Accessibility links

İsmət Abasov: “Ermənilər sülh istəyir, amma nəticə hələlik yoxdur”


İsmət Abasov, Azərbaycan kənd təsərrüfatı naziri

İsmət Abasov, Azərbaycan kənd təsərrüfatı naziri

Kənd Təsərrüfatı üzrə Avropa Komissiyasının 36-cı sessiyası və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı 27-ci konfransında iştirak etmək üçün Yerevanda səfərdə olan Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov xidmətimizə müsahibə verib. Tədbirlərin bü gün sona çatdığını bildirən cənab Abasov 1980-ci illərin sonlarına qədər azərbaycanlıların yaşadığı ərazilərə baş çəkib. İsmət Abbasovla müsahibəni təqdim edirik.

Sual: İsmət bəy, BMT-nin Ərzaq proqramının konfransında hansı məsələlər müzakirə olundu və müzakirə olunan məsələlər sahəsində Azərbaycan hansı işləri görəcək?

Cavab: Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının mövqeyi bütün dünyada bəllidir. Onlar insanların ərzaq təminatının yaxşılaşdırılması üzərində işlərini qurur. Əsasəndə nəzərə alsaq ki, 2050-ci ildə Afrikanın və eləcə də Asiyanın bəzi dövlətlərində aclıqların olması gözlənilir. Bu barədə geniş müzakirələr aparıldı Hər bir ölkədə bu sahədə aparılan işlər barədə fikirlər söyləndi. Mən də Azərbaycanda son ildə görülmüş işlər barədə geniş məlumat verdim. Son 6 ildə yoxsulluğun 4.1 faiz azalaraq 11 faiz olmasını iştirakçıların nəzərinə çatdırdım.
Bu tədbirə qatılmağımızın əsas səbəbi o idi ki, 2012-ci ildə Kənd Təsərrüfatı üzrə Avropa Komissiyasının 37-ci iclası, eləcə də, BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının 28-ci konfransı Bakı şəhərində keçirilsin. Biz buna nail olduq, növbəti iki tədbir 2012-ci ildə Bakıda keçiriləcəkdir.

Sual: İsmət bəy, məlum olduğu kimi Azərbaycanla Ermənistan arasında rəsmi əlaqələr yoxdur. Konfransdan kənar hər hansı qeyri-rəsmi təmaslarınız oldumu, xüsusilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi mövzusunda?

Cavab: Məlumdur ki, mən bu şəhərdə anadan olmuşam. Ermənistan mətbuatı mənə bu barədə suallar da verdi. Mən bura gələndə öz anadan olduğum evə baş çəkdim. 17 il mən həmin evdə yaşamışam. Bu, mən qaldığım otelin lap yaxınlığındadır. Bundan baş mən Mirzə Fətəli Axundov adına 9 saylı məktəbi bitirmişəm və o məktəbə də baş çəkdim. Vaxtılə yaxın qohumlarımın yaşadığı Basarkeçər (Vardenis) rayonunun Şişqaya və Zod kəndlərində oldum.
Əlbəttə, torpaqlarımızın işğal olunması məsələsi bizim yaralı yerimizdir. Ermənistan tərəfdən də mənə bu barədə sual verildi. Mən qəti olaraq Azərbaycan xalqının, Azərbaycan dövlətinin, Azərbaycan prezidentinin mövqeyini bildirərək dedim ki, biz iki tərəf arasındakı bu münaqişənin həllinin sülh yolu həyata keçirilməsinin tərəfdarıyıq. Amma əgər bu məsələ sülh yolu ilə öz həllini tapmazsa, Azərbaycan alternativ yollardan istifadə edəcəkdir. O cümlədən hərbi yoldan istifadə də istisna deyil.

Sual: Uzun müddətdən sonra yenidən Yerevana səfər etdiniz və oradakı yerli əhali ilə, eləcə də ictimaiyyətlə keçirdiyiniz görüşlər zamanı ermənilərin sülh barədə mövqeləri ilə bağlı təəssüratlarınız necə oldu? Ermənistanda insanlar sülhə, azərbaycanlılarla yenidən birgə yaşamağa hazır görünürlərmi?

Cavab: Bəzi insanlarla görüşlərim oldu. Bilirdilər ki, mən Yerevanda anadan olmuşam və erməni dilində danışa bilirəm. Mətbuat işçiləri məndən soruşdu ki, erməni dilində danışa bilərəmmi? Mən ermənicə burada onların suallarını cavablandırdım. Mətbuat işçiləri ilə eləcə də, baş çəkdiyim kəndlərdə insanlar mənimlə apardıqları müəyyən söhbətlər zamanı çox sevindiklərini bildirdilər və dedilər ki, görəsən nə vaxt biz də əvvəllər Azərbaycanda yaşadığımız yerləri gedib görə biləcəyik. Sadə xalq sülh istəyir. Görüşdüyüm insanlar içərisində hər kəs münaqişənin aradan qaldırılmasının tərəfdarıdır. Düşünürəm ki, onlar da sülh istəyirlər. Amma sülh deməklə olmur. Onlar gərək torpaqlarımız boşalda, əhalimiz Dağlıq Qarabağa köçsün. Sonradan beynəlxalq qaydalara uyğun olaraq Dağlıq Qarabağa yüksək statusun verilməsi məsələsinə baxılsın. Hadisələr belə cərayan edəcəyi halda məsələ öz müsbət həllini tapacaq. Onlar sülh istəyirlər, amma nəticə hələlik yoxdur.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG