz bu barədə vəsatəti təmin etmədiniz. Bu, bir test idi. Göstərdi ki, qanunlar kimi prezidentin sərəncamına da məhəl qoymursunuz”, o qeyd edib.

Bu arada dövlət ittihsamçısı onun sözünü kəsib.

O dövlət ittihsamçısna deyib ki, bu dövlətin qurulmasında yaxından iştirak edib.

“Siz bilin ki, Əli İnsanov dövlətə yox, bu hakimiyyətə müxalifətdir. O dövlət məhv olmur ki, hökmdarı yoxdur, o dövlət məhv olur ki, qanunları yoxdur. Mənə münasibət bəllidir. Ailə üzvlərimi girov saxlayıralr. Ailə üzvlərimdən bir nəfəri belə işləməyə qoymurlar, dərmanlarımın satışına qadağa qoyublar, kitablarım gömrükdə saxlanılıb ölkəyə buraxmırlar, bir milyon yarım dollardan çox qonorarımı dondurublar. Əli İnsanova qarşı münasibət Hiteltrin düşərgələrində əsirlərə olan münasibət kimidir”.

Sabiq nazir bir daha deyib ki, dövləti quranlardan biri olub.

“Görün nə qədər absurd ittihamlar irəli sürürlər. Mən bu qədər iş görmüşəm, ölkənin səhiyyə naziri olmuşam, çoxsaylı medallarım, mükafatlarım var, Ümumdünya Səhiyyə Təşkilatının Baş Assambleyasının Avropa regional təşkilatının vitse-prezidenti olmuşam. 70 yaşında narkoman oldum? Nəyi sübut etmək istəyirsiniz? Dövləti narkomanlar idarə edir? Yoxlayın dövləti idarə edənləri, bəlkə aralarında narkomanlar var”, məhkəmədən sual edib.

O əlavə edib ki, Ə.İnsanovu narkoman hesab etmək absurddur.

“Axtarış aparılan otaq mənim ixtiyarımda deyil. Mən həmin gün vəkilimlə birgə olmuşam. Vəkillər gedəndən sonra qolumdan tutub rəisin otağına aparıblar. Necə olur? Mərkəzi aparat gəlib narkotik tapır, amma əməliyyat rejiminin rəisi cəzalandırılmır? Əksinə, həmimn adama vəzifə verirlər. Anar Məmmədov mənim dostum, Penitensiar Xidmətdə sabiq rəis müavini Gülməmməd Məmmədovun oğludur. Gülməmməd müəllim mənimlə qardaş kimi olub, biz çox mehriban idik. Onu mən ölümdən xilas etmişəm. Sonra onun oğlu Anarı görəndə gözlərimə inanmadım”.

O, vaxt gələndə hər kəsin törətdiyi cinayətə görə cəzalandırılacağını deyib.

“Mən dövlət büdcəsinə yarım milyon manat vergi ödəmişəm. Mən peşman deyiləm ki, Heydər Əliyevə kömək etmişəm. O zaman, o xalqa lazım idi. Onun barəsində məndən heç nə eşidə bilməzsiniz və eşitməyəcəksiniz. İndi çömçənin quyruğu qazana daha yaxın olub”, o qeyd edib.

İnsanov ona qarşı yeni cinayət işinin qaldırlacağını qabaqcadan gözlədiyini bildirib.

“Mənə həmin dərmanı göstərəndə dedim ki, bunu gözləyirdim. Vicdanı var, Anar desin, mən həbsdə olduğum 11 ildə bir nəfərlə belə mübahisə etməmişəm. Mən bunu gözləyirdim. Dedim gözləyin, vəkillərim gəlsin, başladılar ki, protokola imza at. Eyni vaxtda Anarın həm yaxasını cırdım, həm poqonunu qopardım, həm xəsarət yetirdim? Özü də 15 nəfərin əhatəsində bunları etdim? Mən Brusli, Məhəmməd Əliyəm? Orada bir kəlmə acı söz belə deməmişəm. Bilirdim ki, öyrədiblər, eləməlidirlər. Bu aksiomadır. Mən uduzduğum məhkəmələrin birini də burada gözləyirəm. Ancaq, bilin ki, Əli İnsanov nə sınandır, nə baş əyəndir, mübarizə davam edir. Mənə ismarıc gəldi ki, sənə sui-qəsd hazırlanır. Dedim ki, Əli İnsanov həyatını qorumaq üçün yox, mübarizə aparmaq üçün yaşayır”.

Keçmiş nazir deyib ki, ona gələn dərmanları “süzgəcdən” keçiriblər.

“Dərmanlar da yanımda olurdu. Hamı da görürdü ki, mən hansı dərmanlardan istifadə edirəm”, o qeyd edib.

İclasda hal şahidi olan məhkumlar-Rövşən Salahov, Şünasib Əliyev, şahid, keçmiş məhkum - Anar Təhməzov, Penitensiar xidmətin əməkdaşı Fizuli İsmayılov da ifadə verərək ittiham aktında yazılanları təsdiq ediblər.

Bununla şahid ifadələri başa çatıb.

Növbəti məhkəmə iclası aprelin 19-u saat 14:30-a təyin edilib.

*Əli İnsanov 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhddə ittiham olunaraq həbs edilib. Sonradan iqtisadi cinayətlərlə əlaqədar 11 il azadlıqdan məhrum edilib.

2016-cı ilin oktyabrında həbsdən çıxmasına 56 gün qalmış ona qarşı yeni ittihamlar irəli sürülüb: 234.1 (narkotik maddənin əldə edilməsi və saxlanması),315.2 (xidməti vəzifəsini yerinə yetirərkən hakimiyyət nümayəndəsinə müqavimət göstərilməsi), 317 2.1 (qadağan olunmuş əşyaların hazırlanması, saxlanması və gəzdirilməsi). 2006-cı il oktyabrın 11-də Qaradağ Rayon Məhkəməsi onun barəsində həbs qərarı çıxarıb.

2013-cü il martın 14-də Avropa məhkəməsi Ə.İnsanovun ədalətsiz mühakimə olunması barədə qərar çıxarıb. Ancaq Azərbaycan hakimiyyəti hökmü dəyişməyib.

Avropa Şurası Nazirlər Kabineti Azərbaycan hökumətini Avropa məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb. Hüquq-müdafiə təşkilatları Ə.İnsanovu “siyasi məhbus” kimi tanıyıblar.

XS
SM
MD
LG