Accessibility links

Azərbaycan və Fələstin siyasi məsləhətləşmələr aparıb


Xarici İşlər Nazirliyi
Xarici İşlər Nazirliyi

Fevralın 16-da Bakıda Azərbaycan və Fələstin Dövləti xarici işlər nazirlikləriarası siyasi məsləhətləşmələr keçirilib. Məsləhətləşmələrdə Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov, Fələstin Dövlətini xarici işlər nazirinin Asiya, Afrika və Avstraliya məsələləri üzrə müavini Mazen Şamiya təmsil edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Xələf Xələfov Azərbaycanın beynəlxalq səviyyədə Fələstini hərtərəfli dəstəklədiyini vurğulayıb.

X.Xələfov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında həmkarına ətraflı məlumat verib.

Mazen Şamiya Fələstin Dövlətinin Azərbaycan ilə bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirib. O, Azərbaycanın Fələstinə beynəlxalq səviyyədə verdiyi dəstəyin və göstərdiyi humanitar yardımın ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.

Mazen Şamiya Fələstinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bildirib, Azərbaycanın hərbi və iqtisadi gücünün artmasının münaqişənin sülh yolu ilə həllinə zəmin yaratdığını vurğulayıb. Azərbaycanın multikulturalizm, tolerantlıq və dini-mənəvi dəyərlərin qorunub saxlanılması, onların inkişafına böyük töhfə verdiyini bildirən fələstinli nazir müavini Azərbaycanın islam dünyası üçün bir nümunə olduğunu və İƏT çərçivəsində ölkəmizin gördüyü işlərin yüksək qiymətləndirildiyini vurğulayıb.

Görüşdə Azərbaycan və Fələstin arasında yüksək qarşılıqlı səfərlərin sayının artırılması, kənd təsərrüfatı, humanitar, turizm, mədəniyyət və təhsil sahələrində əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi kimi məsələlər müzakirə olunub və bir sıra digər sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsinə yönəlmiş fikir mübadiləsi aparılıb.

XS
SM
MD
LG