Accessibility links

Bakıda XX-ci əsrin əvvəlində inşa edilən bina sökülür [Video]


Bina bu yaxınlara qədər memarlıq abidələrin reyestrinə daxil edilmişdi

İyunun 10-da Bakının “Sovetski” adlanan ərazisində Mirzə Fətəli Axundov küçəsi, 45 ünvanında yerləşən binanın üzlüyünün sökülməsinə başlanıb. Binada yaşayan sakinlər söküntüyə etiraz edirlər.

Bu barədə sakinlər Amerikanın Səsinin hadisə yerində olan müxbirinə bildirib.

Bu yaxınlara qədər qədim ikimərtəbəli bina memarlıq abidələrinin reyestrinə daxil edilmişdi.

Lakin bu zonada kütləvi söküntü işləri ilə əlaqədar bəzi digər tarixi abidələr kimi, bu bina da qorunan obyektlər siyahısından çıxarılıb.

Üzlüyün sökülməsi ilə məşğul olan şəxslər yerli sakinlərə və ora toplaşan ictimaiyyət nümayəndələrinə bildirirlər ki, bədii dəyərləri əks etdirən fraqmentlər səliqəli şəkildə götürülüb sonradan başqa yerlərdə nümayiş etdiriləcək.

Lakin hətta belə olduğu halda bu cür işi mütəxəssislər həyata keçirməlidir. Burada isə üzlüyün sökülməsi ilə fəhlələr məşğuldur və hansı qurumu təmsil etdikləri məlum deyil.

Binanın Tural Əliyev adlı sakini bildirib ki, nə Mədəniyyət və Turizm Nazirliyi, nə də Yasamal Rayon İcra Hakimiyyəti ona və sakinlərə heç bir sənəd təqdim etməyib. T.Əliyevin sözlərinə görə, binanın söküntüsü Yasamal Rayon İcra Hakimiyyətinin göstərişi ilə həyata keçirilir.

O deyib ki, sakinlər təklif edilən pul kompensasiyası ilə razı deyil.

“Biz heç bir kompensasiya istəmirik. Biz bu binanın saxlanmasını istəyirik”, T.Əliyev vurğulayıb.

Binanın sökülməsinə dair məhkəmə qərarı sakinlərə təqdim olunmayıb. Halbuki hər iki tərəf məhkəməyə müraciət edib və işə iyunun 17-də baxılacaq.

Bina 1909-cu ildə tikilib.

Azadlıq Radiosu da tarixçi-alim Altay Göyüşovla Nazirlər Kabinetinin siyahısındakı 21 binadan bəzilərini axtarıblar.

NK-nin siyahısındakı daha iki ünvan: Mirzə Fərəli Axundov 43 və 45. Bu binalar da “Arxitekturnaya ensiklopediya Baku” kitabında yer alıb. Oradakı məlumatda hətta binaların eskizini də yerləşdiriblər.

Kitabda oxuyuruq: “ Bakının ənənəvi daş memarlığının böyük təsiri şəraitində orderli sistemin sərbəst həll nümunəsi olan yaşayış binası. Yan bəndləri klassik formalar və təsviri incəsənət elementləri ilə interpretasiyası və zəngin mərkəzi vasitəsi ilə fasad müstəqil individual ifadə qazanıb”.

Tarixçi Altay Göyüşovla Mirzə Fətəli Axundov 25-də yerləşən ünvana yaxınlaşırıq. 3 mərtəbəli böyük binadır. Altay Göyüşov deyir ki, bu bina Fatullayev-Fiqarovun kitabında bədii dəyəri olan bina kimi qiymətləndirilib və Bakı arxitekturasının incilərindən biri kimi xarakterizə olunub:

Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev bu binaların yerli əhəmiyyətli tarixi abidələr siyahısına tələm-tələsik salındığını, xüsusi bir memarlıq və tarixi çəkisi olmadığını deyir.

İki il əvvəl Bakı şəhərinin Baş Planına uyğun olaraq paytaxtın Yasamal rayonu ərazisində, Azərbaycan prospekti, Tolstoy küçəsi, Əli bəy Hüseynzadə küçəsi və Nərimanov prospektinin yaxınlığında, eyni zamanda Nəriman Nərimanovun abidəsindən Hüseyn Cavid bağına kimi uzanan ərazidə yerləşən evlərin sökülməsinə başlanılıb.

2001-ci il tarixli "Tarixi və mədəniyyət abidələrinin mühafizəsi haqqında" qanuna əsasən dövlət mühafizəsinə götürülmüş memarlıq abidələrinin siyahısı təsdiq edilib. Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli sərəncamı ilə bütün ölkə ərazisində 8 mindən çox tarixi və mədəniyyət abidəsi dövlət mühafizəsinə götürülüb.

"2009-cu ildə Milli Məclis memarlıq irsinin qorunması haqqında Avropa Konvensiyasını təsdiq edib və bütün tarixi-mədəniyyət abidələri bu konvensiyanın predmetidir", deyə "Mülkiyyət müqəddəsdir" ictimai komitəsinin həmsədri Aytəkin İmranova bildirib.

Show comments

XS
SM
MD
LG