Accessibility links

Yeni tədqiqat soyuq havada üşümə refleksinin bədənə faydasını aşkar edib


Şimal yarımkürəsində hava temperaturu Arktikadan bu əsrdə rekord soyuqlara görə sıfırdan aşağı temperturda qalır. Yeni tədqiqata əsasən, soyuq hava şəraitinin sağlamlığa müsbət təsiri ola bilər.
Çikaqoda havalar soyuq keçir və adamlara küçəyə çıxmamaq məsləhət görülür. Dördüncü aydır qar tufanları və hava temperaturunun sıfırdan aşağı olduğu Çikaqonun sakini Peyc Uorfi deyir ki, bu, onun yadında qalan ən pis qışdır: "Hava elə soyuqdur ki, nəfəs almaq olmur, ağ ciyərlərimi qorumaq üçün ağzımı şərflə örtürəm."

Nə qədər qalın geyimdə olsalar da, çikaqolular soyuqdan titrəyir.

Cell Metabolism jurnalında dərc olunmuş yeni tədqiqat bu qeyri-ixtiyari refleksə həsr olunub. Tədiqata əsasən, titrəyiş zamanı insan bədənində təbii irisin hormonu kalorini yandıran yağı aktivləşdirir.

Bu isə çəkinin itirilməsi ilə nəticələnir. Tədqiqatın müəllifi Virciniya Commonwealth universitetində çalışan doktor Françesko Selidir. O, irisin hormonunun mühüm rol oynadığını qeyd edir: "Həqiqətən də bu yağın əsas funksiyası temperaturu saxlamaqdan ibarətdir, buna görə də bədənin temperaturu vasitəsilə bütün funksiyalar fəal, ya da qeyri-fəal ola bilər."

Françesko Seli ABŞ-ın Milli Səhiyyə institutunda bir qrup tədqiqatçı ilə işləyib. Onlar bədəndə irisin hormonunun idmanla məşğul olan zaman çıxdığını bilirdi. Tədqiqatçı alimlər soyuqdan titrəyən zaman idmanla məşğul olarkən olduğu kimi əzələlərin soyuğa reaksiya verərək açılıb-yığıldığı haqda fərziyyə irəli sürmüşdülər.

Françesko Seli deyir ki, bu, hipotermiyadan öncəki reaksiyadır və bunun həm maddələr mübadiləsi, həm də həyat üçün ciddi nəticələri olur və bu fərziyyənin sübutundan söhbət gedirdi.

Hormon dəyişikliyi və idman etdikcə enerji itirilməsi prosesini müşahidə etmək üçün temperaturun tədricən 12 dərəcə selsiyə endirildiyi şəraitdə ədyal altında uzanan könüllülər üzərində təcrübələr keçirilib. Françesko Seli təcrübəni şərh edir: "Könüllülərin böyük hissəsi 5-10 dəqiqədən sonra titrəməyə başlayırdı. Təcrübədən əvvəl ə sonra onlardan qan götülürdü."

Françesko Seli deyir ki, könüllülərin bədənində irisin hormonu səviyyəsinin qalxdığı müşahidə edilmişdir: "İrisin hormonunun səviyyəsi demək olar ki bir saat idman etdikdən sonra olduğu kimi idi. Bu da hormonun titrəmə nəticəsində artdığı haqda fərziyyəni təsdiq etmiş olurdu."

Françesko Selinn sözlərinə görə, irisin hormonunun yağı aktivləşdirərək, kalorinin yanması ilə nəticələnməsi şəkər xəstəliyi, ya da piylənmə ilə mübarizə məqsədilə yeni dərman preparatlarının hazırlanmasına gətirib çıxara bilər: "Bu, qısa müddətli təsirdir. Biz hələ bu proseslərin uzun müddət üçün təsirlərini bilmirik. Buna görə də bu suallara cavab tapmaq üçün təcrübə aparmaq lazımdır. Biz bunun üstünlüklərini və ayrı-ayrı adamların bundan necə faydalana biləcəyini də hələ bilmirik."
Çikaqo sakini Peyc Uorfi titrəmənin fiziki faydası ola biləcəyinə sevindiyini, lakin məşqçi kimi bunun təbliğ edilməsinə hələ ehtiyatla yanaşdığını deyir. Doktor Françesko Seli razılaşır. Onun fikrincə, tələsik nəticə çıxarmaq lazım deyil. Soyuqdan titrəmə idmanla məşğul olduğu kimi nəticə verməsi hələ o demək deyil ki soyuqda üşüməklə idmanı əvəz etmək olar.
XS
SM
MD
LG