Accessibility links

İntiqam Əliyevin məhkəmə prosesi davam edir


Hüquqşunas İntiqam Əliyev saxlanılarkən

Hüquqşunas İntiqam Əliyev saxlanılarkən

Hakim növbəti iclası 31 mart saat 14:00-a təyin edib

Hüquq Maariflçiliyi Cəmiyyətinin (HMC) rəhbəri İntiqam Əliyevin işi üzrə növbəti məhkəmə prosesində hüquq müdafiəçisi prosesə sədrlik edən hakim Rasim Sadıqova etiraz edib.

İ.Əliyev bildirib ki, prosesə sədrlik edən Rasim Sadıqov çoxsaylı vəsatətləri təmin etməyərək müdafənin effektiv təşkilinə mane olur.

Bundan əlavə, R.Sadıqov məhkəmə çəkişməsi prinsipini, jurnalistlərin prosesi işıqlandırması hüququnu pozur, siyasi sifarişi yerinə yetirir.

Digər iki hakim məşvərətdən sonra etirazın qəbul edilmədiyini bəyan ediblər.

Sonra HMC-nin baş mühasibi Gülşən Orucovanın bacısı, zərərçəkən Əfsanə Orucovanın dindirilməsi davam edib.

Ə.Orucova bildirib ki, bacısının pulları İ.Əliyevə verdiyini şəxsən görməyib. O, bacısının İ.Əliyevin kabinetinə daxil olduğunu görüb.

Sonra İ.Əliyev siyasi proseslərdə ittiham olunanların günahsızlığını sübut etmək cəhdlərinin mənasız olduğunu deyib. O, NİDA Hərəkatının fəalı İlkin Rüstəmzadənin bulvarda heykəltəraşlıq işini təhqir etməsi kimi absurd itihamla mühakimə olunduğunu xatırladıb.

İ.Əliyev dindar Abgül Süleymanovun və Tale Bağırzadənin, hətta siqaret çəkməyən gənc fəal Cabbar Savalanın narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham olunduqlarına toxunub.

Vəkil Şəhla Hümbətova təşkilatda axtarış zamanı götürülmüş ilkin mühasibatlıq sənədlərinin, kompüterlərin, İ.Əliyevin səhhətinə dair tibbi sənədlərin, HMC qrantlarının qeydiyyatı haqda bildirişlərin istintaq orqanından istənilməsi haqda yazılı vəsatət təqdim edib. Məhkəmə bu vəsatəti təmin etməyib.

Sonra Ş.Hümbətova xatırladıb ki, İ.Əliyev qrant müqavilələrinin qeydiyyatı olmadan 13 layihənin reallaşmasında təqsirli bilinir. 2009-cu ilədək onlardan 7-i reallaşıb. Belə ki, o zaman qanunvericilik bunu tələb etmirdi.

6 qrant müqaviləsi Ədliyyə Nazirliyinin qeydiyyatı ilə həyata keçirilib. Lakin 2013-cü ilin iyunundan bu qurum həmin məlumatları öz saytında yerləşdirməyib. Qrantların qeydiyyatı barədə vəkillərin sorğusuna Ədliyyə Nazirliyi mənfi cavab verir.

Baxmayaraq ki, Ədliyyə Nazirliyi məlumatları saytdan götürüb, google sistemindən onların cash-variantları qalır.

Ş.Hümbətova Ədliyyə Nazirliyinin səhifəsindən götürülmüş və Gürcüstanda notariusun təsdiqlədiyi skrinşotları (Azərbaycanda notarius İnternetdən çıxarılmış məlumatları təsdiqləmir) təqdim edib. Bunlarda İ.Əliyevin qrantlarının qeydiyyatına dair məlumat var. O, bu materialların iş materiallarına daxil edilməsi barədə vəsatət qaldırıb.
Bu vəsatət dövlət ittihamçısı üçün gözlənilməz olduğundan o, vəsatətin öyrənilməsi və ona münasibət bildirilməsi üçün vaxt istəyib.

Hakim növbəti iclası 31 mart saat 14:00-a təyin edib.

İntiqam Əliyev avqustun 8-də həbs olunub. O, vergidən yayınmada, vəzifə səlahiyyətindən sui-istifadədə və qanunsuz sahibkarlıqda ittiham olunub. Sonradan ona qarşı mənimsəmə və vəzifə saxtakarlığı üzrə itihamlar da irəli sürülüb.

İ..Əliyev bütün ittihamları rədd edərək onları siyasi motivli sayır.

Amnesty İnternational İ.Əliyevi ”vicdan məhbusu” kimi tanıyıb.

XS
SM
MD
LG