Accessibility links

"Günəşli"dəki yanğının söndürülməsi üçün xarici mütəxəssislər cəlb edilib [Video]


Balamirzə Ağarəhimov

Balamirzə Ağarəhimov

İtkin düşənlərin axtarışı hələlik nəticə verməyib

"Günəşli" yatağının 10-cu dəniz özülündə baş verən yanğının aradan qaldırılması üçün xarici mütəxəssislər cəlb edilib. Onlar artıq 10-cu özüldə, platformanın üzərindədirlər.

Trend agentliyinin məlumatına görə, bunu "Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov yanğın hadisəsi ilə bağlı son vəziyyətə aydınlıq gətirərkən deyib.

O qeyd edib ki, yanğının söndürülməsi üçün işlər davam etdirilir: "Xarici mütəxəssislər özülün sahəsinə qalxıblar, onlar vəziyyəti görüb qərar verməlidirlər".

B.Ağarəhimov əlavə edib ki, bu gün səhərdən indiyədək aparılan axtarışlar zamanı yanğın nəticəsində itkin düşən neftçilərdən heç birinin cəsədi aşkarlanmayıb: "Yanğın isə ilk gündəkinə nisbətən xeyli zəifləyib".

Onun sözlərinə görə, sabah havaların soyuması ilə əlaqədar olaraq, vertolyotla axtarış işlərinin aparılmasına Fövqəladə Hallar Nazirliyi qərar verəcək: "Gəmilərlə axtarış işləri küləyin sürətindən asılı olaraq müvəqqəti dayandırılacaq, sonra yenidən davam etdiriləcək. Güclü külək səbəbindən qadağan olunan işlər görülməyəcək, qalan işlər isə davam etdiriləcək".

Baş mühəndis qeyd edib ki, hadisə nəticəsində sağ qalanlar Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) işçiləridir: "Həmin şəxslərin işləyib-işləməsi onların özlərinin səlahiyyəti daxilindədir. Ölən şəxslərin ailələrinə bütün maddi təminat göstəriləcək. O ailələrə kifayət qədər normal məbləğdə vəsait ödəniləcək. Bu həmin işçilərin iş stajından, ailə vəziyyətindən və əmək haqqının məbləğindən asılı olacaq".

B.Ağarəhimov deyib ki, platformada hadisə baş verən gün bütün işlər dayandırılmışdı: "Həmin gün bizim əməkdaşlarımız iş yerində olmadığından partlayış zamanı heç kim xəsarət almayıb. Əks halda, onlar ağır xəsarət ala bilərdilər".

2013-cü ildə ARDNŞ-nin və ABŞ-ın "BOOTS & COOTS" servis şirkəti mütəxəsislərinin birgə səyləri və yanğınsöndürən gəmilərin dəstəyi ilə oktyabrın 23-də "Bulla-dəniz" yatağındakı 90 nömrəli quyunun ağzında fontana qarşı avadanlıqların quraşdırılması, eləcə də quyunun nəzarətə götürülməsi üzrə aparılan əməliyyatlar başa çatdırılmış və yanğın söndürülmüşdü.

***

"Günəşli" yatağının 10-cu dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşənlərin dünən axşamdan indiyədək aparılan axtarışı hələlik heç bir nəticə verməyib.

Trend agentliyinin məlumatına görə, bunu "Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov hadisə ilə bağlı son vəziyyətə aydınlıq gətirərkən deyib.

B.Ağarəhimov deyib ki, 26 nəfərin axtarışı üçün əlavə helikopterlər cəlb edilib. Həmin şəxslərin 3-nün axtarışı üçün "Neft daşları"nda, 23-nün axtarışı üçün isə "Günəşli" ərazisində işlər aparılır.

B.Ağarəhimov qeyd edib ki, axtarışlara əlavə olaraq, Fövqəladə Hallar Nazirliyinin 4 helikopteri, Sərhəd Mühafizə Xidmətinin 2 helikopteri, 5 gəmisi cəlb edilib.

Onun sözlərinə görə, "28 May" Neft Qazçıxarma İdarəsinin ərazisində axtarış üçün dalğıc qrupunun əvəzinə gəmidən sualtına xüsusi aparatlar buraxılıb, axtarış həmin aparatlarla apalır.

B.Ağarəhimov bildirib ki, yanğının söndürülməsi üçün avadanlıqlar artıq meydançanın üzərinə yerləşdirilib.

"Tikinti-quraşdırma idarəsinin əməkdaşları həmin avadanlıqların birləşdirilməsi işini davam etdirirlər. Bu işlərin axşama qədər yekunlaşması nəzərdə tutulub".

XS
SM
MD
LG