Accessibility links

Elman Yusifov: “Qırmızı kitab”a salınan növlərin sayı iki dəfə artıb [Video-müsahibə]


Zoologiya İnstitutunun direktoru Amerikanın Səsinə müsahibəsində faunadan danışıb

Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun direktoru Elman Yusifov Amerikanın Səsinə müsahibəsində Zoologiya elminin tətbiqi, “Qırmızı kitab”a düşən növlərin xilas edilməsi yolları, Xəzərin faunasının qorunması, elmi işçilərin sosial müdafiəsindən danışıb.

Amerikanın Səsi: Azərbaycanda Zoologiya elminin tətbiqi əhəmiyyəti nədədir? Ölkənin iqtisadi inkişafında zoologiya elminin yerini necə qiymətləndirərdiniz?

Elman Yusifov: Ümumilikdə götürəndə, tək zoologiya yox, biomüxtəlifliyin özü kainatda və yerdə həyatın təmin edilməsi üçün çox vacib bir amildir. Yer üzərindəki bütün canlıları bir supercanlı, bir sistem kimi qəbul etmək lazımdır. Çünki bütün canlılar bir-birləri ilə bağlıdır. Yəni, bu zəncirin icərisində kiçicik bir həlqənin sınması bütün sistemin dağılması, pozulması deməkdir. Bu məsələnin birinci tərəfidir. İkinci məsələ, siz zoologiyanı dediniz, məsələn zoologiyada həşəratlar aləmi yer üzərində bütün bitkilərin fəaliyyəti, həyatı, tozlanması prosesində əvəzolunmaz bir funksiya daşıyır. Kənd təsərrüfatı bitkiləri, istər meyvə, istər tərəvəz bitkiləri, siz bilirsiniz ki, onların hamısının tozlanmasında həşəratlar müstəsna əhəmiyyət daşıyır. Digər tərəfdən, zoologiya, ümumiyyətlə fauna qida mənbəyi kimi çox böyük rol oynayır. Ona görə, bu və ya digər faktorlarlara görə, zooloji tədqiqatların aparılması, faunanın mühafizəsi, davamlı inkişafı həm milli, həm də qlobal müstəvidə çox böyük əhəmiyyət daşıyır.

Amerikanın Səsi: Uzun illərdir ölkədə “Qırmız kitab” mövcuddur. Hər il bu kitaba nəsli kəsilməkdə olan yeni növlər daxil edilir. Burada antropogen faktorun rolu nə qədərdir?

Elman Yusifov: Məlumat üçün bildirim ki, bizim ilk “Qırmızı kitab” 1989-cu ildə işıq üzü görüb. Ondan 25 il sonra 2013-cü ildə “Qırmızı kitab”ın ikinci nəşri çapdan çıxıb. “Qırmızı kitab” faunanın vəziyyətinin bir auditidir. Yəni, qiymətləndirilir, hansılar yaxşıdır, təhlükəli deyil, hansılar çox təhlükəli həddə yaxınlaşır, onda onun davamlı inkişafı üçün tədbirlər görülür. Əhəmiyyəti isə göz qabağındadır. Müqayisə üçün deyim ki, 1989-cu ildəki “Qırmızı kitab”a 107 növ salınmışdı, 2013-cü ildə təhlükəli həddə yaxınlaşan növlərin sayı 223-ə çatıb.

Amerikanın Səsi: “Qırmızı kitab”a daxil edilmiş növlərin artırılıb vəhşi təbiətə buraxılması üçün hansı işlər aparılır?

Elman Yusifov: Artıq yeni ildən özümüzün tədqiqat işlərimizə nadir və nəsli kəsilməkdə olan növlərin süni şəkildə çoxaldılıb təbiətə yayılması işlərinə başlanacaq. Yəni, onların sayının çoxaldılıb təbitə yayılması, sayının bərpası üzərində işlərə başlayacağıq. Bu sahədə Azərbaycanda geniş işlər görülür. İDEA təşkilatı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ceyranların reproduksiya (yenidən çoxaldılma-red) işləri aparır. Biz də yeni ildən ən çox təhlükəli həddə yaxınlaşan siniflər üzrə bəzi canlıların süni şəkildə çoxaldıb təbiətə yayılması üzərində çalışacağıq. Həşəratlar üzrə, kəpənəklərdir, böcəklərdir, sürünənlərin bəzi nümayəndələri var, quşlardan, xüsusilə Talış Qırqovulu, Qafqaz Qırqovulu son 30 ildə demək olar ki, rast gəlinmir. Ona görə, bu quşların süni şəkildə çoxaldılıb təbiətə yayılmasını bizim mütəxəssislər çox vacib hesab edir.

Amerikanın Səsi: Hansı növlər daha təhlükəli həddədir?

Elman Yusifov: Baxın, bəzi növlər var ki, onların nəsli kəsilib. Məsələn, Turan Pələngi olub. Sonuncusu ötən əsrin 30-cu illərində vurulub. Bu gün də elə canlı var ki, 40-50 ildir ki, onu tapa bilmirik. Bunlar kaftardır, çöl pişiyidir, Qafqaz Qırqovuludur, Talış Qırqovuludur, bunlar artıq nəsli kəsilmək təhlükəsindədir.

BMT qurumunun status kateqoriyası on pilləyə bölünür. Onlar nəsli kəsilmiş, nəsli kəsilmək həddinə yaxınlaşan, zəifləmiş, məlumat olmayan, - belə kateqoriyalara bölünüb. Bizdə də belə növlər var. Ümumiyyətlə “Qırmızı kitab”a daxil edilmiş 223 növün təxminən yarısı artıq nəsli kəsilmək təhlükəsi altındadır. Vəziyyət o qədər də ürəkaçan deyil.

Amerikanın Səsi: Xəzər dənizinin faunasının qorunması sahəsində hansı tədbirlər həyata keçirilir. Beynəlxalq təşkilatlar Xəzərdə nərəkimilərin nəslinin kəsilməkdə olduğunu bildirir. Sahilyanı dövlətlər bunun qarşısının alınması üçün hansı birgə elmi işlər aparır?

Elman Yusifov: Konkret olaraq bizim institutda bu işlə böyük bir laboratoriya məşğuldur. İxtiologiya laboratoriyası, həmçinin Hidrobiologiya laboratoriyası bu işlə məşğuldur. Orada tək nərəkimilərdən söhbət getmir. Bütün bentos canlıları (dəniz dibində yaşayan canlılar-red), Xəzər dibinin canlıları, onlar da indi sənayenin inkişafı ilə əlaqədar olaraq böyük təzyiq altındadırlar. Xəzər suiti, o da çox təhlükəli həddə yaxınlaşır. Siz nərəkimiləri xüsusi qeyd edirsiniz, çünki onun sənaye əhəmiyyəti var. Yəni o qidadır, deilaktesdir. Ümumiyyətlə bu sahə ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məşğul olur. Məndə olan məlumata görə, onlar bu sahədə beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edirlər. Nərəkimilərin süni şəkildə çoxaldılması Neftçala yaxınlığındakı “Xıllı Balıqartırma” zavodunda həyata keçirilir. Bizim alimlər yalnız onların üzərində elmi tədqiqat işləri aparırlar. Əlbəttə, bizim Mingəçevir təcrübə-dayaq məntəqəmiz, İxtioloji laboratoriyamız var. Gələn ilin ortalarından nərəkimilərin süni çoxaldılmasına başlayacağıq. Nərəkimilərin süni çoxaldılması bir sıra texniki çətinliklərlə bağlıdır. Birincisi böyük vəsait tələb edir. Sonra o suya, mühitə, temperatura, yemə qarşı çox həssas bir canlıdır. Hələlik, biz orada bir sıra balıq növlərini və tibbi zəliləri çoxaldırıq. Gələn ilin ortalarından Ağsu təcrübə-dayaq məntəqəmizdə və Mingəçevir İxtioloji laboratoriyamızda nərəkimilərin süni şəkildə çoxaldılması üzrə elmi-tədqiqat işlərinə başlayacağıq.

Amerikanın Səsi: Büdcədən ayrılan vəsait beynəlxalq standartlara uyğun elmi laborotoriyaların yaradılması, elmi tədqiqatlar üçün bəs edirmi? Elmi işçilərinizin əmək haqları beynəlxalq elm mərkləzlərinin elmi işçilərinin əmək haqqı ilə müqayisə edilə bilərmi?

Elman Yusifov: Bir tərəfdən, həqiqətən də bizim , elmi işçilərimizin orta aylıq əmək haqqını xarici alimlərin orta aylıq əmək haqqı ilə müqayisə etsək, biz bu sahədə uduzuruq. Sonra avadanlıq məsələsi, çünki müasir avadanlılar çox bahadır. Bu sahədə də… Son dövrlər bu məsələ daha kəskin durur. Çünki, dünyada iqtisadi böhran Elmlər Akademiyası sisteminə də mənfi təsirini göstərib. Amma çıxış yolu kimi, biz artıq elmi nailiyyətlərin satışı, elmin pul gətirməsi, elmin çevik olaraq istehsalata tətbiqi üzərində çalışırıq. Bunlardan biri də tibb zəlisidir. Tibb zəlisi çox böyük farmoseptik əhəmiyyətə malikdir. Onun bir ədədinin qiyməti dünya bazarlarında 4-6 avro civarında dəyişir. Bunun üçün biz çalışırıq artıq büdcədən asılı olmayaq. Öz daxili imkanlarımızdan istifadə edək. Burada baramaçılıq da var, kənd təsərrüfatı bitkilərinə qarşı bioloji mübarizə, yəni ekoloji təmiz məhsulların alınması istiqamətləri də var. Sonra bir mikroorqanizm var, - nematod. O xüsusilə Abşeron torpaqlarında çox geniş yayılıb. Demək olar ki, Abşeron torpaqlarının hamısını zəhərləyir. Bu məhsuldarlığa çox pis təsir göstərir, bitkilərin ömrünü azaldır, zəiflədir. Biz bununla əlaqədar olaraq Rusiya Bitki Mühafizəsi İnstitutu ilə birgə əməkdaşlıq haqqında müqavilə imzalamışıq. İstəyirik ki, belə əməkdaşlıq müqavilələri ilə, təsərrüfata tətbiq vasitəsi ilə əlavə gəlirlər əldə edək, işçilərin əmək haqqını təmin edək.

Show comments

XS
SM
MD
LG