Accessibility links

Azərbaycan və Rusiya gömrük xidməti nümayəndələrinin görüşü keçiriləcək


Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi

Noyabrın 26-da Xaçmaz Gömrük İdarəsinin (Bakıdan 157 kilometr şimal) “Samur” gömrük-keçid məntəqəsində Azərbaycan və Rusiya gömrük xidməti nümayəndələrinin növbəti işçi görüşü keçiriləcək.

Gömrük Komitəsinin məlumatına görə, görüşdə məqsəd gömrük-keçid məntəqələrində meydana çıxan problemləri yerində həll etmək və keçid məntəqələrinin işinin səmərəliliyini artırmaq üçün müvafiq tədbirlər görmək və bununla əlaqədar məlumat mübadiləsini həyata keçirməkdir.

Azərbaycan və Rusiya gömrük xidməti nümayəndələri müxtəlif keçid məntəqələri üzrə gömrük əməliyyatları, gömrük nəzarətinin təşkili, qarşılıqlı yardım və əməkdaşlıq məsələlərilə yanaşı, iki ölkə arasında kənd təsərrüfatı sahəsində mal dövriyyəsinin artımı və son günlərdə Azərbaycandan Rusiyaya daşınan kənd təsərrüfatı məhsullarının təyinat məntəqələrinə çatdırılmasında yaranan problemlər və onların aradan qaldırılması yollarını müzakirə edəcəklər.

Hazırda Azərbaycan ərazisində istehsal edilən kənd təsərrüfatı məhsullarının ixracının gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi prosesinin daha da sürətləndirilməsi üçün gömrük orqanlarına müvafiq tapşırıqlar verilib və görülən işlər nəticəsində malların ixrac həcminin artması müşahidə olunur.

Lakin Rusiya Federasiyasında yol vergisinə dair qəbul edilməsi nəzərdə tutulan yeni qanun layihəsinə etiraz olaraq Dağıstan Respublikası ərazisində yük avtomobillərinin sürücüləri nəqliyyatın hərəkətini dayandırıb ki, bu da öz növbəsində Azərbaycandan aparılan kənd təsərrüfatı məhsullarının təyinat məntəqələrinə çatdırılmasında problemlər yaradıb.

Məlumat üçün onu da bildirək ki, hazırda Dərbənd stansiyasında Azərbaycandan aparılan kənd təsərrüfatı məhsulları ilə yüklənmiş 200-dək vaqon gözləyir.

Bu problemlə əlaqədar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin rəhbərliyi Azərbaycan Respublikası Nazirlər Kabinetini də məlumatlandırıb.

XS
SM
MD
LG