Accessibility links

Oqtay Gülalıyevin rəhbərlik etdiyi QHT dövlət qeydiyyatına alınıb


Bu, "Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü" (MSŞT) üzrə beynəlxalq rəhbər komitənin qərarından sonra baş verib

17 ildən sonra Ədliyyə Nazirliyi hüquq müdafiəçisi Oqtay Gülalıyevin rəhbərlik etdiyi “Demokratik İslahatlar Uğrunda” Cəmiyyətini başqa adla qeydiyyata alıb.

O.Gülalıyev Amerikanın Səsinə bildirib ki, təşkilatın adı “Demokratik İslahatlar Uğrunda” Cəmiyyət olsa da Ədliyyə Nazirliyi qurumu "İnkişafa Yardım" İctimai Birliyi kimi qeydiyyata götürüb.

“Nazirlik nə təşkilatımızın adından, nə də onun məqsəd və məramından bir cümlə belə saxlamayıb. Təklif edirlər ki, yeni təşkilatla iqtisadi araşdırma aparaq. Onu da edərik, niyə də etməyək? Araşdıraq görək ölkəyə 150 milyard neft pulu gəldiyi halda iqtisadiyyatımız niyə çökür? Niyə ölkəmizdə monopoliya, korrupsiya hökm sürür? Bir qrup şad-xürrəm, böyük əksəriyyət isə səfalət içində yaşayır? Hansı adla tanınmaq önəmli deyil, əsas olduğunuz kimi görünmək və tanınmaqdır”, Gülalıyev facebook səhifəsində yazıb.

Oqtay Gülalıyev yazır ki, son 17 ildə 10 dəfə sənədləri hazırlayıb Ədliyyə Nazirliyinə təqdim etsə də qeydiyyatdan imtina edilib.

Bir neçə gün öncə isə Oqtay Gülalıyevə qarşı 2012-ci ildə Kür çayının daşması zamanı monitorinq apardığı vaxt qaldırılmış cinayət işinə xitam verilib.

Gülalıyevin rəhbərlik etdiyi təşkilat “Mədən Sənayesində Şəffaflığın Artırılması” QHT Koalisiyasının üzvüdür.

"Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü" (MSŞT) üzrə beynəlxalq rəhbər komitə bir il öncə Azərbaycanın üzvlüyünü namizədlik statusuna endirib və ölkəyə bir illik islahedici tədbirlər planı təqdim edib.

Bu il oktyabrın 26-da beynəlxalq rəhbər komitə Azərbaycanın namizədlik statusunu saxlamaqla ona 2017-ci ilin martınadək həyata keçirmək üçün növbəti islahedici tədbirlər planı təqdim edib.

İslahedici plana görə, Azərbaycanın MSŞT-nin 1.3. saylı "Vətəndaş cəmiyyətinin iştirakı" standartı üzrə vəziyyəti qənaətbəxş deyildir.

Əgər islahedici tədbirlər planının icrası rəhbər komitənin növbəti, 2017-ci ilin martında keçiriləcək iclasınadək uğursuz olarsa, o halda ölkənin MSŞT standartlarına görə fəaliyyəti dayandırılacaq.

“Mədən Sənayesində Şəffaflığın Artırılması” QHT Koalisiyasında 150 QHT təmsil olunur. Bu QHT-lərin 36-sını Ədliyyə Nazirliyi qeydiyyata almaqdan imtina etmişdi. Son günlər həmin 36 QHT-dən 18-i nazirlikdə qeydiyyata alınıb.

Alyansın rəhbəri Qubad İbadoğlu bildirib ki, “Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü”nə üzv olan təşkilatların vergi cərimələri hələ də qalır, bu cərimələrin aradan qaldırılması istiqamətində demək olar ki, heç bir təşəbbüs yoxdur.

“Eyni zamanda, bir çox üzv təşkilatların qrantları hələ də Ədliyyə Nazirliyi tərəfindən qeydiyyatdan keçirilmir, onlara imtina cavabı verilir. Bizim “Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü”nə üzv olan iki təşkilatın nümayəndəsi müxtəlif səbəblərdən həbsdədir”, o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG