Accessibility links

Sabiq nazir Əli Abbasov barəsində cinayət işi başlanmayıb


Əli Abbasov
Əli Abbasov

Sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov barəsində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işinin başlanması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Amerikanın Səsinə bildirib.

Bu gün bir sıra yerli KİV-lər keçmiş nazir barədə cinayət işinin başlanmasını yazıb.

E.Sultanovun sözlərinə görə, sabiq rabitə naziri barədə deyil, nazirliyin digər vəzifəli şəxsləri barəsində hazırda istintaqı aparılan cinayət işinin materiallarından cinayət işi ayrılaraq ayrıca icraata verilib. Hazırda həmin iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

2015-ci ilin noyabrında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq yüksək vəzifəli şəxsləri barədə Cinayət Məcəlləsinin 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 29, 179.3.1-ci (mənimsəmə və ya israf etməyə cəhd, mütəşəkkil dəstə tərəfindən törətməyə cəhd), 29, 179.3.2-ci (mənimsəmə və ya israf etməyə cəhd, külli miqdarda törətməyə cəhd), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə çinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətinin 2015-ci ilin noyabrında Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki həbslərlə bağlı yaydığı məlumata görə, nazirliyin aparat rəhbəri Vidadi Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.

Bununla yanaşı, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən nazirlik sistemində həyata keçirilmiş yoxlamalar nəticəsində “Aztelekom” MMC-nin sabiq baş direktoru Məmməd Məmmədov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qənbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov, həmçinin Emin Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) Nizami telefon qovşağının sabiq rəisi Fətullah Seyidov və həmin birliyin baş mühasibi Rəşad Məmmədov, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, "Optik Qurğular" İdarəsinin rəisi N.Məmmədov və “Aztelekom” MMC-nin baş mühasibi Oqtay Rüstəmov saxlanılıb.

Bu cinayət işi üzrə bir sıra şəxslərlə bağlı cinayət işinin istintaqı yekunlaşıb və məhkəmələrə göndərilib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG