Accessibility links

Rufan Ağcabəyov və Marfin Vladimir Suriya və İraqda İŞİD, "Cəbhət ən-Nüsra" və "Cunduş-Şam"ın tərkibində döyüşməkdə ittiham olunur

İyunun 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada döyüşməkdə təqsirləndirilən Rufan Ağcabəyov və Marfin Vladimirin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Trend agentliyinin məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hazırlıq iclası yekunlaşıb və iş üzrə məhkəmənin baxış iclası iyunun 16-na təyin edilib.

İttihama görə, R.Ağcabəyov və M.Vladimir artıq ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilmiş antiterror tədbirləri nəticəsində həbs edilib. Onlar 2013-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya və İraq ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən İŞİD, "Cəbhət ən-Nüsra" və "Cunduş-Şam" terrorçu təşkilatlarının fəaliyyətində iştirak edib.

R.Ağcabəyovun qardaşı Urfan Ağcabəyov isə Suriyada öldürülüb.

Azərbaycanın hüquq-mühafizə orqanları onun barəsində bir neçə il əvvəl beynəlxalq axtarış elan edib. Hər iki qardaş Qarabağ müharibəsinin iştirakçısı olub.

R.Ağcabəyov və M.Vladimir Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə) və 283.1.3-cü (Milli, irqi, sosial və ya dini düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irq, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddələri ilə ittiham olunur.

XS
SM
MD
LG