Accessibility links

Böyük Britaniya və ABŞ mühüm sosial kommunikativ ünsiyyət vasitəsi kimi sosial medianı dəstəkləyir

Azərbaycanda keyfiyyətli media və internet birliyinin formalaşmasına dəstək verən İREX beynəlxalq qeyri-hökumət təşkilatının növbəti konfransının mövzusu “Sosial mediada etika” idi.

Jurnalistlərin və online media sahəsində ekspertlərin toplaşdığı konfrans USAİD və Britaniyanın Bakıdakı səfirliyi tərəfindən dəstəklənib.

Böyük Britaniya səfiri İrfan Siddiq və ABŞ səfirliyinin media məsələləri üzrə nümayəndəsi Conas Stüart konfransı açarkən hökumətlərinin mühüm sosial kommunikativ ünsiyyət vasitəsi kimi sosial medianı dəstəklədiklərini bildiriblər.
İREX-Azerbaijan-ın direktoru Ancela Nikoara sosial media tərəfindən informasiya toplanmasının əsas problemləri kimi informasiyanın dəqiqliyini, səhihliyini, müəllifin təhlükəsizliyini, hüquqi bazanı, jurnalistlərin işinin yaradıcılıq nöqteyi-nəzərdən təşkilini göstərib.

Sosial mediada etika konfransı

Sosial mediada etika konfransı

“Jurnalist balans, obyektivlik, dəqiqlik, dürüstlük prinsiplərinə riayət etməlidir”, deyə İREX-in Yeni Media layihəsinin rəhbər müavini Ələsgər Məmmədli bildirib.

Ekspert sosial medianın rolunun, ənənəvi KİV-də onlara istinadların artdığını etiraf etsə də, sosial mediada etik normaların hələ də formalaşmadığını vurğulayıb.

“Bizdə ənənəvi mediada balans, dürüstlük problemi mövcud idi, indi də bu problem sosial şəbəkələrə keçib”, deyə o qeyd edib.

Azərbaycanda qanunvericiliyə dəyişiklik edildikdən sonra ötən ildən etibarən diffamasiyaya görə cəza sosial şəbəkə iştirakçılarına da şamil edilir. Fəal sosial media “jurnalistlərindən” biri - Mehman Hüseynov Azərbaycanda interneti qeyri-azad adlandırıb. “Mənə və sosial şəbəkənin digər aktiv iştirakçılarına təzyiq göstərilir”, deyə o bildirib.

Qafqazinfo.az informasiya saytının redaktoru Elbrus Erud sosial şəbəkənin əsas problemlərindən biri kimi müəllif hüquqlarının pozulmasını göstərib. “Çox vaxt biz xəbər, məqalə yerləşdirən kimi onlardan başqa resurslar ilkin mənbəyə istinadsız istifadə edir”, deyə o bildirib.

Sosial mediada etika konfransı

Sosial mediada etika konfransı

Araşdırmaçı-jurnalist Xədicə İsmayılova da KİV və söz azadlığı sahəsində qanunvericiliyi repressiv adlandırıb. “Bir tərəfdən hakimiyyət xoşagəlməz rəqiblərə qarşı qanundan istifadə edir, digər tərəfdən onları tənqid edən jurnalistlərin hüquqları pozulanda qanunun varlığını unudur”, deyə o bildirib.

Xatırladaq ki, sosial şəbəkədə jurnalistin intim həyatı haqqında videomateriallar yayılıb, amma hökumət onların qarşısının alınması üzrə heç bir tədbir görməyib, cinayətkarları isə cəzalandırmayıb.

Müzakirələrin qızğın vaxtında ekspertlər - Rumıniyadan İoana Avadani, Böyük Britaniyadan İvor Qabor, ABŞ-dan Randi Kovinqton online rejimdə konfransa qatılıblar, onlar da sosial mediada etika problemi ilə bağlı öz fikirlərini ifadə ediblər.

Avadani Azərbaycanlı həmkarlarına müraciətdə sosial şəbəkədə azadlıq və məsuliyyət arasında kompromisi dəqiq şəkildə ifadə edib: “Biz fakta və fikirlərdə plüralizmə hörmət etməliyik”.
XS
SM
MD
LG