Accessibility links

Məhəmməd Talıblı: Əhali baha bazarla üz-üzə buraxılıb [Video-müsahibə]


“İqtisadi Təhlil İnstitutu” İctimai Birliyinin rəhbərinin Amerikanın Səsinə müsahibəsi

“İqtisadi Təhlil İnstitutu” İctimai Birliyinin rəhbəri Məhəmməd Talıblı Amerikanın Səsinə müsahibəsində 2015-ci ilin yadda qalan iqtisadi hadisələri, devalvasiya, neftin qiyməti və hökumətin böhrana hazır olub-olmamasından danışıb.

Amerikanın Səsi: 2015-ci ilin əsas iqtisadi hadisələri kimi hansı amillər yadda qalacaq?

Bu devalvasiya əhalinin həm gəlir hissəsinə təsir etdi, həm biznesi sarsıtdı, həm dövlətin gəlir mənbələrinə təsir etdi.

Məhəmməd Talıblı: 2015-ci il bir neçə vacib iqtisadi hadisələrlə yadda qalacaq. Son on ildə ilk dəfə Azərbaycanın dövlət büdcəsinin gəlir və xərclər hissəsində azalmalar qeydə alındı. Söhbət büdcənin gəlir hissəsinin 25 faiz, xərc hissəsinin isə 22,1 faiz azalmasından gedir. Bu, əslində 2011-ci il ümumi büdcəmiz səviyyəsinə düşməmiz deməkdir. Azərbaycanın artıq post neft dövrü başlayıb. Hasilatın pik dövrü də artıq geridə qaldı. Belə bir vəziyyətdə ölkənin gəlir mənbələrinin əsası olan dövlət büdcəsinin gəlir mənbələrində də azalmalar qeydə alınıb. Daha vacib hadisə devalvasiyanın baş verməsidir. Söhbət bir ildə iki dəfə böyük devalvasiya hadisəsindən gedir. Belə hadisələr digər postsovet ölkələrində də baş verib. Söhbət Qazaxıstan, Gürcüstan kimi ölkələrdən gedir. Bu ölkələrdə də devalvasiya həddi olub. Son 3-5 ildə həmin ölkələrdə devalvasiya səviyyəsi 30-40 faizdən çox deyil. Amma, bizdə 21 fevralda və indi baş verən devalvasiya təxminən 96-100 faiz həddində böyük bir həddi əhatə etdi. Bu devalvasiya əhalinin həm gəlir hissəsinə təsir etdi, həm biznesi sarsıtdı, həm dövlətin gəlir mənbələrinə təsir etdi. Təbii ki, dövlətin gəlir mənbələrinə yaxşı təsir də göstərdi. Çünki həmin gəlir mənbələrinin formalaşdırılması hesabına Neft Fondundan dövlət büdcəsinə köçürmələrdə dollar şəklində yığım etmiş Neft Fondu manatı konvertasiya edib dövlət büdcəsinə köçürmək yolu ilə 3,1 milyard manat irəli düşdü. Büdcə təşkilatlarından faydalanan şəxslər isə bazarlarda bahalaşma, xüsusilə məzənnənin artımından əmələ gəlmiş ziyanlar hesabına büdcədən daha az vəsait almaq vəziyyətində qalırlar. Bu da valyuta-maliyyə sferasında çox ciddi problemlərdən xəbər verir. Ölkə iqtisadiyyatı uzun müddət hər hansı bir səviyyədə saxlaya bildiyimiz valyuta məzənnəsini daha həmin səviyyədə saxlamağın mümkün olmadığını ortaya çıxardı.

Amerikanın Səsi: Devalvasiyanın əhalinin sosial durumuna və iqtisadiyyata əsas təsirləri nə vaxt hiss ediləcək? Pik həddi nə vaxta təsadüf edəcək?

Məhəmməd Talıblı: Bu ümumiyyətlə davamlı bir proses olacaq. Əvvəla ona görə ki, devalvasiyanın həddi böyük faizlərlə ifadə olunur. İkincisi hökumətin devalvasiyanın qarşısını almaq üçün çox ciddi planları və konkret fəaliyyətləri hiss olunmur. Bütün bunlar onu deməyə əsas verir ki, ölkənin valyuta bazarında dollar qıtlığlı yaranıb. Eyni zamanda, ölkənin valyuta daxilolmalarında dollarda daxilolma kanalları daralır. Dünyada neftin qiyməti də xeyli aşağı düşüb. Belə bir vəziyyətdə hasilatın da aşağı düşməsi fonunda ölkənin valyuta daxilolma kanalları daralır. Digər bir tərəfdən Mərkəzi Bankın ehtiyatları da sürətlə tükənir. Son on ayda Mərkəzi Bank 10 milyard manatdan artıq ehtiyatlarını devalvasiya üçün xərcələyib. Bütün bunlar onu deməyə əsas verir ki, əslində ölkənin strateji valyuta ehtiyatlarında ciddi azalmalar baş verib. Bunlar ümumilikdə ölkədə həm əhalinin, həm də biznzesin maraq və mənafelerini tamamilə əks etdirmir. Əslində onlara daha böyük ziyanlar gətirir. Belə bir vəziyyətdə əhalinin gəlirləri azalır, onların istehlak malları indeksi yüksəlir, bazarda infliyasiya təzyiqləri artır. Bu zaman hökumətin sadə vətəndaşların sosial müdafiəsini təmin etmək üçün demək olar ki, praktiki mexanizmləri yoxdur, konkret olaraq bu istiqamətdə addımlar atılmır. İnidki halda isə, bayram ərəfəsidir, qiymətlər də əhəmiyyətli dərəcədə artıb. Hökumətin sosial müdafiə mexanizmləri işə düşmür, əslində qiymət artımları hesabına əhali bazarla üz-üzə buraxılıb.

Amerikanın Səsi: Hökumət bir qayda olaraq yeni iş yerlərinin açıldığını, iqtisadiyyatın inkişaf etdiyini bildirir. 2016-cı ildə Azərbaycanda iş yerləri ilə bağlı vəziyyət necə olacaq?

Ölkədə sənaye-tikinti xərclərinin azalması ilə müşahidə olunur.

Məhəmməd Talıblı: Dövlət büdcəsinin gəlir və xərc hissəsində azalmalar baş verir. Bu azalmalar əsasən dövlət investisiya xərclərinin azalmasında özünü göstərir. Dövlət investisiya xərcləri özündə nəyi ifadə edir? Ölkədə sənaye-tikinti xərclərinin azalması ilə müşahidə olunur. Söhbət 4,2 milyard manat azalmanın 3,8 milyardının yalnız sənaye-tikinti investisiya xərclərinin payına düşür. Bu isə o deməkdir ki, məhz dövlət sifarişləri hesabına həyata keçirilən tikinti layihələri demək olar ki, dayandırılacaq. Bu, tikinti sektorunda çalışan on minlərlə insanın işsiz qalması deməkdir. Bu sektorda müvəqqəti iş yerinə sığınmış insanlar yeni iş yeri axtarmaq məcburiyyətində qalacaq. Bu ümumilikdə sosial gərginlik mənbəyidir. Onların iş yerlərini itirməsi əlavə olaraq yoxsulluq səviyyəsinin dərinləşməsinə gətirib çıxaracaq. Bunlar əlavə olaraq məşğulluğun təmin olunması üçün hökumətin effektiv siyasət həyata keçirməsini zəruri edir.

Amerikanın Səsi: Hökumətin böhranı idarə etmək qabiliyyətini necə qiymətləndirərdiniz? Ölkədə sosial-siyasi gərginliklərin baş verməməsiüçün hansı addımlar atılmalıdır?

Məhəmməd Talıblı: Bir neçə istiqamətdə addımlar atmaq mümkündür. Hökumət mövcud vəziyyətin böhran olduğunu etiraf edərək, anti-böhran tədbirləri həyata keçirməlidir. Qeyri-neft sektoru inkişaf etdirilərək, bu sektordan ölkəyə valyuta daxilolmalarının həcmini artırmaq lazımdır. Eyni zamanda, zərərə düşmüş vətəndaşların sosial müdafiəsini təmin etmək məqsədi ilə onlara yönəli sosial siyasətdə müəyyən korreksiyalar etməık lazımdır. Sosial gərginliyin azalması üçün dövlət büdcəsindən sənaye-tikinti investisiya xərcələrinin azaldılması ilə paralel sosial yönümlü xərclərin artırılmasına ehtiyac var. Sosial yönümlü xərclər deyəndə, - təhsil, səhiyyə, sosial müdafiə, sosial təminat, mədəniyyət, incəsənət, - bu istiqamətdə xərclərin həyata keçirilməsini nəzərdə tuturuq. Amma, bu xərclər həmin sahələrdə investisiya xərclərinin həyata keçirilməsi deyil, vətəndaşlara yönəli sosial siyasətin əlçatamlığı təmin olunasını əhatə etməlidir.

XS
SM
MD
LG