Accessibility links

Anar Məmmədli: Mövcud qanun pozulmursa, onun sərtləşdirilməsi hansı zərurətdən irəli gəlir? (audio)


 Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli

Qanunvericilik normalarının pozulmasına görə siyasi partiyalara qarşı cəza tədbirləri sərtləşdirilir

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli Amerikanın Səsi radiosuna müsahibəsində “Siyasi partiyalar haqqında” qanuna və digər qanunvericilik aktlarına dəyişikliklərlə bağlı sənədin parlamentin müzakirəsinə verilməsinə münasibət bildirib.


Sənəd qanunvericilik normalarının pozulmasına görə siyasi partiyalara qarşı cəza tədbirlərinin sərtləşdirilməsini nəzərdə tutur:

- siyasi partiyaların yerli şöbələrinin özünüidarəetmə orqanlarının fəaliyyətinə müdaxiləyə görə;

- siyasi partiyaların dövlət orqanlarının və vəzifəli şəxslərin fəaliyyətinə müdaxiləsinə görə;

- “Siyasi partiyalar haqqında” qanunla qadağan olunmuş qrantların və ya digər yardım formalarının alınmasına görə;

- xarici siyasi partiyaların filiallarının yaradılmasına və xarici siyasi partiyaların və hərəkatların təsis olunmasına görə;

- partiyanın ləğvindən sonra siyasi fəaliyyətə görə.

İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeniliklərə əsasən həmin pozuntulara görə hüquqi şəxslər 8-15 min manat, vəzifəli şəxslər 1,5 - 3 min manat, fiziki şəxslər 750 - 1,5 min manat cərimə olunacaq.

Təkrar pozuntu zamanı fiziki şəxsləri 1,5 - 3 min manat, vəzifəli şəxsləri 3 - 6 min manat, hüquqi şəxsləri 15 - 30 min manat cərimə gözləyir.

Bundan əlavə, Cinayət Məcəlləsinə təklif edilən dəyişiklik siyasi partiyalara üzv olmağa və ya sıralarında olmağa məcbur etməyə görə 1,5-3 min manat cərimə və ya 2 il müddətinə ictimai iş və 2 il müddətinə azadlıqdan məhrumetmə nəzərdə tutulacaq.

“Qanuna belə sərt dəyişikliklər edilməsi 2013-cü il prezident seçkilərinə hesablanıb. Çünki bu günədək qanunun yuxarıda sadalanan normalarının pozulması barədə bir fakt belə olmayıb. Sual olunur, əgər mövcud qanunvericilik pozulmursa, onun sərtləşdirilməsi hansı zərurətdən irəli gəlir”, - deyə A.Məmmədli sual edib.

Avropa İttifaqı “Şərq tərəfdaşlığı” proqramına daxil 6 ölkədə təzyiq altında olan, fəaliyyəti qadağan edilmiş təşkilatlara, o cümlədən xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarına yardım üçün 6 milyon avro ayırır.

“Görünür Azərbaycan hakimiyyəti bu yardımın Azərbaycan siyasi təşkilatlarına ayrılmasının qarşısını almaq istəyir”, deyə o fikirləşir.

A.Məmmədli hesab edir ki, son bir neçə ayda Azərbaycan iqtidarı qadağalar praktikasının qanunvericiliyə gətirilməsinə üstünlük verir.

“Bundan öncə isə parlament icazəsiz aksiyalara görə cərimələri fantastik həddə çatdırıb”, o qeyd edib.
XS
SM
MD
LG