Accessibility links

Srebrenitsa qətliamından 20 il ötür [Video]


1965-ci ilin iyul ayında 11 gün ərzində təxminən 8 min müsəlman kişi və oğlan Bosniya müharibəsi zamanı qətlə yetirilib

İyulun 11-i Bosniya İkinci Dünya Müharibəsindən sonra Avropada baş verən ən dəhşətli qətliamın - Srebrenitsa qətliamınının ildönümünü qeyd edir. 1995-ci ilin iyul ayında 11 gün ərzində təxminən 8 min müsəlman kişi və oğlan Bosniya müharibəsi zamanı qətlə yetirilib. Qurbanların ailələri hələ də iztirab çəksələr də, bəzi ekspertlər deyir ki, 20 il bundan öncə baş verən hadisələr xalqları gələcək münaqişələrin qarşını almağa təşviq etməlidir.

Bosniya xalqının firavan gələcəyi və insanların etnik mənsubiyyətlərindən və dinlərindən asılı olmayaraq birlikdə sülh içində yaşaya biləcəyi bir gələcək yaratmalıyıq

20 il öncə Srebrenitsa qətliamında həyat yoldaşı və oğullarını itirən qadınların yaraları hələ də sağalmayıb.

Şənbə günü qətliamın ildönümü mərasimində bu yaxınlarda təsbit edilən 136 qurbanın qalıqları dəfn olunacaq.

Hadisə zamanı bu qadın həyat yoldaşı və iki oğlunu itirib.

“Biz mühakimə olmadan məhkum olmuşuq. Bizim övladlarımız ölüm və sürgünə, sağ qalanlar isə cəhənnəmdə yaşamağa məhkum olunub.”

Minlərlə insan serb general Ratko Mladiçin başçılıq etdiyi qoşunun Hollandiya əsgərləri tərəfindən müdafiə olunan BMT anklavına daxil olaraq qətllər törətməsi nəticəsində həlak olub.

ABŞ səfiri Stefan Rapp deyir ki, beynəlxalq ictimaiyyət Bosniya və digər yerlərdə etnik gərginliyi azaltmaq üçün tədbirlər görməlidir. O, Vaşinqtonda Amerikanın Səsinin təşkil etdiyi paneldə çıxış edib.

“Düşünürəm ki, biz regionda birlik yaratmalıyıq. Bosniya xalqının firavan gələcəyi və insanların etnik mənsubiyyətlərindən və dinlərindən asılı olmayaraq birlikdə sülh içində yaşaya biləcəyi bir gələcək yaratmalıyıq.”

Kolumbiya Universitetinin professoru Tanya Domi deyir ki, Bosniya müharibəsi uzunmüddətdə ölkənin iqtisadiyyatını bərbad vəziyyətə salıb.

“Dünya Bankının verdiyi məlumata əsasən, rəsmi işsizlik səviyyəsi 40 faizdir, Bosniya gəncləri daxil olmaqla bu rəqəm 60 faiz təşkil edir. Bu, belə davam edə bilməz, insanlar ölkədən qaçır. Biz savadlı insanların Bosniyanı tərk etdiyini görürük. Faktiki olaraq Bonsiyanın gələcəyi ölkədən gedir.”

Ratko Mladiç, eləcə də sabiq Bosniya prezidenti Radovan Karadiç və keçmiş Serbiya prezidenti Slobodan Miloşeviç Haaqa Məhkəməsi tərəfindən müharibə cinayətlərinə görə ittiham olunublar.

Miloşeviç 2006-ci ildə həbsxanada vəfat edib. Mladiç və Karadiç isə hələ də müharibə cinayətləri ittihamları ilə üzləşir. İki yüksək vəzifəli Bosniya serbi daxil olmaqla digər üç şəxs isə soyqırım törətməkdə məhkum olunublar.

Gün gələcək məqsədindən asılı olmayaraq günahsız insanları hədəf alan, bütün bir etnik qrupu məhv etməyə çalışan insanlar ədalət qarşısında cavab verəcəklər

Səfir Rapp deyir ki, Srebrenitsada ədalətin bərpa olunması uzun zaman alsa da, əvvəl-axır bu baş verəcək.

“Gün gələcək məqsədindən asılı olmayaraq günahsız insanları hədəf alan, bütün bir etnik qrupu məhv etməyə çalışan insanlar ədalət qarşısında cavab verəcəklər. Düşünürəm ki, dünya Srebrenitsadan güclü dərslər alıb və biz onları hər gün tətbiq etməliyik.”

Bununla belə, zorakılıqları dananlar da var.

Artıq iki beynəlxalq məhkəmə bunu qəbul etsə də, çərşənbə günü Rusiya BMT-nin bu qətliamı soyqırım adlandıran qətnamə layihəsinə veto qoyub.

XS
SM
MD
LG