Accessibility links

Məhkum işgəncə ilə öldürülüb? - Penitensiar Xidmət təkzib edir


Məhkum işgəncə ilə öldürülüb? - Penitensiar Xidmət təkzib edir

Məhkum işgəncə ilə öldürülüb? - Penitensiar Xidmət təkzib edir

Bacısı Elşad Babayevin döyülərək öldürüldüyünü bildirir və fotolarını yayıb

Dekabrın 22-də 14 saylı cəzaçəkmə müəssisəsində məhkumların qiyama qalxması barədə məlumatlar yayılıb.

“Yeni Müsavat” qəzetinin məlumatına görə məhbusları ayağa qaldıran səbəb kimi 31 yaşlı məhkum Elşad Babayevin işgəncə ilə öldürülməsi göstərilir. Qeyd olunur ki, E.Babayevə qarşı müəssisədə məsul post tutan mayor rütbəli Firdovsi adlı şəxs, rejim rəisi, baş leytenant Faiq adlı şəxs bir neçə xidmətçi ilə birlikdə kobud rəftara yol verib.

Dünyasını dəyişən E.Babayevin bacısı Simuzər Babayeva “Yeni Müsavat”ın redaksiyasına gələrək dəhşətli şeylər danışıb.

O, deyib ki, qardaşının meyiti üzərində çoxsaylı işgəncə izləri olub: “Dekabrın 22-də axşam 7-8 radələrində telefonuma zəng gəldi. Kimliyi haqda məlumat verməyən şəxs dedi ki, qardaşın Elşadın meyiti Lökbatanda morqdadır. Ondan onun ölümünün səbəbini soruşdum.

Dedi ki, heç bir məlumat verə bilmərik. Dediyi ünvana getdim. Meyitxanada qardaşımın meyitinə baxdım. Onun qollarında, ayaqlarının altında, boynunda, belində, üzündə xəsarətlər, işgəncə izləri vardı. Ayaqlarının altı şişmişdi. Morqdan bir sənəd verdilər. Orada qardaşımın ölümünün səbəbi göstərilməmişdi.

Bu gün də bunu bizə deməyiblər. Mən morqda qardaşımın meyitinin şəkillərini çəkmişəm. Onu sanki filmlərdə göstərilən siyasi məhbuslar üçün həbsxanada döyüb öldürüblər”.

Qəzet Elşad Babayevin işgəncələrə məruz qaldığını təsdiq edən qançıqlarla dolu şəkillərini də dərc edib.

Penitensiar Xidmət rəisinin Mətbuat məsələləri üzrə köməkçisi Yaşar İsakov Amerikanın Səsinə bildirib ki, 14 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhkum Elşad Babayevin işgəncə ilə öldürülməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

“Dekabrın 22-də 14 saylı cəzaçəkmə müəssisəsində baş vermiş hadisə ilə bağlı Penitensiar xidmətin ictimaiyyətə rəsmi açıqlaması verilib. Hadisə ilə bağlı, eləcə də məhkum Elşad Babayevin vəfatı ilə əlaqədar Qaradaq rayon prokurorluğu tərəfindən cinayət işi qaldırılıb, istintaq aparılır və ictimaiyyətə bu haqda rəsmi məlumat veriləcək”, o qeyd edib.

Öz növbəsində Qaradağ rayon prokurorluğundan Cinayət Məcəlləsinin hansı maddəsi ilə cinayət işinin başlanılması barədə hələ məlumat almaq mümkün olmayıb.

XS
SM
MD
LG