Accessibility links

Rövşən Ağayev: Pensiya yaşının 65-ə qaldırılması demoqrafik baxımdan qəbuledilməzdir [Audio-müsahibə]


İqtisadçl ekspert Amerikanın Səsinə müsahibəsində pensiya yaşının artırılmasının yaradacağı problemlərdən danışıb

“Pensiya yaşı orta yaş həddinə görə müəyyən edilir. Beynəlxalq standartlara görə, pensiyaya çıxdıqdan sonra insanların orta hesabla 12 il pensiya almaq imkanı olmalıdır”.

Bu barədə iqtisadçı Rövşən Ağayev Amerikanın Səsinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, artıq dünyanın inkişaf etmiş ölkələrində, o cümlədən, qərbi Avropa ölkələrində və Yaponiyada orta ömür 80-83 ildir. Bu ölkələrdə pensiya yaşı 65-dir, bəzi ölkələrdə isə 67 yaş müəyyən edilib.

“Azərbaycanda da qadın və kişilərin pensiya yaşını 65-ə qaldırırlar. Rəsmi statistikaya görə, Azərbaycanda kişilərin orta ömrü 72-i, qadınların orta ömrü 75-dir. Amma BMT-nin hesablamalarına görə, Azərbaycanda orta ömür uzunluğu 70 yaş ətrafındadır”, o qeyd edib.

Ekspert hesab edir ki, Azərbaycanda pensiya yaşı 65 yaş müəyyən edilərsə beynəlxalq standartlarda olan 12 illik pensiya almaq imkanı təmin edilmir.

"Əzrayıl və pensioner" (Karikatura Gündüz Ağayevindir)

"Əzrayıl və pensioner" (Karikatura Gündüz Ağayevindir)

“Yəni orta ömür uzunluğunun 70-72 il olduğu ölkədə pensiya yaşının 65 yaş müəyyən edilməsi qəbuledilməzdir. Məsələn, Rusiyada orta ömür uzunluğu Azərbaycanda olduğu kimi azdır. Orada pensiya yaşı qadınlar üçün 55, kişilər üçün 60 yaş ətrafındadır”.

Ekspert ölkədə pensiya yaşının 65-ə qaldırılmasını demoqrafik baxımdan qəbuledilməz sayır.

“Bunun sosial nəticələri də olacaq. Onsuz da Azərbaycanda yoxsulluq kifayət qədər yüksəkdir. Xüsusilə, yaşlı insanların pensiyaqabağı iş tapmaları müşküldür. Bu insanlar pensiyaya çıxa bilmədikdə birbaşa aktiv şəkildə əmək bazarına daxil olacaq və iş tapa bilmədiklərindən işsizlərin sayını artıracaq”.

Ağayevin fikrincə, pensiya yaşının qaldırılması dövlətin yaşlı insanların sosial yükünü öz üzərinə götürmək istəməməsi deməkdir.

“Hökumət bu sosial yükü ailələrin üzərinə yükləyir. Pensiya yaşının artırılması həm də 60-65 yaşlı insanlar arasında yoxsulluq səviyyəsini kəskin şəkildə artıracaq”.

Ekspert hökumətin pensiya yaşını artırmasının səbəblərindən danışarkən deyib ki, artıq neft dövrü bitib, post neft dövrü başlayıb.

“Qeyri-neft sektoru büdcənin və sosial müdafiə fondunun çox az bir hissəsini ödəyə bilir. Bu səbəbdən də hökumət sosial yükü bir qədər öz üzərindən atmaq istəyir. Çünki indiki pensiya yaşı qaldıqca daha çox adam pensiyaya çıxır”.

Onun fikrincə, pensiya yaşının artırılması, pensiyaya çıxanların sayının azalması deməkdir.

“2010-cu ildə, pensiya yaşı artırılana qədər olan 10 ildə pensiyaya çıxanların sayı təxminən 10 faiz artıb. Amma pensiya yaşı artırıldıqdan sonra keçən müddətdə əvvəlki 10 illə müqayisədə pensiyaya çıxanların sayı azalmaqda davam edib. Faktiki olaraq hökumət pensiya yaşını artırmaqla pensiyaya çıxanların sayını azaltmaq istəyir. Bununla da özünün büdcə yükünü azaltmış olur”.

Ekspert bildirib ki, hökumət pensiya yaşını artırmaqla yaşlı insanları daha çox işləməyə məcbur etmiş olur.

“Onsuz da bizdə pensiyaya çıxan insanların əksəriyyəti işləməyə məcbur olurdu. Çünki pensiyaları onların xərclərini qarşılamır”.

İqtisadçı pensiya yaşının artırılmasının sosial gərginliyin artmasına da təkan verəcəyini düşünür.

“Onsuz da Azərbaycanda sosial gərginlik var.

Devalvasiya oldu, amma hökumət pensiyaları və gəlirləri bu devalvasiyaya uyğun indeksasiya etmədi. Pensiya yaşının artırılması da tədricən sosial gərginliyə təsirlərini göstərəcək”, o qeyd edib.

Milli Məclisin Əmək və sosial siyasət komitəsi fevralın 28-də “Əmək pensiyaları haqqında” qanuna təklif olunan dəyişiklikləri müzakirə edib. Martın 7-də sənəd parlamentin plenar iclasının müzakirəsinə çıxarılacaq.

Mövcud qanuna görə, kişilər 63, qadınlar isə 60 yaşında pensiyaya çıxır. İndi bu yaş həddini 65-ə qaldırılması nəzərdə tutulur.

Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib ki, pensiya yaşının qaldırılmasının ziyanlı tərəfi yoxdur.

“Pensiya yaşının qaldırılmasının ziyanlı tərəfi yoxdur. İnsanların ömrü uzanıb. Sağlamlıqları buna imkan verir”, o qeyd edib.

XS
SM
MD
LG