Accessibility links

Facebook və başqa sosial şəbəkələrin gündəlik həyatda rolu


Facebook və başqa sosial şəbəkələrin gündəlik həyatda rolu

Facebook və başqa sosial şəbəkələrin gündəlik həyatda rolu

Bütün dünyada olduğunu kimi Azərbaycanda da sosial şəbəkələrə maraq gündən-günə artır. Son 4 ay ərzində Azərbaycanda Facebook istifadəçilərinin sayı 2 dəfə artıb

Sosial şəbəkələr deyəndə insanın ağlına ilk olaraq İranda prezident seçkiləri, Moldovada hökumətin devrilməsi, ABŞ prezidenti Barak Obamanın prezidentlik uğrunda seçki kampaniyası kimi hadisələr yada düşür. Bəziləri üçün sosial şəbəkə gündəlik həyatın mühüm tərkib hissəsi, digərləri üçün isə vaxt itkisi anlamına gəlir. Bəs görəsən sosial şəbəkələr necə yaranıb?

Usernet adlanan İlk sosial şəbəkə və ya sosial media 1979-ci ildə yaradılsa da, populyarlıq qazana bilməyib.

Müasir sosial şəbəkə dedikdə isə çoxları üçün söhbət yalnız Facebook və Twitterdən gedə bilər. Əslində isə belə deyil. Bütün bloglar, forumlar, chat saytları və bu kimi internet vasitələri də sosial şəbəkə sayılır. İlk müasir sosial media 1997-ci ildə yaradılan Six Degrees olub. Daha sonra Asian Avenue, MiGente, BlackPlanet yaradılır. 2004-cü ildə Facebook yaradılanadək belə şəbəkələr arasında ən məşhurlardan biri LiveJournal idi. 2003-cü ildə fərqli məqsədlərlə yaradılan Hi5 və LinkedIn də sosial media bazarında özünə məxsus yer tutur. Ancaq ilk olaraq yalnız Harvard Universitetinin istifadəçiləri üçün yaradılan Facebook qısa müddət ərzində bütün şəbəkələrin reytinqini üstələyə bilib.

Hazırda 600 milyona yaxın üzvü olan Facebook-un 6 il ərzində əldə etdiyi gəlir 50 milyard dollar olaraq göstərilir. Dünya tendensiyasında azad fikrin ifadəsində müstəsnə rolu olan Facebook Moldovada hökumətin devrilməsində və 2008-ci ildə İranda prezident seçkilərindən sonra baş qaldırmış iğtişaşlar zamanı məlumatlardırıcı və paylayıcı rolu ilə öyünür.

Hakkı Öcal, Amerikanın səsinin sosial medialar üzrə eksperti

Hakkı Öcal, Amerikanın səsinin sosial medialar üzrə eksperti

Amerikanın səsinin Yaxın Şərq və Orta Asiya şöbəsinin veb redaktoru və sosial medialar üzrə eksperti Hakkı Öcal deyir ki, sosial şəbəkələrin, xüsusilə də Facebookun perspektivi artan xətt üzrə davam edir: “7-8 il əvvəl yaradılmış şirkətin maliyyəsinə nəzər salın: 50 milyard dollar. Bu şirkət təyyarə, avtomobil istehsal etmir, hər hansı bir dərman şirkəti deyil. Facebookun etdiyi yeganə iş insanlar arasında şəbəkə qurmaqdır. Bundan dünyada milyonlarla insan istifadə edir. Azərbaycanda da istifadəçilərin sayı sürətlə artır. Bildiyiniz kimi Türkiyə Facebookda ən çox istifadəçi olan 4-cü ölkədir. Mən bu göstəricilərin gündən-günə artacağını ehtimal edirəm”.

2006-cı ildə yaradılan Twitter sosial şəbəkəsi də qısa müddət ərzində dünyanın bir çox güşələrində populyarlıq qazana bildi. Twitter şəbəkəsi istifadə sadəliyi ilə digər rəqiblərindən fərqlənir.

ABŞ-ın Texas Universitetinin məzunu Sevinc Məmmədova xüsusilə bugünkü Amerika həyatını sosial şəbəkələrsiz təsəvvür edə bilmir: “Sosial şəbəkə hazırda dünyanı idarə edən qüvvələrdən biridir. Həm karyera, həm akademik cəhətdən, həm də gündəlik həyatımızda ən çox işlədilən, ən çox vacib sayılan vasitələrdən biridir. Məsələn götürək iş tapmağı, sosial şəbəkə ilə iş tapmaq daha asandır, nəinki müraciət formalarına daxil olmaqla. Sosial şəbəkələrdən istifadə həm asandır, həm də əlverişlidir”.

Bir müddət əvvəl sosial şəbəkələrlə əlaqəsini kəsən azərbaycanlı tələbə Emin Kərimov isə belə şəbəkələrin mənfi təsirlərinin müsbət tərəflərindən daha çox olduğunu düşünür: “İnsanların hər hansı bir mövzu haqqında şərh vermələri və səbirsizliklə digər insanların şərhlərini gözləmələri vaxt itkisinə səbəb olur. Bəzi dostların cansıxıcı postları və yaxud da onları silə bilmədiyim üçün, incikliyə səbəb olduğu üçün sosial şəbəkəni özüm tərk etdim. Digər tərəfdən də vaxt itkisidir. İmtahanlar, dərslərə görə belə düşündüm ki, ən yaxşısı tərk etməkdir”.

Facebook və başqa sosial şəbəkələrin gündəlik həyatda rolu

Facebook və başqa sosial şəbəkələrin gündəlik həyatda rolu

Ancaq düzgün istifadə ediləndə sosial şəbəkələrin gənclərin inkişafında böyük rol oynaya biləcəyini dilə gətirən Sevinc Məmmədova öz təhsil illərində müəllimlərin sosial şəbəkələrdən tədris vasitəsi kimi istifadə etdiyini xatırlayır: “Təhsil aldığım universitetdə professorlarımdan biri Facebooku öz dərs vasitəsi kimi istifadə edirdi. Hər hansı bir elan və ya məqalə olanda məüllim onu Facebook vasitəsilə çatdırırdı. Çünki o əmin idi ki, tələbələrin 90 faizi həmin gün, həmin saat Facebookdadırlar”.

Sosial şəbəkələr üzrə ekspert Hakkı Öcal sosial şəbəkələrin vaxt itkisi və özəl məlumatların istənilməyən insanların əlinə keçməsini çıxmaq şərtilə heç bir mənfi tərəfinin olmadığını düşünür. Onun sözlərinə görə, şəxslərlə yanaşı böyük şirkətlər də sosial şəbəkələrdən yetərincə yararlanır. Onun fikrincə burada belə şəbəkələrin rolu əsasən ictimaiyyətlə əlaqələrdir. Hakki Öcal deyir ki, Amerikanın səsi də daxil olmaqla mətbuat orqanları üçün sosial şəbəkələr göydəndüşmə vasitədir: “Xəbərləri istifadəçilərə sosial media vasitəsilə çatdırmaq daha tez olur. Əks halda insanlar səhərisi günü gözləyəcək, sayta gəlib bu xəbəri görəcək. Halbuki hazırda sosial şəbəkəyə Amerikanın səsində belə bir xəbər gələndə, bu bir anda minlərlə, onminlərlə istifadəçiyə ünvanlanır”.

Sevinc Məmmədova hesab edir ki, hazırda inkişafa daha çox yönümlü olan Azərbaycan gəncləri də artıq sosial şəbəkələrin üstünlüklərindən faydalanmaqdadır: “Bu, insanların sosial şəbəkəni necə, hansı limitdə, hansı məqsədlə istifadə etməsindən asılıdır. Əlbəttə öz inkişafları üçün istifadə edilərsə, niyə olmasın? Xüsusilə, hazırda inkişafa ehtiyacı olan Azərbaycanda gənclərin istifadəsi üçün çox yaxşı vasitədir”.

Qeyd edək ki, www.socialbakers.com saytının məlumatına görə, hazırda Facebook-da Azərbaycandan 279 100 istifadəçi qeydiyyatdan keçib. Bu da son 4 ay ərzində istifadəçilərin sayının 2 dəfə artdığını göstərir.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG