Accessibility links

Rövşən Ağayev: Azərbaycanda hər 1000 nəfərdən 61-nin orta ömrü 65 yaşdan çoxdur


Rövşən Ağayev

Rövşən Ağayev

Pensiya yaşının artırılması ilə bağlı qanunvericiliyə təklif edilən dəyişikliklər Milli Məclisə daxil olandan sonra cəmiyyətdə ən çox müzakirə olunan məsələ Azərbaycanda əhalinin ömrünün uzanmasıdır.

İqtisadçı ekspert Rövşən Ağayev bu suala cavab olaraq BMT-nin Azərbaycanda orta ömürlə bağlı statistikasının təhlilini Facebook səhifəsində dərc edib. Ekspert yazıb ki, təqdim etdiyi diaqram bu müzakirələr üçün maraqlı ola bilər:

BMT-nin Azərbaycanda orta ömürlə bağlı diaqramı

BMT-nin Azərbaycanda orta ömürlə bağlı diaqramı

1959-cu ildə Azərbaycan əhalisinin hər 1000 nəfərindən 58 nəfəri 65 yaşdan yuxarı əhali qrupuna aid olub. 2016-cı ildə də bu göstərici çox cüzi dəyişib - 61 nəfər. Ən yüksək göstərici 2010-cu ildə qeydə alınıb - 65 nəfər.


BMT-nin ən son statistikasına görə, bu göstəricinin ən yüksək səviyyəsi Yaponiyadadır - 260 nəfər. Yerdə qalan inkişaf etmiş ölkələrdə həmin rəqəm 140-200 nəfər intervalında dəyişir.

Yaşlı əhalinin ümumi əhalidə yüksək paya malik olmasının 2 səbəbi var: doğumun yüksək olması səbəbindən 0-14 yaşlı uşaqların, həmçinin15-30 yaşlı yeniyetmə və gənclərin ümumi əhaliyə nisbətinin yüksək olması. İkinici səbəb əhalinin uzunömürlülüyüdür. İnsanların nə qədər az hissəsi əmək qabiliyyətli yaşda və pensiyaya çıxandan sonrakı ilk 5 ildə vəfat edirsə, nə qədər çox hissəsi 70 yaşdan sonra uzun ömür sürürsə, ölkə üzrə orta ömür uzunluğu da bir o qədər yüksək olur”, ekspert yazıb.

Milli Məclis “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı sənədi müzakirə edir. Sənəddə qadın və kişilərin pensiya yaşının 65 yaşa qaldırılması təklif edilir. Hazırki qanunvericiliyə görə, pensiya yaşı kişilər üçün 63, qadınlar üçün isə 60-dır.

Xatırladaq ki, dünyada pensiya yaşı orta yaş həddinə görə müəyyən edilir. Beynəlxalq standartlara görə, pensiyaya çıxdıqdan sonra insanların orta hesabla 12 il pensiya almaq imkanı olmalıdır.

Azərbaycan rəsmiləri BMT-nin apardığı statistikadan fərqli olaraq pensiya yaşının qaldırılmasını ölkədə insanların ömrünün uzanması ilə izah edir.

Bununla yanaşı, müstəqil ekspertlərin fikrincə pensiya yaşının artırılması iqtisadi-maliyyə böhranı ilə əlaqədardır.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG