Accessibility links

Sərhədsiz Reportyorlar: İran hakimiyyəti azərbaycanlı yazarlarla bağlı duruma aydınlıq gətirməlidir


Azərbaycanlı yazarlar Fərid Hüseyn və Şəhriyar Hacızadə Tehrandan Təbrizə gələn kimi saxlanılıb.

“Sərhədsiz reportyorlar” təşkilatı İran hakimiyyətini mayın 2-də bu ölkədə itkin düşmüş iki gənc azərbaycanlı yazar Fərid Hüseyn və Şəhriyar Hacızadə ilə bağlı baş verənlərə aydınlıq gətirməyə çağırıb. Onların hər ikisi Tehrandan Təbrizə gələn kimi saxlanılıblar.
Bakıdakı mənbələrin məlumatına görə, onlar küçədə avtobusdan düşərkən 8 nəfər mülki geyimli şəxs tərəfindən oğurlanıb.
“Biz narahatıq. İran hakimiyyəti F.Hüseyn və Ş.Hacızadə ilə bağlı duruma aydınlıq gətirməlidir. Biz onların niyə tutulması və 20 gündən artıq saxlanması ilə bağlı açıqlama verilməsini tələb edirik”, - bəyanatda vurğulanır.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Amerikanın Səsi radiosuna bildirib ki, Azərbaycan tərəfi İran hökumətinə və təhlükəsizlik orqanlarına Azərbaycan vətəndaşlarının taleyi ilə bağlı məlumat verilməsi üçün dəfələrlə müraciət edib. “İran tərəfi indiyədək hər hansı rəsmi cavab verməyib. Yalnız, məlum olan kimi Sizə də çatdıracağıq sözlərini deməklə kifayətlənirlər”, - deyə o qeyd edib.

Gənc yazarların Azərbaycan KİV-də və sosial şəbəkələrdə mədəniyyət, sosium, dil və digər mövzularda yazıları dərc olunur. Onlar iranlı yazıçı Bəhram Sürgünün dəvəti ilə bu ölkəyə kitab təqdimatına gedib. Aprelin 29-da Tehranda təqdimat mərasimində iştirak ediblər, mayın 1-də Təbrizə gəliblər.
“Sərhədsiz Reportyorlar” qeyd edir ki, Azərbaycan hakimiyyəti də İran və iranyönlü KİV-də çalışan iki jurnalisti - Anar Bayramlı və Ramin Bayramovu həbs edib. A.Bayramlı “Səhər” telekanalının, digəri isə İslamazeri.az saytının əməkdaşıdır.
Həmçinin hakimiyyət telekanalın sürücüsü Ramil Dadaşovu həbs edib, lakin 3 aydan sonra buraxıb.
“Hər iki ölkə jurnalistlərin girov götürülməsinə son qoymalı, bir-birinə təzyiq üçün onlardan istifadə etməməlidir”, - bəyanatda vurğulanır.

XS
SM
MD
LG