Accessibility links

Martın 15-də axşam saatlarında Bakı metrosunun “28 may” stansiyası ilə “Gənclik” stansiyası arasındakı tuneldə tüstülənmə baş verib.

Fövqəladə Hallar Nazirliyi bildirir ki, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri hadisə yerinə cəlb olunub, operativ tədbirlər nəticəsində tüstülənmənin mənbəyi aşkar edilib və qarşısı alınıb.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, Bakı vaxtı ilə saat 20 radələrində metronun “28 May” və “Gənclik” stansiyaları arasındakı tuneldə tüstülənmə müşahidə edilib.

“Həm sərnişinlərin stansiyaya daxil olmasında, həm də qatarların hərəkətində qısamüddətli fasilə yaranıb. Əməkdaşlarımız hadisənin səbəbini aydınlaşdırmaq üçün tunelə düşdülər. Aydın oldu ki, tuneldəki naqillərdə qısa qapanma nəticəsində qızma olub və onların izolyasiya hissəsi əriyib. Bu səbəbdən tüstülənmə yaranıb. Tüstü həm “Gənclik”, həm də “28 May” stansiyasında müşahidə edilib”, o qeyd edib.

Nəsimi Paşayevin sözlərinə görə, sərnişinlərin sağlamlığı üçün təhlükə yaranmayıb, yalnız bir neçə nəfər tüstü nəticəsində özünü pis hiss edib və onlara hadisə yerində ilkin tibbi yardım göstərilib.

Öz növbəsində, hadisə şahidlərindən biri Amerikanın Səsinə deyib ki, tüstülənmə nəticəsində bir neçə nəfər zəhərlənib.

“Tüstüdən sanki boğulurdum. Dəhşətli dərəcədə pis iyidən hələ də başım ağrıyır”, deyə hadisə zaman vaqonda olan şəxs bildirib.

Xatırladaq ki, Bakı metropolitenində 28 oktyabr 1995-ci ildə tuneldə qatarın alışması nəticəsində 300 adam ölüb, 400 nəfər xəsarət alıb. O zaman qatarların alışmasının səbəbi kimi naqillərdəki qısa qapanma göstərilib.

Bu qəza "Ginnesin Rekordlar Kitabı"na ən dəhşətli metro qəzası kimi düşüb.

XS
SM
MD
LG