Accessibility links

Sərhan Aktopraq: İnsan alveri cinayətkarlarının çox ciddi cəzalandırılması lazımdır


Sərhan Aktopraq: İnsan alveri cinayətkarlarının çox ciddi cəzalandırılması lazımdır

Sərhan Aktopraq: İnsan alveri cinayətkarlarının çox ciddi cəzalandırılması lazımdır

Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndəsi Azərbaycanda insan alverinə qarşı mübarizədən danışıb.

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin layihə rəhbəri Serhan Aktopraq Amerikanın Səsi radiosuna müsahibəsində Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində aparılan işlər, Amerika Dövlət Departamentinin dəstəyi ilə həyata keçirilən beynəlxalq layihələrdən danışıb.

Sual: Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində aparılan işi necə qiymətləndirirsiniz?

Cavab: Beynəlxalq Miqrasiya Təşkilatı insan alveri sahəsində aparılan mübarizəyə töhfə vermək üçün bütün müvafiq qurumlarla, o cümlədən dövlət qurumları, beynəlxalq təşkilatlar, yerli qeyri hökumət təşkilatları ilə birgə fəaliyyət göstərir. Mübarizənin təşkili mütləq surətdə təmin edilməsi lazım olan elementdir. Çünki, insan alverçiləri durmadan yeni metodlar tətbiq edir, yeni yollardan istifadə edir. Əlbəttə, onlara effektiv cavab vermək və insan alverinin bu dəyişən dinamikliyi ilə səmərəli mübarizəni təmin etmək üçün tərəfdaşlığı daim gücləndirmək lazımdır.

Sual: Amerika Dövlət Departamentinin qiymətləndirməsinə görə, Azərbaycanda insan alverinə qarşı mübarizə 2-ci səviyyədən aşağıdadır. Azərbaycan artıq 3-cü ildir ki, 2-ci səviyyədədir. Ölkə nə etməlidir ki, 3-cü səviyyəyə düşməsin?

Cavab: Biz Dövlət Departamentinin insan alveri ilə bağlı hesabatının 2011-ci il nüsxəsinə baxdıqda görürük ki, ölkədə hüquq mühafizə sisteminin gücləndirilməsi, bu istiqamətdə tədqiqatların artırılması, cinayət təqibinin gücləndirilməsi, insan əməyinin istismarının, o cümlədən fiziki durumundan asılı olaraq istismarın qarşının alınması üçün ciddi tədbirlər görülməsi vacibdir. Hesab edirik ki, Azərbaycan Respublikası bunlara çox ciddi əhəmiyyət verməli, ciddi təhqiqatlar aparmalıdır. Cinayət işlərinin təqib edilməsi və cinayətkarların çox ciddi cəzalandırılması lazımdır.

Sual: Azərbaycanda insan alveri ilə bağlı cinayətlərin təqibi beynəlxalq standartlara uyğundurmu?

Cavab: Beynəlxalq standartlar dedikdə, çox yaxşı nümunələr var. Beynəlxalq Miqrasiya Təşkilatı, Amerika Dövlət Departamenti və digər beynəlxalq təşkilatlar birgə çalışır ki, Azərbaycanda da ən yaxşı təcrübələrdən istifadə edilərək ölkənin ehtiyacları ödənilsin. Mövcud insan alveri cinayəti faktları və ya insan alverinə yol açan situasiyalar varsa, bunların aradan qaldırılması üçün ciddi mübarizə təşkil edilsin.

Sual: Azərbaycanda insan alveri cinayətləri sırasında hansı istismar halları daha çoxdur? Cinsi istismar, əməyin istismarı, uşaq əməyinin istismarı və ya digər hansı sahələrdə daha çox cinayət qeydə alınır?

Cavab: Mən yenə, Dövlət Departamentinin 2011-ci il hesabatına diqqəti çəkmək istəyirəm. Burada xüsusilə vurğulanır ki, insanların cinsi istismarına yönələn insan alveri ilə yanaşı əməyin istismarı faktları və bunlara qarşı mübarizənin gücləndirilməsi lazımdır. Xüsusilə əməyin istismarı sahəsində effektiv istintaq prosedurlarının, fəaliyyətlərinin, təhqiqatlarının aparılması və cinayətkarların cəzalandırılması vurğulanıb. Həmçinin hesabatda, insan alveri halları ilə bağlı müddəalar da mövcuddur. Burada da Azərbaycan rəsmilərindən ciddi işlər görmələri, daha doğrusu görülən işlərin daha da inkişaf etdirilməsinin zəruriliyi qeyd edilib.

Sual: Azərbaycan insan alveri sahəsində mənbə, tranzit və ya istifadəçi ölkədir?

Cavab: Beynəlxalq Miqrasiya Təşkilatının Dövlət Departamentinin hesabatlarından və digər mənbələrdən aldığı məlumatlara görə, fikri belədir ki, ölkə həm mənşə, həm tranzit, həm də təyinat ölkəsidir. Amma, burada nəzərə almaq lazımdır ki, bu hal təkcə Azərbaycana xas olan hal deyil, dünyada bir çox ölkə eyni problemləri yaşamaqdadır.

Sual: Beynəlxalq Miqrasiya Təşkilatı və ABŞ Dövlət Departamenti hazırda Azərbaycanda hansı layihələri reallaşdırır?

Cavab: Beynəlxalq Miqrasiya Təşkilatı hazırda Dövlət Departamentinin maliyyə dəstəyi ilə “Texniki dəstək və potensialların artırılması vasitəsi ilə Azərbaycanda insan alverinin qarşısının alınması” layihəsini həyata keçirir. 2009-2010-cu illərdə layihənin birinci fazası reallaşdırılıb. Hazırda ikinci faza həyata keçirilir. Layihənin üçüncü fazası isə 1012-ci ildən həyata keçirilməyə başlanacaq.

XS
SM
MD
LG