Accessibility links

Sərhədsiz Reportyorlar, Amnesty İnternational, Human Rights Watch Cabbar Savalanlının həbsini pisləyir


Sərhədsiz Reportyorlar, Amnesty İnternational, Human Rights Watch Cabbar Savalanlının həbsini pisləyir

Sərhədsiz Reportyorlar, Amnesty İnternational, Human Rights Watch Cabbar Savalanlının həbsini pisləyir

Sərhədsiz Reportyorlar, Amnesty İnternational, Human Rights Watch təşkilatları siyasi həbsləri pisləyən bəyanatla çıxış ediblər. Hər üç təşkilat hesab edir ki, həbslər hakim rejimi tənqid edənləri susdurmaq məqsədi güdür.

“Sərhədsiz reportyorlar” təşkilatı ötən gün narkotik maddə saxlamaq üzrə uydurma ittiham ilə iki il yarım müddətinə azadlıqdan məhrum edilmiş Cabbar Savalanlının barəsində hökmü pisləyib.

Turan agentliyinin məlumatına görə, Savalanlı fevralın 5-də Sumqayıtda həbs olunub və 0,17 qram tiryək saxlamaqda ittiham edilib. “Savalanlı müxalifətə və İlham Əliyev hökumətinin əleyhinə olanlara qarşı yönələn repressiyaların qurbanı olub. Bu gənc vətəndaş günahsızdır və onun həbsi hakim rejimi tənqid edənləri susdurmaq məqsədi güdür”, - deyə təşkilatın bəyanatda bildirilir.

“Sərhədsiz reportyorlar” Savalanlının məhkəmə prosesini işıqlandıran bir neçə jurnalistin saxlanması və döyülməsi faktını da qeydə alıb. Təşkilat bloger Cabbar Savalanlının dərhal və şərtsiz azad edilməsini, sosial şəbəkələrdə fəallara qarşı repressiyalara son qoyulmasını tələb edib.

Digər nüfuzlu beynəlxalq təşkilat - Amnesty İnternational da Savalanlının barəsindəki hökmü pisləyərək saxta adlandırıb. Müxalifətin küçə aksiyalarında iştirakından və Facebook vasitəsilə gəncləri etiraz aksiyalarında iştiraka çağırmasından sonra gənc fəalın izlənməsinə başlanılıb. “Savalanlı küçədə həbs olunduğu zaman onun üzərindən heç nə tapılmayıb. Lakin, sonra polisdə onun cibindən narkotik maddə çıxıb. Bütün bunlar təsdiqləyir ki, ittihamlar saxtadır, həbsin əsl səbəbi onun etiraz aksiyalarına çağırışlar etməsidir, - Amnesty İnternational-ın proqram direktoru Con Dalusen bildirib.

Vaxtilə Eynulla Fətullayev, Qənimət Zahid və onun qardaşı Mirzə Sakit analoji ittihamlarla məhkum olunub.

Human Rights Watch təşkilatı da Savalanlının həbsini pisləyən bəyanatla çıxış edib, bunu tənqidi səslərin boğulması adlandırıb. “Bu cür vəhşi repressiyaların Avropa Şurasının üzvü olan ölkədə baş verməsi şokedici haldır”, - deyə təşkilatın Avropa ölkələri üzrə nümayəndəsi Reyçel Denber vurğulayıb.

O əlavə edib ki, etiraz aksiyalarında fəal iştirak etmiş və son parlament seçkilərində hakimiyyətin saxtakarlığını ifşa etmiş Vidadi İsgəndərli də yaxın vaxtlarda növbəti siyasi məhbus ola bilər.

Vidadi İsgəndərli səsvermə hüququna müdaxilə etməkdə və seçki komissiyalarının fəaliyyətinə mane olmaqda günahlandırılır. O, 2010-cu il noyabr parlament seçkilərində Ağdaş-Göyçay seçki dairəsindən namizəd olmuşdu. Səsvermənin ardınca o, polisə və prokurorluğa səslərin sayılmasında baş verən saxtakarlıqlara dair video dəlillər və başqa sübutlar təqdim etmişdi. Lakin Azərbaycan rəsmiləri onun iddialarını araşdırmayıblar.

Cənab İsgəndərli bundan əvvəl bir dəfə müxalifət askiyasında iştirak etdiyinə görə həbs olunmuş və cəzalandırılmışdı. İkinci saxlanılmadan sonra isə onu buraxmaq əvəzinə rəsmilər ona qarşı yeni ittihamlar irəli sürüblər.

"İsgəndərliyə qarşı yeni ittihamların irəli sürülməsi açıq-aşkar hökumətin onu siyasi fəallığına görə cəzalandırmaq istədiyini göstərir," deyə Reyçel Denber bildirib.

XS
SM
MD
LG