Accessibility links

Sosintern Qara dəniz və Cənubi Qafqaz regionundakı münaqişələri müzakirə edir


Sosintern Qara dəniz və Cənubi Qafqaz regionundakı münaqişələri müzakirə edir
Sosintern Qara dəniz və Cənubi Qafqaz regionundakı münaqişələri müzakirə edir

Rusiya, Moldova, Qırğızıstan, Qazaxıstan, Ermənistan, Gürcüstan, Ukrayna, Belarus və İsveç nümayəndələrinin iştirak etdiyi iclasda Qara dəniz və Cənubi Qafqaz bölgəsində münaqişələr müzakirə edilir

Bakıda Sosialist İnternasionalın MDB, Qafqaz və Qara dəniz hövzəsi regional komitəsinin iclası keçirilir.

Rusiya, Moldova, Qırğızıstan, Qazaxıstan, Ermənistan, Gürcüstan, Ukrayna, Belarus və İsveç nümayəndələrinin iştirak etdiyi iclasda Qara dəniz və Cənubi Qafqaz bölgəsində münaqişələr müzakirə edilir.

Sosialist İnternasionalın baş katibi Luis Ayalo bildirib ki, problemlərin müharibə yolu ilə həlli sosial-demokrat ideologiyasına ziddir. “Əlbəttə, münaqişələrin nizamlanması üzrə real qərarların qəbulu hökumətlərdən və dövlətlərdən asılıdır. Lakin bu qərarların həlli üçün əlverişli mühiti siyasətçilər yaratmalıdırlar və bu mənada Sosintern öz töhfəsini verir. Bütün dünya üzrə sosialist qüvvələrini birləşdirən Sosintern ciddi siyasi qüvvədir. Belə ciddi qüvvələr cəlb edilmədən qlobal problemlərin həlli mümkün deyil. Biz bu ilin iyununda Yerevanda Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin iştirakı ilə dialoqa başlamışıq. Bu gün isə dialoqu Bakıda davam etdiririk”.

Azərbaycan Prezident Administrasiyasının bölmə müdiri Vüqar Əliyev bildirib ki, Azərbaycan siyasətində Sosintern üçün əsas prioritet olan azadlıq, sosial ədalət, həmrəylik prinsipləri rəhbər tutulur.
Cənab Əliyev Ermənistanın Azərbaycana qarşı təcavüzü və Azərbaycan ərazilərini işğal etməsini də nümayəndələrin diqqətinə çatdırıb.

Müzakirələr isə gərgin şəraitdə keçib.

Ermənistanın Daşnakstyun partiyasının sədr müavini Kiro Manoyan bildirib ki, ATƏT-in Minsk qrupu və digər beynəlxalq təşkilatlar Qarabağı Azərbaycanın tərkibinə qaytarmaq istədiyi üçün münaqişənin həllinə nail ola bilmir. “Dağlıq Qarabağ iki dəfə müstəqillik əldə edib. Qarabağ heç zaman müstəqil Azərbaycanın tərkib hissəsi olmayıb, Sovet Azərbaycanının tərkib hissəsi olub. Bu Ermənistan-Azərbaycan arasında deyil, Qarabağ- Azərbaycan arasındakı münaqişədir. Azərbaycan Qarabağın müstəqilliyini tanıdıqdan sonra münaqişə həll ediləcək”.

Azərbaycan Sosial Demokrat Partiyasının həmsədri Araz Əlizadə bildirib ki, Ermənistan Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış ərazisinin 20 faizini işğal edib, 1 milyondan çox azərbaycanlı Ermənistanın işğalı nəticəsində qaçqın və məcburi köçkünə çevrilib. “Ermənistanın Azərbaycan ərazilərini işğalı hələ də davam edir. Münaqişə regionda demokratiya, insan haqları, iqtisadi-sosial duruma ağır zərbə vurub. Mən inanmıram ki, Ermənistan münaqişədən xeyir görüb. Çünki Ermənistanda iqtisadi-sosial durum daha ağırdır”, deyə o qeyd edib.
Cənab Əlizadə regionda müharibənin başlama ehtimalını da diqqətə çatdırıb. “Sosial demokratlar müharibə tərəfdarı deyil, amma Azərbaycanın bütün torpaqları işğaldan azad edilməlidir. Ən pis sülh ən yaxşı müharibədən yaxşıdır. Beynəlxalq cəhdlərə, dövlətlərarası dialoqa baxmayaraq, Ermənistan Azərbaycan torpaqlarını işğaldan azad etmir. İndi regionda “kim sülh istəyirsə müharibəyə hazır olmalıdır” prinispi ilə işləyirlər. Azərbaycanın hərbi büdcəsi 2,5 milyard dollardır. Biz heç kimdən torpaq istəmirik, öz torpaqlarımızı da heç kimə verməyəcəyik”, - deyə Əlizadə Manoyana cavab verib.
Cənab Əlizadə eyni zamanda deyib ki, 1913- cü il siyahıyaalmasına görə Yerevan əhalisinin 60 faizi azərbaycanlılar olub. “Hətta 1918-ci ildə Ermənistan Daşnakstyun partiyası Yerevanın Ermənistanın paytaxtı elan edilməsi üçün Azərbaycanın “Müsavat” partiyasına məktubla müraciət edib. Bütün bunlar tarixi sənədlərdir. Ermənistan bilməlidir ki, Rusiyanın dəstəyi olmasına baxmayaraq, Azərbaycanın işğal etdiyi torpaqlarını qaytaracaq”, - deyə o qeyd edib.
Forumda çıxış edənlər bütün münaqişələrin danışıqlar yolu ilə nizamlanmasına tərəfdar olduğunu ifadə edib.

Gürcüstan nümayəndəsi Abxaziya və Cənubi Osetiya probleminə diqqəti çəkib. “Biz Gürcüstan ilə Rusiya arasındakı Abxaziya və Cənubi Osetiya münaqişəsinin həlli istiqamətində dialoqun başlanması üçün Rusiya xarici işlər nazirinə və Amerikanın dövlət katibinə müraciət etmişik. Danışıq olmadan problem həll edilə bilməz. Bu işdə Sosialist İnternasionalı da yaxından iştirak etməlidir”, - deyə o qeyd edib.
Çıxışlarda ölkələrin daxili vəziyyəti də diqqət mərkəzində olub.

“Daxili sülh olmadan xarici sülh mümkün deyil. Ona görə, münaqişəni ölkənin daxilində və xaricində həll etmək lazımdır. Daxili sülhə nail olmayan ölkələr müharibəni qurtarmaq istəmir. Daxili sülh isə sosial ədalət, ədalətli əmək haqqı və insan haqlarının qorunmasından keçir”, deyə Ukrayna nümayəndəsi qeyd edib.
Qırğızıstan nümayəndəsi də ölkəsində baş verən milli-etnik qarşıdurmanı sosial ədalətsizliklə əlaqələndirib.

Yeri gəlmişkən bildirim ki, “Qarabağ” Azadlıq Təşkilatı iclas salonunun qarşısında Ermənistan nümayəndə heyətinin Bakıya gəlişinə etiraz nümayişi keçirib.

Eyni zamanda, Sosintern nümayəndələri Azərbaycan prezidenti tərəfindən qəbul edilib.

XS
SM
MD
LG