Accessibility links

Təqsirləndirilən Vidadi Zeynalov ifadə verməkdən imtina edib

Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sabiq məmurlarının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Məhkəmədə müttəhimlər kürsüsündə RYTN-in sabiq Aparat rəhbəri Vidadi Zeynalov, "Aztelekom" MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov, "Rabitə Mülki Tikinti" MMC-nin direktoru Emin Məmmədov, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, "Optik Qurğular" İdarəsinin rəisi Namazəli Məmmədov və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmov əyləşib.

Bugünki prosesdə şahidlərin gəlmədiyi elan olunub. Hakim bildirib ki, məhkəməyə gəlməyən şahidlərin barəsində məcburi gətirilmə qərarı çıxarılsa da, onlar telefon zənglərinə cavab verməyiblər.

Təqsirləndirilən Vidadi Zeynalov isə ifadə verməkdən imtina edib.

"Əli Abbasov gəlib burada dindirilməyincə, mən ifadə verməyəcəm. Onu çağırın, gəlsin, ifadə versin", V.Zeynalov deyib.

Proses fevralın 8-dək təxirə salınıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq yüksək vəzifəli şəxsləri ifadələrində büdcə vəsaiti xərclənərkən xərcləri şişirtdiklərini etiraf ediblər. İstintaqın qənaətinə görə, məhkəmə önünə çıxarılan 11 nəfər toplam 153 milyon 143 min manatlıq mənimsəmə və israfetmə ilə dövlətə ziyan vurub.

XS
SM
MD
LG