Accessibility links

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin ofisində axtarış aparılıb


Anar Məmmədli

Anar Məmmədli

Axtarış 5 saatdan çox davam edib. Müstəntiqlər 20 qovluq sənədlər, nəşrlər, bukletlər, maliyyə sənədlərini və iki kompüterin prosessorunu aparıb

Oktyabrın 31-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinin müstəntiqləri Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) Vaqif prospekti 3, mənzil 156-da yerləşən ofisində axtarış aparıb.

SMDTM-nin rəhbəri Anar Məmmədli Amerikanın Səsinə bildirib ki, axtarış gündüz saat 11-də başlayıb və beş saatdan çox davam edib.

“Müstəntiqlər mənə axtarışla bağlı Nəsimi rayon məhkəməsinin qərarını təqdim etdilər, ancaq qərarla tanış olandan sonra geri aldırlar və surətini çıxarmağa imkan vermədilər. Nəsimi rayon məhkəməsi axtarışla bağlı qərarı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinin vəsatəti əsasında qəbul edib. Vəsatətin məzmunu barədə hər hansı məlumat vermədilər. Yalnız bildirdilər ki, fakt üzrə cinayət işi qaldırılıb, ilkin istintaq dövrüdür. Hansı fakt üzrə cinayət işi qaldırıldığı barədə də məlumat vermədilər”, o qeyd edib.

Müstəntiqlər ofisdə bütün sənədlərlə tanış olublar.

“Maliyyə sənədlərini, tədbirlərin proqramlarını, nəşrləri, bukletləri götürdülər. Ümumilikdə 20 qovluqda olan sənədləri və iki kompüterin prosessorunu apardılar”, Məmmədli bildirib.

Rəsmi orqanlar baş verənlərlə bağlı hər hansı açıqlama verməyib.

SMDTM-i prezident seçkilərindən sonra seçkilərin beynəlxalq standartlara uyğun olmadığı, kütləvi qanun pozuntuları əks olunmuş hesabatla çıxış edib.

“SMDT hesab edir ki, 9 oktybar 2013-cü il prezident seçkisinin bütün mərhələlərində qeydə alınmış qanun pozuntuları və seçkiqabağı siyasi mühit bərabər rəqabət imkanlarını yaratmamış, Azərbaycan Respublikasının milli qanunvericiliyi və beynəlxalq standartların pozulması şəraitində baş tutaraq, azad və demokratik hesab oluna bilməz”, hesabatda qeyd olunur.

SMDTM-nin hesabatı ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun seçkiləri müşahidə missiyasının hesabatı ilə üst-üstə düşür.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Azərbaycanda seçki sistemi, vətəndaş cəmiyyəti və demokratiyanın inkişafı yönündə çalışan tərəfsiz qeyri-hökumət təşkilatıdır. Mərkəz ötən seçkilərdə də hökumətin təzyiqləri ilə üzləşib.
XS
SM
MD
LG