Accessibility links

Siyasi Məhbuslarsız Azərbaycan: İşçi qrupu hökumətin özü-özü ilə dialoq-monoloq cəhdidir


“Siyasi məhbuslarsız Azərbaycan” ictimai alyansı

“Siyasi məhbuslarsız Azərbaycan” ictimai alyansı

“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı yeni yaradılan insan haqları üzrə İşçi qrupunun fəaliyyətini tənqid edib.

Alyansın bəyanatında deyilir ki, İşçi qrupu cəmiyyətdən gizli və qapalı formalaşdırılıb, bu proses açıq, şəffaf və obyektiv keçirilməyib. İşçi qrupunun məqsədi, məramı, fəaliyyət prinsipləri və statusu aydın deyil, mücərrəddir. Qrupa üzv seçmək və seçilmək prosedurları aydın və ədalətli təşkil edilməyib. Daha çox siyasi məhbus probleminin həlli üçün yaradılan İşçi qrupunun adı, formatı, fəaliyyət prinsipləri qurumun qarşıya qoyduğu məqsədlərə adekvat deyil.

Hakimiyyət nümayəndələrinin rəhbərlik etdiyi İşçi qrupunun tərkibi əsasən iqtidar və iqtidaryönlü şəxslərdən təşkil olunub ki, onların əksəriyyəti ölkədə siyasi məhbus probleminin olmadığını iddia edirlər. İşçi qrupunun hakimiyyətlə vətəndaş cəmiyyəti arasında dialoq məqsədilə yaradıldığı bəyan edilsə də əslində bu, hökumətin özü-özü ilə dialoq-monoloq cəhdidir.

Qeyd olunur ki, İşçi qrupunun tərkibinə müstəqil vətəndaş cəmiyyətinin, eləcə də həbsdə olan siyasi məhbusların əksəriyyəti etimadsızlıq göstərir.

“Ölkədə real şəkildə insan haqları və siyasi məhbus problem ilə məşğul olan aparıcı müstəqil hüquq müdafiəçiləri quruma daxil edilməyib. Araşdırmaçı jurnalist Xədicə İsmayılın İşçi qrupuna dəvət edilib, sonradan onun qurumda fəaliyyətinə imkan verilməməsi qrupun fərqli fikirliliyə açıq olmadığını göstərir”.

“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı hakimiyyəti formal İşçi qrupları yaradaraq yerli və beynəlxalq təzyiqlərdən, qınaqlardan qorunmaq, vaxt qazanmaq və görüntü yaratmaq siyasətindən əl çəkməyə, ölkədə real şəkildə insan haqlarının qorunması, qanunsuz həbsdə olan siyasi məhbusların qeyd-şərtsiz azadlığa buraxılması üçün təxirə salınmaz addımlar atmağa çağırır”, bəyanatda bildirilir.

Öz növbəsində İşçi qrupu ölkədə insan haqlarının yaxşılaşdırılmasına və siyasi məhbusların azad edilməsinə nail olacaqlarını bəyan edib.

Bu il oktyabrın 30-da 2003-cü ildə bizdə Siyasi Məhbuslar üzrə İşçi qrupu İnsan Haqları üzrə İşçi Qrupu adı ilə bərpa olunub. İşçi qrupunda Prezident Administrasiyası, Milli Məclis üzvləri, hüquq mühafizə orqanlarının əməkdaşları və vətəndaş cəmiyyətinin nümayəndələri təmsil olunur. İşçi qrupuna Prezident Administrasiyasının şöbə müdiri Fuad Ələsgərov və Milli Məclisin komitə sədri Səməd Seyidov həmsədrlik edir.

XS
SM
MD
LG