Accessibility links

Hüquq müdafiəçiləri siyasi məhbus kimi tanınan şəxslərə azadlıq tələb edir


 "Siyasi məhbuslara azadlıq!"

"Siyasi məhbuslara azadlıq!"

Hüquq müdafiəçiləri və keçmişdə siyasi məhbus kimi tanınan – İntiqam Əliyev, Rəsul Cəfərov və Anar Məmmədli birgə bəyanatla çıxış edərək insan hüquqları və demokratiya sahəsində dərin böhrandan narahatlıq ifadə edib və hakimiyyəti tezliklə siyasi tədbirlərin həyata keçirilməsinə çağırıb.

Bəyanatda deyilir ki, hazırda ölkədə siyasi baxışlarına və tənqidçi mövqeyinə görə onlarla jurnalist, bloger, siyasi fəal və dini icmaların təmsilçiləri qanunsuz və sifarişli ittihamlar və məhkəmə qərarları ilə həbsdədirlər.

“Hesab edirik ki, Azərbaycan xalqının maddi rifahı və tərəqqisi naminə ölkədə etimad yaradan addımlar atılmalı və vətəndaş-dövlət münasibətlərində gərginlik aradan qaldırılmalıdır. Bunun üçün ilk növbədə həbsdə olan bütün siyasi məhbuslar azad edilməli, sərbəst toplaşmaq, ifadə və birləşmək azadlıqlarını məhdudlaşdıran hüquqi normativ aktlar təkmilləşdirilməli, məhkəmələrin müstəqilliyinin təmin olunmasına yönələn islahatlara başlanmalı və Azərbaycanın Avropa İttifaqına inteqrasiyası prosesindən imtina edilməməli, əksinə, bu, sürətləndirilməlidir”, sənəddə qeyd edilir.

Bəyanatda həmçinin Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramı ilə əməkdaşlığın genişləndirilməsi, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının yerinə yetirilməsi vacib sayılır.

Öz növbəsində, Azərbaycanın hökumət rəsmiləri ölkədə insanların siyasi əqidəsinə görə təqib olunmadığını, demokratik azadlıqların təmin edildiyini bildirir.

Bununla yanaşı, Amnesty İnternational (Beynəlxalq Əfv) təşkilatı Azərbaycanda çoxsaylı insanı “vicdan məhbusu” elan edib.

XS
SM
MD
LG