Accessibility links

Məhkəmə Leyla və Arif Yunusların məcburi məhkəməyə gətirilməsi barədə qərar qəbul edib [Audio-müsahibə]


Leyla Yunus (Foto Leyla və Arif Yunusların Facebook səhifəsindən götürülüb)

Vəkil Elçin Sadıqov Amerikanın Səsinə məhkəmənin qərarından danışır

Mayın 17-də Bakı Apellyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyilə hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı konfliktoloq Arif Yunusun işi üzrə məhkəmə davam edib.

Onlar 2014-cü ilin yayında yerli və xarici QHT-lərə qarşı təqib kampaniyası çərçivəsində həbs olunublar. 2015-ci ilin avqustunda hüquq müdafiəçiləri uzun müddətə həbsə məhkum edilib. Onlar iqtisadi cinayətlərdə təqsirləndirilib.

Beynəlxalq təşkilatların etirazından sonra 2015-ci ilin dekabrında real həbs müddəti şərti cəza ilə əvəzlənib və onlar həbsdən buraxılıblar. 2016-cı ilin aprelində müalicə üçün xaricə gediblər.

Leyla və Arif Yunusların Ali Məhkəmədə kassasiya şikayətinə baxılması dəfələrlə təxirə salınıb. Nəhayət, dekabrın 27-də Ali Məhkəmə təkrar baxılmaq üçün işi Bakı Apellyasiya Məhkəməsinə göndərib.

İşə təkrar baxılması aprelin 19-da başlamalıydı, ancaq dövlət ittihamçısının vəsatəti ilə məhkəmə təkrar məhkəmə istintaqının aparılması barədə qərar qəbul edib. Prokuror Yunusların şəxsən iştirakına təkid edib.

Elçin Sadıqov
Elçin Sadıqov

Vəkil Elçin Sadıqov bugünkü məhkəmə iclasında bildirib ki, Leyla və Arif Yunuslar xaricdə müalicə alır və indiki anda ölkəyə qayıda bilməzlər. Vəkil onların ya Skype, ya da Facebook vasitəsilə dindirilməsi barədə vəsatət qaldırıb.

Ancaq məhkəmə vəsatəti təmin etməyib. Yunusların məcburi qaydada məhkəməyə gətirilməsi və məcburi gətirilmənin polisə həvalə edilməsi barədə qərar qəbul edib.

Növbəti iclas mayın 31-i saat 12:00-a təyin edilib.

Vəkil Amerikanın Səsinə müsahibəsində Yunusların məcburi qaydada gətirilməsi ilə bağlı məhkəmə qərarını qanunsuz adlandırıb.

“Leyla və Arif Yunuslara qarşı apellyasiya şikayəti və ya etiraz olmayıb, təkrar məhkəmənin keçirilməsi əsassızdır. Kassasiya şikayətini onlar özləri veriblər, odur ki, onların cəzasının ağırlaşdırılması və ya hüquqi vəziyyətinin pisləşdirilməsi yolverilməzdir. Məhkəmənin qərarı Yunusların hüquq müdafiəçisi kimi fəaliyyətinə qarşı yönəlib və onlara təkrar cəza vermək məqsədi daşıyır, vəkil qeyd edib.

“Görünür, işin Apellyasiya Məhkəməsinə qaytarılması barədə Ali Məhkəmənin qərarında məqsəd onların barəsində beynəlxaq axtarışın elan edilməsi olub”, Elçin Sadıqov belə hesab edir.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG