Accessibility links

Arif Hacılı: Bu gün mövcud olan Azərbaycan hakimiyyəti AXC ənənələrini qoruyub saxlamır [Video]


Arif Hacılı: Bu gün mövcud olan Azərbaycan hakimiyyəti AXC ənənələrini qoruyub saxlamır
please wait

No media source currently available

0:00 0:08:19 0:00

Müsavat partiyasının başqanı Arif Hacılının Amerikanın Səsinə müsahibəsi

Müsavat partiyasının başqanı Arif Hacılı Amerikanın Səsinə müsahibəsində Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı dövlətçilik, demokratik dəyərlərin bu günki Azərbaycanda necə qorunub saxlanılması, indiki hakimiyyətin apardığı dövlətçilik siyasətinin müqayisəli təhlinindən danışıb.

AXC
AXC

Amerikanın Səsi: Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycana gətirdiyi ənənələr nədir?

Arif Hacılı: Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycana gətirdiyi ən böyük ənənə dövlətçilik ənənəsidir. Çünki uzun illər idi ki, Azərbaycan öz dövlətçiliyini itirmişdi. Və faktiki olaraq iki böyük dövlət arasında bölünmüş vəziyyətdə olan bir hala gəlmişdi. Azərbaycanda AXC Cənubi Qafqazın əksər ərazilərində Azərbaycan dövlətini yaratmağa nail oldu. Bu dövlətin ən mühüm xüsusiyyətlərindən biri də müstəqil bir dövlət olması idi. Həmin dövrdə Gürcüstanda da, Ermənistanda da müstəqil dövlətlər yaranmışdı. Ancaq Azərbaycan Xalq Cümhuriyyəti tək müstəqil deyil, həm də demokratik dövlət idi. Azad dövlət idi. Cümhuriyyət tipli dövlət idi. Parlamentli respublika idi. Bu baxımdan AXC həmin dövrdə Rusiya imperiyası ərazisində yaranmış digər dövlətlərdən əsaslı surətdə fərqlənirdi.

Amerkanın Səsi: Bu ənənələr bu günlə müqayisədə qorunub saxlanılırmı? Deyək ki dövlətin idarəetmə prinsipləri, azad fikir, insan hüquqlarına münasibət mətbuata münasibət o vaxtla müqayisədə bu günki dövrdə necədir?

Təəssüf ki, 1993-cü ildə hərbi qiyam yolu ilə Elçibəy hakimiyyəti devrildikdən sonra yenidən Azərbaycanda avtoritar quruluş formalaşdı.

Arif Hacılı: Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Bu müddət ərzində Azərbaycanda çoxpartiyalı sistem formalaşdı.Azad və ədalətli seçkilər keçirildi, xalqın iradəsi ilə parlament yaradıldı. O dövrün ən mühüm məsələlərindən biri qadınlara səsvermə hüququ verildi. Bütovlükdə AXC nəinki o dövr üçün hətta bugünkü gün üçün nümunə olacaq bir demokratik tipli bir cümhuriyyət idi. Təəssüf ki, sovet hakimyyəti qurulduqdan sonra bu ənənələr aradan qaldırıldı və Azərbaycan yenidən Sovet imperiyasının ərazisinə daxil edilərək, burada avtoritar idarəçilik sistemi tətbiq edildi. 1991 ci il oktyabrın 18-də biz AXC-nin bərpa olunması ilə bağlı qərar qəbul etdik.1992-1993-cü illərdə təxminən bir il ərzində həmin cümhuriyyətin ənənələri davam etdirildi. Yenidən çoxpartiyalı sistem, azad və ədalətli seçkilər, söz və mətbuat azadlığı, bütün bu hüquqlar vətəndaşlara qaytarıldı.Təəssüf ki, 1993-cü ildə hərbi qiyam yolu ilə Elçibəy hakimiyyəti devrildikdən sonra yenidən Azərbaycanda avtoritar quruluş formalaşdı. 1993-cü ildən sonrakı bütün mərhələlərdə ölkədə nəinki demokratiya inkişaf etdirilmir əksinə Azərbaycan cəmiyyətinin həmin illərdə əldə etdiyi demokratik uğurlar həmin illərdə yaranmış demokratik İnstitutlar məhz Əliyev rejimi tərəfindən məhv edilib sıradan çıxarılmaqdadır.

Amerkanın Səsi: Azəbaycan Xalq Cümhuriyyətinin varisi olan indiki Azərbaycan Respublikası o dəyərlərinin qorunub saxlaması üçün nələr etməlidir?

Azərbaycan hakimiyyəti nəinki Azərbaycan Xalq Cümhuriyyətinin ənənələrini qoruyub saxlamır, əksinə Azərbaycan Xalq Cümhuriyyətinin qurduğu dövlətin prinsiplərinə uyğun idarəçilik sistemi həyata keçirtmir.

Arif Hacılı: Əslində heç nəyi kəşf etməyə ehtiyac yoxdur. Bir daha qeyd edirəm ki, 1991-ci ildə Azərbaycan parlamenti oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyi haqqında konstitutsiya aktını qəbul edərək Azərbaycan Xalq Cümhuriyyəti dövrünün həmin dövlətin Azərbaycanda elan etdi. Yəni bu yeni bir dövlət deyil. Həmin dövlətin davamçısı olan bir dövlətdi. İndi demokratiya çox inkişaf edib. Demokratik baxımdan o dövrlə müqayisədə xeyli dərəcədə inkişaf etmiş demokratik ənənələrə uyğun olan dövlətlər var, ənənələr var. Bir çox konvensiyalar var. İstər insan hüquqlarına dair, istər azad və ədalətli seçkilərə dair, hüquq bərabərliyinə dair, digər məsələlərlə bağlı nümunələr dünyada yaranıb, mövcuddu. Elə Azərbaycanın konstitutsiyasında olan müddəalara əməl olunması lazımdır. Təəssüf ki, Azərbaycan hakimiyyəti deklaritiv olaraq ölkədə demokratik idarəçilik sisteminin tətbiq olunduğunu bəyan etsə də fakitiki olaraq Azərbaycanda monarxik bir rejim yaradıb. Azərbaycan Xalq Cümhuriyyəti ənənlərini saxlamır. Bu cür idarəçilik əslində Azərbaycan konsitutsiyasına da ziddi. Çünki Azərbaycanın konsitutsiyasında bu gün də qüvvədə olan Azərbaycanın dövlət müstəqilliyini bərpa edilməsi haqqında konstitutsiya aktında qeyd olunur ki, bu dövlət yəni indiki Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. AXC-nin yaratdığı ənənələr həmin dövlətin dövründə olan idarəçilik sistemi olduğu kimi indiki dövrə tətbiq olunmalıdır və inkişaf etdirilməlidir. Daha da müasir dövrün tələblərinə uyğunlaşdırılmalıdır. Ancaq təəssüf ki, biz bunu tamaimlə əksini görürük. Bu gün mövcud olan Azərbaycan hakimiyyəti nəinki Azərbaycan Xalq Cümhuriyyətinin ənənələrini qoruyub saxlamır, əksinə AXC-nin qurduğu dövlətin prinsiplərinə uyğun idarəçilik sistemi həyata keçirtmir. Təsadüfi deyil ki, bu gün hakimiyyətdə olan qüvvələr əslində Azərbaycanın qanun və kanstitutsiyasına görə Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan dövlətə rəhbərlik etsələr də həmin cümhuriyyətin özünə qarşı, həmin cümhuriyyətin qurucularına qarşı bir qısqanc, mənfi münasibət bəsləyirlər.

Amerkanın Səsi: 100 il əvvəl və indiki dövrü müqayisə edərkən geopolitik situasiya Azərbaycan müstəqilliyi üçün hansı təklükələr yaratdı və indi də bu təhlükələr qalırmı?

Arif Hacılı: Azərbaycan dünyanın çox mühüm geopolitik məkanında yerləşir. Tarixən belə olub. İpək yolu buradan keçib, bir çox kommunikasiyalar Avropa və Asiyanı birləşdirən bir çox kəmərlər, yollar Azərbaycan üzərindən keçir. Bu baxımdan Azərbaycan dünya üçün əhəmiyyətli bir dövlətlərdən biridir. Heç şübhəsiz ki, bu dövlətdə , bu ərazidə maraqları olan dövlətlər var.Və bu dövlətlər güclü dövlətlərdi. Azərbaycan adlı bir dövlətinin mövcudluğu məsələn İran üçün problemlər yaradır. Çünki İranda 30 milyondan çox azərbaycanlı yaşayır. Ona görə bu İranı daim gərginlikdə saxlayır. Azərbaycana qarşı onun mövqe tutmasını stimullaşdırır. Rusiya öz sərhədlərini cənuba doğru artırmağa çalışır. Ən azı bu ərazidə öz təsir imkanlarını artırmağa çalışır. Ona görə Azərbaycana təzyiq göstərir. Ermənistan daim böyük ərazi iddiaları ilə yaşayan xalqın dövləti olaraq fəaliyyət göstərib. Azərbaycan üçün ən böyük təhdidlərdən biri Ermənistanın məhz Rusiya ilə müttəfiq olması ilə bağlıdır. Bu təhlükələr mövcuddur. Azərbaycan xalqı bu təhlükələr barədə düşünməlidir. Həm Azərbaycan ərazilərinin qorunması, Dağlıq Qarabağ probleminin həlli eyni zamanda təkcə Şimali Azərbaycan xalqının yox, bütün dünyada olan 50 milyondan artıq azərbaycan türklərinin mənafelərini müdafiə etmək məqsədilə indiki ərazidə Şimali Azərbaycanın olan ərazisində ərazi bütövlüyünü təmin etməklə güclü bir dövlət, demokratik bir dövlət yaratmağa nail olmalıdır ki, bütövlükdə həm Azərbaycan Xalq Cümhuriyyətinin ideyalarını həyata keçirtmək mümkün olsun, eyni zamanda Azərbaycan ərazisində müstəqil dövlətin qorunub saxlanması, demokratik bir cəmiyyətin yaradılması mümkün olsun.

XS
SM
MD
LG