Accessibility links

Müxalifət siyasi məhbus problemini müzakirə edib


İctimai Palata siyasi məhbus problemini müzakirə edir

İctimai Palata siyasi məhbus problemini müzakirə edir

Bir qrup vicdan məhbusunun azadlığa buraxılması ölkədə siyasi məhbus probleminin həlli demək deyil. Siyasi məhbus problemi rejimin mahiyyətindən irəli gəlir.

Bir qrup vicdan məhbusunun azadlığa buraxılması ölkədə siyasi məhbus probleminin həlli demək deyil. Əliyev rejimi, bir qayda olaraq, siyasi və vicdan məhbusu “istehsal edir”. Siyasi məhbus problemi bu rejimin mahiyyətindən irəli gəlir. Problemin bütövlükdə həlli siyasi rejimlə bağlıdır. İctimai Palatanın bu gün Müsavat Partiyasının qərargahında siyasi məhbus problemi ilə bağlı keçirdiyi dəyirmi masada çıxışların əsas motivi belə olub.


Dəyirmi masa iştirakçılarının qəbul etdiyi bəyanatda deyilir ki, beynəlxalq təşkilatların vicdan məhbusu kimi tanıdığı 9 nəfər azad edilsə də, əslində 2 aprel aksiyası ilə bağlı həbs edilən və faktiki Cinayət Məcəlləsinin başqa maddələri ilə ittiham olunan hüquq müdafiəçisi Vidadi İsgəndərli və AXCP Rəyasət Heyətinin üzvü Şahin Həsənli həbsdədir.
“Dəyirmi masa iştirakçıları təəssüflə qeyd edir ki, Azərbaycan hakimiyyəti siyasi məhbus problemini birdəfəlik həll etmə iqtidarında deyil. Əksinə, həbsdən azad edilən siyasi məhbusların yerini yeni-yeni siyasi məhbuslarla doldurur. İndiyədək mövcud olan siyasi məhbusların - 2005-ci il “dövlət çevrilişi” şousu ilə həbs edilən Əli İnsanov, Fərhad Əliyev və başqaları, habelə hicab probleminə etiraza görə həbs edilənlər, eləcə də başqa inanclı məhbusların sıralarına təzəliklə hüquq müdafiəçisi Taleh Xasməmmədov, jurnalistlər Anar Bayramlı, Ramin Bayramov, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı, “Xəyal” TV-nin əməkdaşları, AXCP sədrinin qaynı Elnur Seyidov, Kür Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru İlham Əmiraslanov, “Tolişi Sədo” qəzetinin baş redaktoru Hilal Məmmədov əlavə olunub”, - deyə sənəddə qeyd edilir.
“Azərbaycanda siyasi islahatlar olmadan siyasi məhbus problemi həllini tapmayacaq. Vaxtı ilə Heydər Əliyev yüzlərlə siyasi məhbusu azad etdi. Bir çox beynəlxalq təşkilatlar və yerli hüquq müdafiəçiləri problemin həll edildiyini bəyan etdi. Hətta, Avropa Şurasının Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi institutu ləğv edildi. Bundan sonra, yenidən siyasi məhbuslar yarandı, sonra çoxsaylı jurnalistlər həbs edildi və problem hələ də davam edir”, - deyə AXCP sədri Əli Kərimli qeyd edib.
Əliyevlər rejimi siyasi məhbussuz yaşaya bilməz, onların siyasəti ictimaiyyəti qorxu ilə idarə etməyə yönəlib. “Siyasi məhbus ilk öncə Əliyev rejiminin mahiyyətidir. İkincisi, rejim bu problemi qabartmaqla daxili gərginlik yaratmaq istəyir. Üçüncüsü isə, bu problemlə beynəlxalq birliklə bazarlıq etmək istəyir. Rejim problemlə bazarlıq müqabilində 2013-cü ildə də hakimiyyətdə qalmağa çalışır. Amma, beynəlxalq birlik də bunu qəbul etmir”, - deyə Müsavat başqanı İsa Qəmbər qeyd edib.
O, ictimaiyyətin rejimin siyasətinə qarşı ardıcıl mübarizə aparmasını vacib sayır. “Biz birgə mübarizəmizi düzgün istiqamətdə qursaq, rejimin vicdan məhbusu istehsalına ciddi zərbə vura bilərik”, - deyə Müsavat başqanı bildirib.
Müzakirələrdə siyasi məhbusların sayı məsələsinə də aydınlıq gətirilib. Belə ki, ölkədə siyasi məhbusların sayı ilə bağlı vahid siyasi fikir formalaşmayıb. “Avropa Şurası Parlament Assambleyasının Hüquq və İnsan Hüquqları Komitəsi Azərbaycanda 89 siyasi məhbusun olduğunu təsdiq edib. Bununla da siyasi məhbusların sayı ilə bağlı mübahisələrə son qoyulub. Doğrudur, həmin siyahıda olanların 20-dək nəfəri artıq həbsdən azad edilib”, - deyə hüquq müdafiəçisi Eynulla Fətullayev qeyd edib.
Son dövrlər İran casusu, narkotik ittihamları ilə həbslər də forumda ciddi narahatlıqla qeyd edilib.
“Azərbaycanla İran arasında yaranmış böhran həm Azərbaycan Respublikasında, həm də İranda Azərbaycan vətəndaşlarının həbsi ilə müşayiət olunur. Hilal Məmmədov da, Mövsüm Səmədov da, hicab məhbusları da, İranda həbs edilən şairlər də Azərbaycan vətəndaşlarıdır. Bu şəxslər söz azadlığına, vicdan azadlığına görə həbs edilib. Mövsüm Səmədov yanvarın 2-də İlham Əliyevi tənqid etmişdi. Mən son zamanlar Milli Təhlükəsizlik Nazirliyinin terrorçuluqla bağlı apardığı həbslərə də şübhə ilə yanaşıram. Nazirliyin məlumatında adı keçən Zaqatala sakinlərindən biri hələ 2008-ci ildə Çeçenistanda öldürülüb”, - deyə hüquq müdafiəçisi Leyla Yunus vurğulayıb.
Azərbaycanın fəal vətəndaşlarının casusluq və narkotik ittihamları ilə həbsi son dərəcə gərgin nəticələrə gətirəcək və hökumətin mahiyyətinin göstəricisidir. “Hətta Sovet hökuməti kimi antibəşəri rejim belə fəal insanları narkotik ittihamı ilə həbs etməyib. Jurnalistlərə və o cümlədən Hilal Məmmədova qarşı narkotik ittihamı nə qədər absurddursa, casusluq ittihamı da bir o qədər tarixidir. Hilal Məmmədov kimi ağıllı, bacarıqlı, vətəndaş mövqeyi olan insanı casusluq ittihamı ilə həbsə atmaq həm qanun, həm də Allah qarşısında günahdır”, - deyə Cəmil Həsənli qeyd edib. Çıxışlarda eyni zamanda Milli Təhlükəsizlik Nazirliyinin Hilal Məmmədovla bağlı məlumatı qınanılıb. Bir insan 20 il ölkənin mühüm məlumatlarını xaricə ötürürsə, hakimiyyətin təhlükəsizliklə bağlı bəyanatları əsassızdır.
Dəyirmi masa iştirakçıları həmçinin Amnesty İnternational təşkilatına və AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçisi Kristofer Ştrasserə təşəkkür bildirib.
Öz növbəsində, Azərbaycan hakimiyyəti ölkədə siyasi məhbus olmadığını bildirir. Rəsmi şəxslər dəfələrlə bəyan edib ki, Azərbaycan hüquqi dövlətdir və siyasi baxışlarına görə heç kim həbs edilməyib.
Beynəlxalq təşkilatlar isə ölkədə siyasi və vicdan məhbuslarının olduğunu bildirir. Avropa Şurası Parlament Assambleyası bu ilin payızında Azərbaycanda siyasi məhbuslarla bağlı problemi müzakirə edəcək.
XS
SM
MD
LG