Accessibility links

Devalvasiya şoku - qiymətlər qalxıb, valyutadəyişmə məntəqələri bağlıdır


Devalvasiya
Devalvasiya

Mərkəzi Bank manatın məzənnəsinin istənilən istiqamətdə üzməsinə imkan verməyəcəyini bildirir

Dekabrın 21-də manatın üzən məzənnəyə keçməsindən sonra dekabrın 22-də ticarət obyektləri hələ də şokdadır. Bir çox ticarət nöqtələri ya satış etmir, ya da qapılarını bağlayıb.

Dekabrın 21-də Mərkəzi Bank 1 dollar = 1,55 manat məzənnəsini müəyyən edib. Beləliklə manat 47 faiz devalvasiyaya uğrayıb. Bu ilin fevralında isə manat 34 faiz devalvasiyaya uğramışdı.

Amerikanın Səsinin müxbiri səhər saatlarında Bakının mərkəzi ticarət obyektləri və bazarlarında olub.

Müşahidələr göstərir ki, bazarlarda satılan yerli məhsulların qiymətlərində çüzi artım olsa da xaricdən idxal edilən meyvə və çərəz məhsullarının qiymətlərində 10-40 faiz artım var.

O cümlədən ərzaq mağazalarında müxtəlif məhsulların qiymətlərində 20-40 faiz arasında artım olub.

Ən çox qiymət artımı məişət texnikaları, elektronika məhsulları, mobil telefonlarda və bu məhsullar üçün nəzərdə tutulan aksesuarlarda olub. Burada artım 30-50 faiz, bəzi məhsullarda isə daha çoxdur.

Paytaxtın mərkəzi küçələrindəki əksər valyutadəyişmə məntəqələrinin ya qapıları bağlıdır, ya da alış-satış etmirlər. Bəzi məntəqlərdə isə 1 dolların alışı reklamlarında 1 dollar=1, 51 və 1,53 manat yazılıb. Dollar satışı demək olar ki, tam dayanıb.

Ticarətçilər arasında çoxsaylı şayiələr dolaşır. Bir çoxları işçilərini ixtisara salacaqlarını və yaxud hansısa satış mərkəzinin işçilərinin çoxunu artlıq ixtisar etdiyini deyirlər.

Adlarının çəkilməsini istəməyən xaricdən mal idxal edən ticarətçilər Amerikanın Səsinin müxbiri ilə söhbətində artıq rüşvətin yığışdırılmasının vaxtının çatdığını bildirib.

“Amma, bunlar əksinə edib, idxal zamanı rüşvəti daha da qaldırıblar. Əvvəl bir korobka üçün 4500 manat əlavə xərcimiz çıxırdı, indi 8 000 manat olub”, ticarətçilərdən biri qeyd edib.

Ticarətçi hansı elektron məhsulun bir qutusu (yəqin ki, konteyner nəzrəd tutur-red) üçün bunun edildiyini deməyib.

Dollar kursuna gəlidikdə isə Mərkəzi Bank bu gün dolların kursunu bir qədər də artırıb.

Dekabrın 22-də Mərkəzi Bank 1 dollar üçün 1,5511 manat, 1 avro üçün isə 1,6939 manat məzənnə müəyyən edib.

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov Azərbaycan Dövlət Televiziyasına müsahibəsində bildirib ki, son dövrlər beynəlxalq bazarlarda neftin qiyməti 3 dəfədən çox düşüb.

“Ölkənin valyuta bazarına və manatın məzənnəsinə ciddi təzyiqlərin yaranmasını nəzərə alaraq cari ilin fevral ayında manatın devalvasiyası baş verdi. İqtisadiyyat, valyuta bazarı, manatın məzənnəsi neftin 50-55 dollar qiymətinə adaptasiya oldu. Lakin yeni yaranmış vəziyyət manatın məzənnəsinin yeni neft qiymətlərinə uyğunlaşmasını zəruri edir. Buna görə, bu gündən etibarən üzən məzənnə rejiminə keçidlə bağlı qərar qəbul olunub. Söhbət idarə olunan üzən məzənnədən gedir. Mərkəzi Bank manatın məzənnəsinin istənilən istiqamətdə üzməsinə imkan verməyəcək”, o qeyd edib.

Rüstəmov hesab edir ki, bugünkü məzənnədən əhəmiyyətli dərəcədə kənarlaşma iqtisadiyyat üçün ciddi çaşqınlıq yarada bilər.

“Bu gün biz ilk auksionumuzu təşkil etdik. Biz həmçinin məzənnənin əməliyyat çərçivəsini dəyişdik. Bundan öncə biz bazarın valyutaya olan tələbini tam ödəyirdik. Lakin bundan sonra biz artıq bazara auksionlar vasitəsilə valyuta təklif edəcəyik, tələb-təklif proporsiyasına nəzər salacağıq”, Mərkəzi Bankın sədri bildirib.

XS
SM
MD
LG