Accessibility links

FHN: Binalarda poliuretan üzlüklər təhlükəsiz materiallarla əvəzlənir


FHN

FHN

Fövqəladə Hallar Nazirliyi (FHN) Azərbaycanda binalara vurulan yeni üzlüklərlə bağlı aparılmış müayinənin nəticələrini açıqlayıb.

FHN-in mətbuat xidmətinin məlumatına görə Bakı və respublikanın digər şəhər və rayonlarında süni material olan poliuretanla üzlənmiş binaların üzlüklərinin sökülməsi və dəyişdirilməsi işləri sürətlə davam etdirilir.

Hazırda poliuretan materialla üzlənmiş binaların fasad hissəsinə “fibro sement” və “modelpan” adlı süni tikinti materiallarından hazırlanmış üzlüklər vurulur.

FHN “İzotop” xüsusi kombinatının Radioloji laboratoriyası tərəfindən aparılmış radioloji müayinənin nəticəsinə əsasən, hər iki üzlüyün tərkibində süni radionuklidlər aşkar edilməyib. Müəyyən edilib ki, bu üzlüklərin tərkibindəki təbii radionuklidlərin xüsusi effektiv aktivliyi tikinti materialları üçün müəyyən olunmuş həddi aşmır və bu materiallar radiasiya təhlükəsizliyi qaydalarına əsasən, tikintinin bütün sahələrində məhdudiyyətsiz istifadə oluna bilər. Eyni zamanda, bu üzlüklər yanmayan materiallar qrupuna aiddir.

Xatırladaq ki, bu il mayın 19-da Bakının Azadlıq prospektində baş vermiş yanğın nəticəsində 15 nəfər ölüb, 64 nəfər isə yaralanıb. Yanğına binanın üzərinə çəkilmiş penoplas üzlüklər səbəb olub.

Bundan sonra hökumət binalardakı penoplas üzlüklərin sökülməsi barədə qərar qəbul edib.

XS
SM
MD
LG