Accessibility links

Sərhədsiz Reportyorlar: Azərbaycanda azad mətbuatın vəziyyəti pisləşir!


Sərhədsiz Reportyorlar: Azərbaycanda azad mətbuatın vəziyyəti pisləşir!

Sərhədsiz Reportyorlar: Azərbaycanda azad mətbuatın vəziyyəti pisləşir!

Təşkilatın Vaşinqton bürosunun direktoru Klotild Le Koz Amerikanın Səsinə müsahibə verib

Sərhədsiz Reportyorlar təşkilatının Vaşinqton bürosunun direktoru Klotild Le Koz Amerikanın Səsinə müsahibə verib. Müsahibədə xanım Le Koz Azərbaycan prezidenti İlham Əliyevin “azad mətbuatın qənimləri” siyahısında yer almasını şərh edir.

Sual: Azərbaycan prezidenti İlham Əliyev yenidən “azad mətbuatın qənimləri” siyahısında yer alıb. Təşkilatınızın verdiyi qərarda hansı faktorlar əsas götürülüb?

Cavab: Əslində, son illərdə Azərbaycanda söz azadlığının durumu pisləşməkdə davam edib. Biz İlham Əliyevin mətbuat azadlığına qarşı addımlarından, müstəqil jurnalistləri və blogerləri repressiyaya məruz qoymasından çox narahatıq.

Sual: Sizin təşkilatınız uzun müddət Azərbaycanı yaxından izləyib. Hüquq pozuntuları sırasında ən bariz nümunələrdən hansı sizdə dərin təəssürat buraxıb?

Cavab: Realnı Azerbaycan qəzetinin redaktoru Eynulla Fətullayevin başına gələnlərə baxın. 2007-ci ildə o, Azərbycan xalqını təhqir etmək ittihamı ilə iki il həbs cəzasına məhkum edildi. Sonradan, o, terrorizm və vergidən yayınma ittihamları ilə səkkiz il yarım azadlıqdan məhrum edildi. İndi isə o, narkotika istifadəsi ilə bağlı ittihamlarla üç il həbs cəzası ilə üzləşir. Bizim fikrimizcə bu ittihamların onun jurnalist fəaliyyətinə heç bir bağlılığı yoxdur. Bu isə onu göstərir ki, Azərbaycan hökuməti onun addımlarını tənqid edən bütün jurnalistləri cəzalandırmağa çalışır.

Sual: Siz mətbuat azadlıqları ilə əlaqədar yaranmış problemlərin aradan qaldırılması üçün Azərbaycan hökumətinin nə etməsini arzulardınız?

Cavab: Müxbirləri məhbəsdən azad edin və onlara öz işlərini görməyə imkan verin! Burada mətbuat hökumətin gördüyü işləri izləyən başqa bir hakimiyyət sütunu hesab olunur. Aydındır ki, Azərbaycanda belə deyil. Azərbaycan prezidenti düşünür ki, mətbuat onun öz fikirlərini ictimaiyyətə çatdırması üçün bir alət olmalıdır. Mətbuatın rolu bu deyil. Biz gözləyirik ki, Azərbaycan hökuməti jurnalistləri azadlığa buraxacaq və onlara öz işlərini görməyə imkan verəcək. Onlar anlamalıdırlar ki, mətbuat azad olmalıdır. Mətbuatın məqsədi yalnız sizi rüsvay etmək və ya tənqid etmək deyil. Onun funksiyası cəmiyyətin məlumatlandırılmasına xidmət edir ki, insanlar daha müdrik qərarlar qəbul edə bilsinlər.

Sual: Sizin təşkilatınızın verdiyi bəyanatlar Azərbaycan hökumətini düzgün istiqamətə yönəltmək üçün kifayət qədər effektivdirmi? Siz bunun hansısa təsirini görürsünüz?

Cavab: Hələ ki, xeyr! Nə qədər ki, təzyiq tətbiq edən qurumlar yalnız insan haqları təşkilatlarıdır, və nə qədər ki, beynəlxalq ictimaiyyət və beynəlxalq təssisatlar bu məsələdən kənar durur, situasiya təəssüf ki, belə qalacaq. Bu hökumət hesab edir ki, beynəlxalq ictimaiyyətin Azərbaycana ehtiyacı var: bu, neftlə zəngin ölkədir, ABŞ-a Azərbaycan lazımdır. Problem ondadır ki, biz insan hüquqları barədə yalnız neftdən söz açandan sonra danışırıq. Əgər biz bu iki məsələni beynəlxalq razılıqlarda birləşdirməsək, situasiya əvvəlki kimi davam edəcək.

XS
SM
MD
LG