Accessibility links

İslandiya üzərində vulkanın kül dumanı hava uçuşlarında fasilələrə səbəb olub

  • Cəmilə Aydın

Avropa boyu hava limanlarının bağlı qalması üzündən bu gün 17 min uçuşun təxirə salınması gözlənilir

İslandiyada baş verən vulkanın tozlu dumanı artıq ikinci gündür ki, Avropada hava uçuşlarına maneə törədir. Bu, 2001-ci il 11 sentyabr terror hücumlarından sonra hava nəqliyyatının ən geniş formada dayandırılmasıdır. Avropada hava nəqliyyatına nəzarət agentliyi Avrokontrol bildirib ki, Avropa boyu hava limanlarının bağlı qalması üzündən bu gün 17 min uçuşun təxirə salınması gözlənilir. Rəsmilər bunun ən azı sabaha qədər davam edəcəyini söyləyib. Keçən həftə təyyarə qəzasında vəfat edən Polşa prezidenti Leç Kaçinskinin dəfn mərasiminə iki gün qalmış Polşa hökuməti hava hüdudlarının əksər hissəsini bağlayıb. Belə güman edilir ki, havada olan tozlu duman dünya liderlərinin bazar günü keçiriləcək mərasimə gəlməsinə əngəl törədə bilər. Prezident sözçüsü cümə günü Varşavada müxbirlərə bildirib ki, prezident Kaçinskinin ailəsi hava durumundan asılı olmayaraq heç bir halda dəfn mərasiminin tarixini dəyişilməsini istəmirlər. Mərasim Polşanın cənub-şərqindəki Krakov şəhərində keçiriləcək. Krakov üzərindəki hava hüdudları hazırda bağlıdır.

XS
SM
MD
LG